Главная > Maraqlı > 2022-ci il idman sahəsində böyük uğurlar qazanılıb
2022-ci il idman sahəsində böyük uğurlar qazanılıb13-01-2023, 11:02. Разместил: admin44 |
Yola saldığımız 2022-ci il Azərbaycanın idman həyatında daha yadda qalan anlarla əlamətdar oldu, desək yanılmarıq. Təkcə ötən ildə idmançılarımızın beynəlxalq yarışlarda qazandığı 800-dən çox medaldan 300-ə yaxını qızıldır. Mötəbər arenalardakı qələbələrimizin, eləcə də ev sahibliyi etdiyimiz beynəlxalq yarışların göstəricisi Azərbaycanı dünyada yenidən idman ölkəsi kimi, ümumdünya olimpiya hərəkatının ən fəal üzvü kimi tanıtdı. Respublika Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında təkcə bir faktla buna aydınlıq gətirdi: “5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir.” Paytaxtla yanaşı, digər regionlar kimi Masallı rayonunda da olimpiya kompleksi, müasir idman obyektləri istifadəyə verilib, maddi-texniki baza möhkəmlənib. Bütün bunlar idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında, o cümlədən sağlam nəslin formalaşmasında, sakinlərin idmanla məşğul olmalarında müstəsna rol oynayır. Çünki bu prioritet sahə kimi dövlətimizin diqqət mərkəzindədir. Necə ki, tam fiziki hazırlıqlı, vətənpərvər gənclərimiz sayəsində 44 günlük Vətən müharibəsində qalib dövlətə çevrildik. İndi işğaldan azad edilmiş tarixi torpaqlarımızda mötəbər idman yarışlarının təşkilindən ötrü quruculuq işləri aparılır. Əminik ki, yaxın zamanda Şuşa, Zəngilan, Qubadlı və digər rayonlarda fəaliyyət göstərəcək idman cəmiyyətlərinin yetirmələri dünya, Avropa arenalarını fəth edəcəklər. Dövlətimizin başçısı “İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq.” ifadəsini səsləndirərək əlavə etdi ki, sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər. Yüksəliş dövrünü yaşayan Azərbaycan idmanının böyük himayədarı Ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi strateji vəzifələr bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilir. Azərbaycanın idman infrastrukturu ilbəil yenilənir, müasir standartlara cavab verən səviyyəyə çatdırılır, idmanın kütləviliyi artırılır. İdmançıların maddi vəziyyəti, sosial təminatı yaxşılaşdırılır, onların əməyi qiymətləndirilir. 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə cənab İlham Əliyevin Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərini mükafatlandırması, onlara yeni mənzillərin orderlərini təqdim etməsi buna bariz nümunədir. Ölkə rəhbərinin çıxışında “Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var.” fikri bizi əldə edilən uğurlarla kifayətlənməməyə, yeniyetmə, gənc idmançılarımızı növbəti yarışlara daha əzmlə hazırlamağa çağırır. Geridə qoyduğumuz 2022-ci ildə olduğu kimi növbəti ildə də bütün idman növləri üzrə nailiyyətlər əldə etməyə israrlıyıq. Çünki idmanımızın inkişafı üçün açılan geniş üfüqlər, ölkə rəhbərinin çıxışının sonunda “Azərbaycan dövləti hər zaman sizin yanınızda olacaq. Sizin uğurlarınıza bütün xalqımız sevinir, bütün uğurlar yüksək səviyyədə qiymətləndirilir və qiymətləndiriləcəkdir.” ifadəsi Vətənimizin idman şöhrətini daha yüksəklərə qaldıracaq atletlərimizi ruhlandırır, onları yeni nailiyyətlərə, qələbələrə doğru aparır. Sabiq CAHANGİROV, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |