Главная > Maraqlı > Yaddaşımıza yazılan bir faciə
Yaddaşımıza yazılan bir faciə24-02-2023, 18:43. Разместил: admin44 |
Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır . Tarixin elə ağrı-acılı ,qanlı-qadalı səhifələri olur ki,onların dəhşətləri illər ötdükcə üzə çıxır, zaman isə yaralarının sağalmasına məlhəm olmur. Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi də məhz belə soyqırımıdır. Bəli, Xocalı faciəsi mənfur düşmənimizin törətdikləri faciələrin ən dəhşətlisi ,ən müdhişi idi. Bu,bizim qan yaddaşımıza ,qəm yaddaşımıza yazılan bir faciə oldu.Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində misli görünməmiş bir faciə olan Xocalı soyqırımını törətməkdə ermənilərin bir məqsədi var idi."Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarını ələ keçirmək ,xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq".Lakin mənfur düşmən öz niyyətinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış ,Xocalı sakinlərinə sağalmaz yaralar ,mənəvi zərbələr vurmuşdur. Bütün bunlara baxmayaraq xocalılar, hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmişlər. Bəli ,onlar şücaətləri ilə xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə vəhşi erməni dəstələri Rusiya ordusunun Xankəndində yerləşən 366-cı motaatıcı alayının yardımı və iştirakı ilə silahsız və köməksiz Xocalı şəhərinə hücüm etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş , sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açmışlar. Az vaxt ərzində şəhərdə yanğın baş vermiş şəhər tamamilə alova bürünmüşdür. Təpədən- dırnağadək ən müasir silahlarla silahlanmış erməni quldurları bütün gecəni Xocalıya divan tutdular. Bir gecənin içərisində qədim Xocalını yerlə-yeksan etdilər.Bütün bunlarla bərabər şəhərin qəhrəman müdafiəçiləri düşmənə inadla müqavimət göstərirdilər.Düşmənlər şəhərə daxil olduqdan sonra da hər küçə,məhəllə,ev uğrunda döyüşlər davam edirdi.Xocalılar hər qarış Vətən torpağını qəhrəmanlıqla qoruyurdular. O gecə erməni quldurları heç kimə - qocalara,qadınlara,uşaqlara,hətta südəmər körpələrə belə rəhm etmədilər.Qarlı ,şaxtalı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, neçə- neçə insan girov götürüldü,yüzlərlə vətəndaşımız isə azğın erməni qəsbkarlarından qurtulmaq üçün ,heç olmasa əsir düşməmək üçün əliyalın,ac-susuz meşələrə,dağlara səpələnmiş,şaxtadan məhv olmuşlar. Bu soyqırımı bir xalqa ,bir xalqın dininə ,milliyyətinə ,bütövlükdə bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir.Bütün dünyanın , bütün cinayət qanunlarının irqindən, dinindən asılı olmayaraq heç bir bəşər övladının qəbul edə bilmədiyi soyqırmdır. Biz hər zaman bir şüarla yaşamışıq: "Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı dəhşətini heç zaman unutmayacağıq.Bu gün biz qalib gəlmiş, qisasını almış,tapdanmış qürurunu özünə qaytaran xalqıq. Bəli, 44 günlük Vətən müharibəsində təkcə torpaqlarımız azad olunmadı,həm də Xocalı faciəsinin qurbanlarının intiqamı alındı! Aygül Həşimova, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |