Главная > Maraqlı > Masallıda gənclərə xalçaçılıq sənəti öyrədilir
Masallıda gənclərə xalçaçılıq sənəti öyrədilir24-04-2023, 14:59. Разместил: admin44 |
Nənələrimizdən yadigar qalan xalçaçılıq ənənəsi bu gün də davam etdirilir. Peşəkar xalçaçılar ilmələrin sirlərini gənclərə, xanımlara öyrədirlər. Bu sənəti yaşadanlardan biri də Masallı sakini Tünzalə Abuzərovadır. Onun yetirmələri arasında şəhid və qazi ailələri, habelə həssas qrupdan olan xanımlar da var. ömrünün 35 ilini xalçaçılığa həsr edən Tünzalə Abuzərova bu peşəyə 18 yaşında yiyələnib. Görkəmli rəssamlar Lətif Kərimov və Kamil Əliyevin tələbəsi olub. Onun işlədiyi emalatxana 1990-cı illərin əvvəllərində bağlanıb. Son illər ölkəmizdə xalçaçılığa diqqətin və dəstəyin artması xalçaçını ruhlandırıb, onu yenidən bu işə sövq edib. Üç ildir ki, “ABAD”ın dəstəyi ilə öz emalatxanasını quran xalçaçı, eyni zamanda, Uşaq-Gənclər İnkişaf Mərkəzində “Bacarıqlı əllər” dərnəyinə rəhbərlik edir, sənətin incəliklərini gənc nəslə öyrədir: “Bu sənətə maraq məndə orta məktəb illərindən yaranıb. Arzuma 1986-cı ildə çatmışam. Xalçaçılıq məktəbinə daxil olub, bu sənətin incəliklərini öyrənmişəm. 1988-ci ildə xalçaçılıq qrupunu bitirərək Masallıya gəldim, bu işlə məşğul olmağa başladım. 2009-cu ilə kimi bir çox yerdə xalçaçı kimi çalışmışam. Artıq 14 ildir Uşaq-Gənclər İnkişaf Mərkəzində xalçaçılıq dərnəyində bu sənəti gənclərə öyrədirəm. Bu illər ərzində yaxşı nəticələrimiz olub. Şagirdlərimiz bir çox müsabiqələrə qatılıb. Qızlarımızdan Zilan İbadova Azərbaycan-Türkiyə bayrağını zövqlə toxuduğuna görə respublikada birinci yerə çıxıb. Ölkə başçısının tapşırığına əsasən o, Şuşada 3 günlük məzuniyyətdə olub. Hazırda həmin xalça Şuşa muzeyində qorunur. Həmişə arzum olub, bir çox bölgələr kimi, cənub bölgəsinin də xalçalarını toxuyaq. Unudulmağa qoymayaq.” Gənclərin bu sahəyə marağına gəlincə, xalçaçı sinifdə uşaqların sayının artırılmasını istəyir. “Biz ötən illərdə Qarabağ, Şirvan xalçaları toxuyardıq. Bu gün də belə istedadlı şagirdlərimiz var. Böyük həvəslə Mərkəzə gəlirlər. Hətta burada yerimiz az olduğuna görə Masallı Sənaye Məhəlləsində qrupumuz fəaliyyət göstərir. Şərait yaradılsa, xalçaçılıq sənətində bir çox yeniliklər edə bilərik”, - deyə o əlavə edib. Tünzalə Abuzərova xalçaçılıq sənətinin sirlərini şəhid və qazi ailələrinə, həssas qruplardan olan xanımlara da öyrədir. Bu sənəti öyrənən xanımlar qədim el sənətini yaşatmaqla yanaşı, həm də gəlir qazanmaq imkanı əldə edirlər: “Hazırda Masallı Sənaye Məhəlləsində Əlil Sahibkarlar İctimai Birliyinin üzvləri bu sənəti öyrənir. Həmçinin Masallıda bir çox şəhid və qazi ailələrinin üzvləri yanımıza gəlir. Belə ailələrə üstünlük veririk. Həm öyrənirlər, həm də onlara burada təqaüd də ayrılır. Sağ olsun, dövlətimiz, bu sahənin inkişafına dəstək göstərir”. Xalçaçı xanım deyir ki, dərnəkdə əsasən miniatür xalçalara üstünlük verilir. Çünki turistlər arasında kiçik ölçülü əl işlərinə tələbat daha çoxdur. İsmayıl Cəfərli, “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |