Главная > Maraqlı > Əxlaq normalarımız: İnsaniyyət və xeyirxahlıq

Əxlaq normalarımız: İnsaniyyət və xeyirxahlıq


18-11-2017, 09:13. Разместил: yeni321
 
Əxlaq normalarımız

İnsaniyyət və xeyirxahlıq

“Bəşəriyyətin əxlaqi sərvətlərinin qızıl fondunu insaniyyət təşkil edir. İnsan insanın dostu, yoldaşı və qardaşıdır “ prinsipi insaniyyət anlayışının praktik ifadəsidir. İnsaniyyət insana qayğı, həssas münasibət bəsləmək, insan ləyaqətinə hörmətlə yanaşmaq deməkdir. İnsaniyyət insanlar arasında həqiqi bərabərliyi nəzərdə tutur. Vəzifə və mövqedən asılı olmayaraq bütün insanlara eyni münasibət bəslənilməsi insaniyyətin mühüm şərtidir”. Xalq şairimiz, bir neçə dəfə Dövlət mükafatı laureatı, SSRİ Ali Sovetinin deputatı S.Vurğun sadə əməkçi insanlarla dostluq edər, onların ailə üzvləri ilə maraqlanardı. Yaylaqlarda olarkən – dincələrkən adamlarla birgə odun yığar, tonqal qalayıb kabab çəkərmiş. Dahi şair bir dəfə də olsun hərəkətlərilə yüksək mövqeyini hiss etdirməyib. Bu da ölməz şairin dahiliyi, yüksək insanpərvərliyini təcəssümü olan prinsipləri həyata keçirməkdən ibarətdir.
Bir dəfə Sokratdan soruşurlar: İnsanda ən çox nəyi qiymətləndirirsən? Filosof deyir: “İnsaniyyəti”. Bəs insaniyyət deyəndə nəyi başa düşürsən sualına isə mütəfəkkir: “İnsana layiq keyfiyyətləri”. Xeyirxahlıq, insana məhəbbət hissi, qayğıkeşlik və s. müsbət keyfiyyətlər insaniyyət məfhumunun mühüm tərkib hissəsidir.
İnsana xoş münasibət bəslənilməsi onun şəxsiyyətinə və ləyaqətinə hörmətin ifadəsidir. İndi müstəqil, demokratik ölkədə ən mühüm əxlaqi vəzifə insansevərliyin təcəssümü olan prinsipləri həyata keçirməkdən, insanlar arasında münasibətlərdə qarşılıqlı hörmətin təntənəsini təmin etməkdən ibarətdir. İnsana hörmət böyük yaradıcı qüvvədir, böyük dayaqdır, şəxsiyyəti öz gözündə ucaldır, yüksəldir, ona öz qüvvəsinə inam verir. Özünə hörmət olduğunu hiss edən şəxsiyyət öz şərəf və ləyaqətini daha dərindən dərk edib qiymətləndirir və qoruyur. Hörmətə layiq olmaq böyük səadətdir, hörmət edənə hörmət olunur, bu, həyatın obyektiv qanunudur.
Sadəlik, səmimiyyət, hörmətcillik həqiqi böyüklüyün və mənəvi zənginliyin, insaniyyətin ən bariz əlamətidir.
Hörmətcillik insanın daxili mənəviyyatının - mədəniyyətinin, şəxsiyyət bütövlüyünün göstəricisi, ictimai və əxlaqi davranışlarının meyarıdır. Müasir intellektual bilikli və nümunəvi, tərbiyəli gənclər yetişdirmək, onları vətənə sevgi və məhəbbət ruhunda tərbiyələndirmək, maarifləndirmək pedaqoqların, tərbiyəçilərin mühüm zirvəsidir. Əgər bir gənc yaşlı adama küçəni keçməkdə və ya bir şeyi daşımaqda kömək edirsə, bu onun tərbiyəli, mədəni olduğuna dəlalət edir. İnsaniyyətin mühüm keyfiyyətlərindən biri xeyirdə-şərdə iştirak etmək, bir-birinin dərdinə şərik olmaq, çətin anlarda öz köməyini əsirgəməməkdir. Aqillər deyib: “Bədbəxtlər arasında xoşbəxtlik, ağlayanlar arasında şadlıq yoxdur.” Ünsiyyətin ən mühüm əlaməti və təzahür forması xeyirxahlıqdır. Xeyirxahlıq əxlaqi sərvətlərin əsası, insanların birgə yaşayışının təməl daşı, etikanın əsas kateqoriyasıdır. İnsanlara yaxşılıq etməyə çalışmaq, onlarla münasibətdə xeyirxah olmaq insaniyyətin ən vacib şərtidir.
Xeyirxahlıq insanın psixologiyasında və əxlaqi şüurunda vacib amilə çevrilmişdir. Məşhur xeyriyyəçi milyonçu Hacı Zeynalabidin Tağıyev Azərbaycanda bir neçə məktəb, həmçinin qızlar məktəbi açdırmış, milli teatr binası tikdirmiş və yollar çəkdirmişdir. O, “Kaspi”, “Həyat”, “Füyuzad” və s. qəzet və jurnalların nəşrinə, habelə mədəni-maarif işlərinə xeyli pul ayırmışdır.
Azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almasına vəsait sərf etmişdir.
Xeyirxahlıq təmənnasız və minnətsiz olmalıdır. Böyük rus yazıçısı L.N.Tolstoy yazırdı: “Hiylə ilə özünü xeyirxah kimi göstərməkdən pis şey yoxdur.” Filosoflar göstərir ki, insan hər nemətdən doya bilər, amma xeyirxahlıqdan heç vaxt doymaz.
Müstəqil ölkəmizdə insaniyyətin hərtərəfli inkişafına əlverişli şərait yaradılmış, insan ən qiymətli sərvət elan edilmişdir. İnsan insaniyyəti ilə böyükdür, ülvidir.

Sabir ABUŞOĞLU,
AJB-nin üzvü,
Biologiya üzrə fəlsəfə doktoru.шаблоны для dle 11.2
Вернуться назад