Главная > Maraqlı > Üçrəngli bayrağımızın önündə
Üçrəngli bayrağımızın önündə18-11-2017, 15:33. Разместил: yeni321 |
Üçrəngli bayrağımızın önündə - Baba, mənə nağıl danış. - Nə nağıl, ay bala ? - Hmm....nə bilim... məsələn, bu meydana nə üçün Bayraq meydanı deyilir. Niyə bayrağımız belə yüksəklikdə dalğalanır ? -Hə, ay bala, bunun böyük mənası var. Gəl sənə bayraq haqqında bir rəvayət danışım. Keçmiş zamanlarda bir ölkənin Xaqanı qonşu ölkə ilə müharibə şəraitində yaşayırdı. Xain başçısı bu ölkənin torpaqlarını işğal etmək istəyirdi. Lakin xaqan yenilməz ordusu ilə bu işğalın qarşısını şərəflə alırdı. İllər keçir, müharibə bitmək bilmirdi. Bir gün soyuq qış aylarında Xaqan sülh bağlamaq qərarına gəldi. O, istəyirdi müharibə şəraitində olan ölkəsini yenidən dirçəltsin. Ölkə əhalisi əmin-amanlıqda yaşasın. Düşmən ölkənin elçiləri saraya gəldilər. Xaqan sülh şərtlərini onlara bəyan etdi. Lakin elçilər razılaşmadılar. Qəzəblənmiş xaqan onlara öz ordusunu göstərdi. Lakin dedilər ki, onların ordusu daha çoxdur. Xaqan öz xəzinəsini göstərdi. Elçilər yenə sözlərindən dönməyib dedilər ki, onların xəzinəsi daha çoxdur. Xaqan bildirdi onlar öz sülh şərtlərini söyləsinlər. Bu şərtlər çox ağır idi. Müqavilədə şərt belə idi ki, torpaqlarının bır hissəsi onlara verilsin. Təbii ki, Xaqan bu şərtlərlə razılaşmadı və sülh müqaviləsi baş tutmadı. Düşmən elçiləri saraydan çıxıb ölkələrinə qayıdanda güclü tufan dağı-daşı, hər yeri uçurdurdu. Düşmən elçiləri çətinliklə sərhədlərinə yaxınlaşanda qəribə bir mənzərə onları geri dönməyə vadar etdi. Xaqanın qarşısında diz çöküb onun bütün şərtləri ilə razı olduqlarını bildirdilər və özləri üçün ən ağır şərtlərlə sülh müqaviləsini imzaladılar. Təəccüblənmiş Xaqan bunun səbəbini soruşduqda onlar belə cavab verdilər: – Xaqan sag olsun. Biz qayıdanda artıq güclü tufan başlamışdı. Elə bir tufan ki, insan ayaq üstə dura bilmirdi. Hətta ağaclar bu tufana tab gətirməyib şaqqıltı ilə qırılirdı. Biz sərhədinizi geçmək istəyərkən gördük ki, ordunuzun əsgərləri öz sinələrini sərhəddə ucalan bayrağın dirəyinə verib bərk-bərk özlərini ona sıxıblar ki, tufan ona bir xəsarət yetirməsin. Onda biz başa düşdük ki , bayrağını yıxılmağa yox, əyilməyə belə qıymayan bu ordunun əsgərləri vətəni üçün tərəddüd etmədən, canından belə keçər. Mənim balam odur ki, bayrağımız həmişə ən uca yerdə dalğalanır, dost görüb sevinsin, düşmən görüb yasa batsın. Onun üçün hər an canımızdan keçməyə hazırıq. Bu bayraq qürur yerimizdir. Orduya yola düşən, ailə quran gənclərimiz bu bayrağa and içir, əhd-peyman bağlayır. Bu bayraq xalqımızın, dövlətimizin varlığı ilə dalğalanır, onu dünyaya tanıdır. Mənim balam, sən də həmişə bu müqəddəs bayrağa güvən, bu bayrağı qoru. Altı yaşlı uşaq gözlərini Bayraq meydanında ucalan Müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağına zilləmişdi: Gözündə işıq parlayırdı, ürəyi qürurlu idi. Ruhil ALKİŞİYEV, Böyük Xocavar kənd tam orta məktəbinin müəllimi. Вернуться назад |