Главная > Mədəniyyət > Masallıda yeni kitabların təqdimatı
Masallıda yeni kitabların təqdimatı13-03-2019, 20:44. Разместил: yeni321 |
![]() Masallıda yeni kitabların təqdimatı Ağsaqqal sözü, Vətən sevgisi, milli-mənəvi və multikultural dəyərlər... Masallıda rayon Ağsaqqallar Şurasının təşəbbüsü, Mərkəzi Kitabxana Sisteminin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı rayon şöbəsi əməkdaşlarının, ağsaqqal və ziyalıların, yaradıcı insanların iştirakı ilə rayonun ədəbi mühitinin bir neçə nümayəndəsinin əsərlərinin təqdimatı keçirilib. Masallı şəhər Ağsaqqallar Klubunda təşkil olunan tədbirdə yazıçı-publisist Ələşrəf Niftiyevin “Yaxşılığa qoyulmayıb tərəzi...”, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağayevin (Ağa) “Hər görüşdə ayrılıq var...”, qocaman və tanınmış pedaqoq Əlisa Qədiyevin “Kalinovka”, yaradıcı tibb işçisi Rəna Rzayevanın (Əlisaqızı) “Doğma yurdum Kalinovka” kitablarının müzakirəsi olub. Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar şurasının sədri, III dərəcəli “Vətənə Xidmətə görə” ordenli Ələşrəf Niftiyev qeyd edib ki, son vaxtda nəşr olunmuş kitabların əsas leytmotivini milli-mənəvi dəyərlərimizin, gənclərin hərbi-vətənpərvərlik işinin təbliği, Azərbaycanımızın dünyada bəyənilən və qəbul edilən multikultural və tolerantlıq sahəsində müsbət təcrübəsinin genişləndirilməsi, azərbaycançılıq ideologiyasının miqyasına diqqətin artırılması, doğma yurdumuza, ölkəmizin dəyərlərinə layiqli qiymətin verilməsi təşkil edir. Natiq respublikamızda ağsaqqallara, incəsənət nümayəndələrinə, yazıçı və şairlərə verilən yüksək qiymətdən söz açaraq, ölkə Prezidenti tərəfindən son günlər əhalinin rifahının yüksəlməsi yönümüdə atdığı inqilabi addımlardan danışıb, belə bir şəraitdə yazıb-yaratmağa, bacarığını nümayiş etdirməyə yaradıcı insanlarda daha da böyük həvəs oyandığını vurğulayıb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Ələşrəf Niftiyev bildirib ki, Novruz bayramı və poeziya günü ərəfəsində təqdimatına toplaşdığımız bu kitablardakı xatirələr, şeirlər, hekayələr, sənədli yazılar hər bir yazarın torpağa, Vətənə sevgisi, əhatəsindəkilərin məhəbbəti, digər xalqların nümayəndələrinə hörmət-izzətin, yüksək insani hisslərin əks-sədasıdır. ![]() Təqdim olunan əsərlərin əhəmiyyətindən danışaraq, onlar barədə müsbət rəy söyləyən çıxışçılar bu kitabların gənc və yaşlı nəsil nümayəndələri üçün oxunaqlı olacağını əminliklə ifadə ediblər. Müzakirələrdə vurğulanıb ki, tanınmış yazıçı- publisist Ələşrəf Niftiyevin oxucularla növbəti onuncu – “Yaxşılığa qoyulmayıb tərəzi...” kitabı ilə görüşə gəlməkdə məqsədi milli-mənəvi dəyərlərimizin təbliği və qorunmasında xidmətləri olmuş Masallıdan olan ağsaqqalların, habelə bu istiqamətdə səmərəli fəaliyyət göstərən rayon şurasının işindən söz açmaqdır. Kitabda yeniyetmə gənclərə xitabən bu irsi öyrənməyə, aqil və müdriklərdən nümunə götürməyə çağırış ön plandadır. Həmçinin müəllifin təqdim etdiyi son iki ilə qədər müddətdəki qələmə aldığı yazılarında, gənclərə nəsihətdə millətimizi səciyyələndirən azərbaycançılığın fərqləndirici xüsusiyyətlərindən olan yaxşılığa, xeyirxahlığa, mərhəmətə xidmətdə yaşlı nəslin ənənələrini davam etdirmək üçün öyüd-nəsihət, ağsaqqal sözü əsas yer tutur. Müəllif qələm yoldaşları, oxucular yekdilliklə bildiriblər ki, əmək veteranı Ələşrəf müəllim məsul vəzifələrdə qüsursuz çalışdığı bütün zamanlarda gənc nəslin, bütün yazarların himayədarı olub. Elə bunun bəhrəsidir ki, yaradıcı şəxsin qələmə aldığı əksər əsərlərin qəhrəmanları real həyatdan götürdüyü insanlardır. Məhz buna görə də bu əsərlər maraqla oxunur. Qeyd olunub ki, ağsaqqal yaradıcı Əlisa Qədiyev “Kalinovka” kitabında bu kəndin inkişafı yollarında tarixi sübutlara istinad edərək, bütün olanları ustalıqla qələmə alınmışdır. Kitabda əsas yerlərdən birini də Viləş kəndində yaşamış və iki qardaş millətin – molokonlar və azərbaycanlıların 185 il qonşuluq şəraitində birgəyaşayışının tərənnümü tutur. ![]() İki əsrə yaxın yaşı olan bu kəndin dünəni, bu günü, sənət adamları, ziyalıları, eləcə də kəndin etimologiyası haqqında geniş məlumat verən müəllif bu torpağın yetişdirdiyi vətənpərvər qəhrəmanları da unutmur: And içib şəhidləri uyun torpağa, Nurlan sarılaraq odlu silaha, Şahin tək şığıdı qanlı meydana Zərbələr endirdi haqsız düşmana. Hayqırdı yağılar üstünə bir də, İntizar həsrəti qaldı geridə... “Hər görüşdə ayrılıq var...” kitabı haqqında danışılarkən məlumat verilib ki, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağa şeirləri və bədii-publisistik yazıları ilə 1972-ci ildən dövri mətbuatda çıxış edir. Üç tarixi- etnoqrafik, bədii-publisistik və iki şeirlər kitabının müəllifidir. Ötən əsrin 80-ci illərində bu istedadlı insana mərhum xalq şairi Bəxtiyar Vahabzadə “Uğurlu yol” yazaraq, dəyərli fikirlər söyləmişdir. N.Ağa ilə vaxtaşırı əlaqə saxlayan B.Vahabzadə məktublarının birində yazır: “ Şeirlərin çox xoşuma gəldi. Yenidir, orijinaldır. Düşüncən və hissin əsl şair düşüncəsi və hissidir. Belələri az olur, amma olur. Sağ ol təbrik edirəm, sənə uğurlar diləyirəm. ” Təqdim olunan kitabda müəllifin şeir, qəzəl və poemaları ilə yanaşı tanınmış tənqidçilər, filologiya elmləri doktorları Vaqif Yusifli, Akif Hüseynli, eləcə də digər qələm yoldaşlarının Nurməmməd Ağanın yaradıcılığından bəhs edən yazıları yer alıb. Kitabın redaktoru, şairin qələm yoldaşı Əli Nəcəfxanlının dediyi kimi, Nurməmməd Ağanın yaradıcılıq nümunələri sərraf oxucu nəzərlərindən yayınmır. “Təndir Vətəndir”, "Gənclik metrosu" və s. sanballı şeirlər müəllifi kimi tanıdığım bu müəllif indi də əruz vəznində qələmini məharətlə sınayır, türfə qəzəllər yazır... “...Hanı ocaq hənirtisi, ocaq istisi?! Hanı təndir, hanı külfə, hanı o ərsin?! Qovub barıt qoxusunu təndir tüstüsü, Çınqı-çınqı təndirimin külü göyərsin! Vətənə təndir, Vətəndi təndir!” Odu ruzudu, Külü bitəndir! Və ya: “Metroda bir qoca soruşdu mənnən: Necə getmək olar, “Gəncliy”ə, bala?! Dedim:-Qocalıqdan, hələ gəncliyə Metro çəkilməyib, bilirsən, baba?! Baxıb gülümsədi, xəyala daldı, Sonra köks ötürdü, bilsən nə qədər: Dedim:- eh, qocalıq yaxşı olsaydı, Adına bir metro düzəldərdilər... “ ![]() Şairə-publisist bu kitabında kəndin keşmişinə nəzər salıb, “Tənha qadın”, “Alman tipli ev”, “Evin son sakini”, “Hələ də gözləyirlər”, “Yurd sevgisi” hekayəsində, “Ürəyimin səsi” poemasında igid, əməksevər insanların həyatını, yaşam tərzini qələmə alıb. ...”Bənbənövşə”, “Əvvəliydi” oyunumuz, Bərkiyərdi bədənimiz, qolumuz. “Vurdu-qaçdı” oynayardı uşaqlar, Qələbəyçün ucalardı alqışlarş “Çiling ağac” “Xan-vəzir”di oyunumuz, Oynayardıq, vardı dəvə topumuz... Və yaxud da: ...Uzunduraz Olqa vardı mordovan, Rəqs etməkdə verməz idi heç aman. Katib Mila toyumuzda süzərdi, Əlimizdən manatları üzərdi. “Kalinkaydı” ən sevimli mahnısı, Döndərərdi “İnnabı”ya havasın. Fatma xala tez yerindən duradı, Mila ilə qol-boyun oynayardı... ![]() Tədbirdə şairənin nəvələri Fatimə və Zəhra Rzazadələr, Zahidə Oruclu onun şeirlərindən bir neçəsini səsləndiriblər. Müəlliflər tədbirə toplaşanlara minnətdarlıqlarını bildirib, yaradıcılıq planlarından danışıb, yeni şeirlərini oxuyub, kitab nüsxələrini imzalayaraq oxuculara təqdim ediblər. Onlar çıxışlarında diqqətə çatdırıblar ki, bundan sonra da yazacağımız əsərlərdə xalqa, dövlətçiliyimizə xidmət, Azərbaycanımızın uğurlarının dolğun təbliğinə geniş yer verəcək, oxucu rəğbətini qazanmaq üçün daha məzmunlu, oxunaqlı kitablarla görüşünüzə gələcəyik. Sonda təqdimat sahiblərinə - yaradıcı ağsaqqal və ziyalılara rayon ağsaqqallar şurasının və MƏSQVT-nin Fəxri fərmanları təqdim edilib. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |