Главная > Mədəniyyət > Cənub bölgəsinin ən yaşlı sakini 104 yaşında
Cənub bölgəsinin ən yaşlı sakini 104 yaşında7-06-2019, 15:46. Разместил: yeni321 |
Cənub bölgəsinin ən yaşlı sakini 104 yaşındaİyunun 1-də Azərbaycanın cənub bölgəsinin ən yaşlı sakini Mirzadə Cabbarovanın 104 yaşı tamam olub. Bir əsrdən çox yaşı olan Mirzadə Cabbarova hazırda Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayır. Onun ömür yolu da bu dünya kimi keşməkeşli olub. Masallı rayonunun Sığdaş kəndində anadan olan Mirzadə nənə rayonun Kolatan kənd sakini Hətəm Cabbarovla ailə həyatı qurub, 4 oğul və 1 qız uşağı dünyaya gətirib. Oğlu Aşur 7 yaşında, qızı isə körpə yaşlarında dünyasını dəyişib. Mirzadənin kənddə kolxoz sədri işləyən həyat yoldaşı Hətəm Cabbarov evə ikinci arvad gətirdikdən sonra ailədə problemlərin olduğunu görən böyük oğlu Aydın anasını Bakıya, öz yanına aparır. 3 il Bakıda yaşadıqdan sonra Aydın anası ilə birlikdə Lənkəran rayonunun Sütəmurdov kəndinə köçür və tikinti təşkilatında sürücü işləyir. Həmin vaxtdan Sütəmurdov kəndində yaşayan Mirzadə nənənin böyük oğlu Aydın Cabbarov 2011-ci ildə vəfat edib. Ağbirçək nənənin digər oğlanları - Alxas Lənkəranın Sütəmurdov, Əlizadə isə Darquba kəndində yaşayır. Hazırda Mirzadə nənənin 10 nəvəsi, 20 nəticəsi və 5 kötücəsi var. Mirzadə nənə gəlini Gülzardan razılığını ifadə edərək deyib: “52 ildir onunla bir yerdə yaşayıram. Aramızda heç vaxt söz-söhbət olmayıb, həmişə hörmətimi saxlayıb. Böyük oğlumun ətrini ondan alıram. Nəvə və nəticələrimdən isə ən çox Məhəmmədi çox istəyirəm. Həmişə yanımda olur, məni darıxmağa qoymur. Evdə səsimə birinci səs verən Məhəmməd olur. Mənim ad günümü birinci Məhəmməd təbrik etdi”. Mirzadə nənənin valideynləri də uzunömürlü olub. Atası Mirabdulla Ağayev 103, anası Mərziyə isə 108 il ömür sürüb. Mirzadə nənə bu gün də qıvraqdır, səhhətində elə bir ciddi problemlər yoxdur. O, dərmanlarla deyil, türkəçarə ilə müalicə olunduğunu bildirib: “15 yaşından 70 yaşına kimi kolxoz və sovxoz təsərrüfatında çalışmışam. Özüm öz işlərimi görürəm. Yalnız gözlərim zəif görür. Ev işlərində övladlarıma yardım edirəm. Kəndin bütün xeyir-şər məclislərinə gedirəm. Düzgün qidalanıram. Bitki çaylarından, xüsusən də bağayarpağı çayından istifadə edirəm. Ömrüm boyu süd məmulatları ilə qidalanmışam”. Ağbirçək nənə çox ömürlülüyün sirrini özünəməxsus tərzdə ifadə edərək gənclərə tövsiyələrini də çatdırıb: “Ömür Allahın insana bəxş etdiyi paydır, böyük nemətdir. Gərək bu nemətin qədrini biləsən. Cavanlara tövsiyəm odur ki, çox yaşamaq istəyirlərsə, yeməklərinə fikir versinlər, hər nə gəldi yeməsinlər. Sakit həyat tərzi keçirsinlər, pis işlərdən uzaq olsunlar. Xalqımıza isə firavanlıq, xoşbəxt günlər arzulayıram. Mən seyid qızıyam. Allah dualarımı qəbul eyləyər, inşallah”. Вернуться назад |