Главная > Mədəniyyət > Sözün yerə düşməsin... Yeni kitab haqqında mülahizələrim
Sözün yerə düşməsin... Yeni kitab haqqında mülahizələrim1-12-2017, 22:56. Разместил: yeni321 |
Sözün yerə düşməsin... Yeni kitab haqqında mülahizələrim Xəbər verdiyimiz kimi “Xalq Qəzeti"nin bölgə müxbiri, tanınmış jurnalist, şair-publisist Əli Nəcəfxanlının yenicə çap olunmuş “Söz yerə düşməsin” adlı yeni kitabında toplanan şeirləri ilk səhifələrdən oxucunun qəlbinə yol tapır. Əli oxucu ilə “Bir stol arxasında oturub” danışır. Onu tənhalıqdan qurtarmaq üçün sakit-sakit öz dəvətinə başlayır: Tənha çağlarında götür, varaqla, Misralar bəzənib amanla, ahla. Demirəm əzbərlə, yadında saxla, Oxu aradabir, duy şeirləri – təmənnasında olan müəllifin şeirləri ürəyəyatımlıdır, oxucunun arzuları, duyğuları ilə həmahəng səslənir. Şeirlərində özün və yaradıcılığının avtoportretini bər-bəzək olmadan, təbii çəkir: Nə elə mənasız, nə maraqlıdı, Nə də ki, sən deyən təm-təraqlıdı. Elə özüm kimi qaş-qabaqlıdı, Mən yaza bilmirəm toy şeirləri. Əlinin yüksək vətəndaş mövqeyini bütün şeirlərində görürük. “Hesab dərsi” şeirində zaman-zaman itirilmiş torpaqlarımız barədə ürək yanğısı var: Olsa da vətənin sərhədi bəlli, Yaddadı torpağın yarısı yadda... Qəliz məsələdi – üç-dörd əməlli: Vurursan, bölürsən, üstə gəlirsən – Yarısı yaddadır, yarısı – yadda... Şairlər bal arısı xislətlidir. Ürəyəyatımlı misralar həyatın duyğu çiçəklərindən “çəkilir”. Eyni zamanda hər şeir onu yazanın min bir zəhmətindən, Əli demişkən, “taqətdən düşüb, təbdən çıxmasından” sonra yaranır. Bu ömürlük əzab yolçusunun qəlbinin diktəsi: Yarıya bilmirəm ilhamdan, təbdən, Qovrullam bir təşbeh tapana kimi. Düşürəm taqətdən, çıxıram təbdən, Bir beyti yoğurub yapana kimi. Yaxud: Qarmaq qələmimdə duyğulu misra, Çırpınır şeirə yatana kimi. Bir şeirin başına yüz yol dönürəm Şəhdi-şəkərinə batana kimi. Şairin ən böyük uğuru oxucu qəlbinə yol tapmasıdır. Bu mənada Əlini bəxti gətirmiş hesab etmək olar ki, şeirləri oxucu marağı ilə üst-üstə düşə bilir, oxunur, ictimai fikir yaradır, polimikaya səbəb olur. Əli şairliyini xalqa qulluğu kimi dəyərləndirir, bu rütbədə şah olduğu ilə fəxr edir. Kitabda bir-birinin xoş ovqatını, ətrini, dadını davam etdirən oxucu cazibəsində, ürəklərə nüfuzda biri digərindən geri qalmayan şeirlər toplanmışdır. Kitabda “Dünya ögey anamdı”, “Sevgi varsa”, “Nəğmələr”, “Örtülü bazar, dostluğu pozar”, bölmələrində toplanmış şeirlər müəllifin həyatı, duyumu, ətrafında cərəyan edənlərə münasibəti, ilhamının, təbinin məhsuludur. Müəllifin adi həyat həqiqətinə verdiyi məna, obrazlı deyimi, təşbeh əlvanlığı ustadlığından, sənətkarlığından gəlmədir. Bu mənada “Fəsillərim” şeiri ilk baxışdan məni duyğulandırdı. Əlinin lirik məni fəsillərin ovqatını sevdiyinin əhval-ruhiyyəsindən alır. “İl boyu “sən” adlı fəsil yaşaram”, “Üzündə gül açanda baharımdır”, “Bulud kimi dolsan payızdı demək”, “Həlim baxışın ömrümün ən gözəl yayıdır”, “Gözündə qəzəb qığılcımı yananda qış gəlib”... və şeir belə tamamlanır: Dəyişkən havaya öyrəncəliyəm, Gah qarlı düzdəyəm, gah güllü bağda. Məni sinoptiklər bağışlasınlar, Fəsil tanımıram səndən qıraqda. Bu gözəl şeirlərə Ə.Nəcəfxanlının deyimləri də əlavə olunub. Vətən başdan da ucadı, Vətən tacdan da ucadı. vətəndaşdan da ucadı! Həyatdan şütüyüb keçir, Şəkildə qalır zaman... Vəfa vəzifəmdi səni sevməyim, Ölən günə kimi istefası yox!... Özünəməxsus dəst-xətti, sənət yolu olan Əlinin növbəti kitabı oxucuların ixtiyarındadır. İndiyədək sözü yerə düşməyən, publisistikasına, şeirlərinə müntəzir olanlar yəqin ki, bu dəfə də növbəti əsərini maraqla oxuyacaqlar. Rəsul RZAYEV, "Qızəl qələm"çi. "Yeni həyat", www.Yeniheyet.az Вернуться назад |