Главная > Mədəniyyət > Masallıda “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib
Masallıda “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib19-02-2021, 22:21. Разместил: yeni321 |
Masallıda “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib. Virtual tədbirdə muzeyin işçiləri, Bədəlan kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sukutla yad edilib. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva 21 fevral – Beynəlxaq Ana Dili Gününün təsis edilməsi haqda geniş məlumat verib. O, qeyd edib ki, tarixin dərinliklərindən süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası kimi hopan ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib, zənginliyi və ifadə imkanlarının bariz nümunəsi olan sanballı elmi və ədəbi-bədii əsərlər ortaya qoyulub. Bildirilib ki, hələ XIV-XV əsrlərin qovşağında yaşayıb-yaratmış, əsərlərilə təkcə Şərqdə deyil, bütövlükdə dünya ədəbiyyatının inkişafına xüsusi töhfə vermiş mütəfəkkir şair İmadəddin Nəsiminin şeirlərində ana dilimizin bədii imkanları və zərifliyi özünün dolğun ifadəsini tapıb. Bununla yanaşı, ana dilimizə xüsusi status qazandırmış, onu dövlətin rəsmi dili səviyyəsinə yüksəltmiş şair-hökmdar Şah İsmayıl Xətainin həm dövlət başçısı, həm də şair kimi dilimizin inkişafında müstəsna xidmətləri olmuşdur. Ə. Tağıyeva dilimizin bugünkü vəziyyəti və inkişafı istiqamətində görülən tədbirlərdən də bəhs edib. O, vurğulayıb ki, müasir dövrdə dilimizin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu öndərin dövlət başçısı olduğu dövrlərdə Azərbaycan dilinin inkişafı ilə bağlı müntəzəm olaraq Fərman və Sərəncamlar imzalanıb, müvafiq tədbirlər görülüb. Natiq Prezident İlham Əliyevin dövlət dilimizin inkişafına həssaslıq və qayğı ilə yanaşdığını, bu məqsədlə 2004-cü il yanvarın 12-də xüsusi Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bədəlan kənd tam orta məktəbinin direktor müavini Məhbubə Şahbazova çıxışında bildirib ki, milli-mənəvi dəyərimiz, varlığımız və bütövlüyümüzün təcəssümü olan ana dilimizi şagirdlərə düzgün tədris etmək, onun bütün gözəllik və incəliklərini onlara çatdırmaq, məktəblilərin nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək müəllimlərin öhdəsinə düşən vacib məsələlərdən biridir. Muzeyin elmı işçisi Dilgüşə Məmmədova dilimizin dövlət dili statusuna yüksəldilməsini tarixi hadisə olduğunu, bunun dilimizin sonrakı inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Bədəlan kənd tam orta məktəbinin şagirdlərindən İlqarə Şahbazzadə və Şəfəq Qədirova və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər. www.yeniheyet.az Вернуться назад |