Главная > Mədəniyyət > Qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf

Qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf


9-12-2017, 13:09. Разместил: yeni321
 
Qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf

Nekroloq əvəzi... Allah rəhmət eləsin!

Bu, həyatdı. Bu gün varsan, sabah yox. Ölüm haqqı hər kəsin boynuna biçilib. O şey ki həqiqətdi, o şey ki gerçəkdi, əslində, heç ondan qorxmağa da dəyməz. Amma təəssüf ki, çox vaxt biz “öldü” sözünü işlətməkdən çəkinib-qorxuruq. “Respublika” qəzetinin fotoqrafı da öldü. Onun da şəklini həminki yerdən — ölənlərin fotosu asılan divardan asdılar.

   
Rafiq Nağıyev dünyanın, aləmin şəklini çəkirdi. Və bu dünya, aləm dediyimin içərisində nələr vardı, Həyat, insanın arzu-istəkləri, ümidləri, ağlayanın, gülənin, yazanın, pozanın, danışanın, oxuyanın, vuruşanın, döyüşənin şəkilləri. Onları Rafiq Nağıyev zaman-zaman fotoaparatın yaddaşına yığırdı. Onunla yaxınlığım, ünsiyyətim olmasa da, məni tanıyırdı. O, təcrübəli foto-müxbir idi. “Azərbaycan” nəşriyyatında uzaqdan-uzağa bir-birimizə salamımız da vardı. Bir dəfə hansısa bir sənəd üçün şəkil çəkdirməliydim. Dedilər “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun redaksiyasında fotomüxbir həmişə olur. Yuxarı mərtəbəyə qalxdım. Rafiq müəllim məni otağına apardı, onun çəkdiyi şəkli xatirə kimi saxlayıram. 

Bu yazını yazmazdan beş-on dəqiqə öncə Teymur müəllimin yanına getmişdim. Rafiq müəllimi 1959-cu ildən tanıyıram — dedi — ilk dəfə Moskvada jurnalistlərin, yaradıcı insanların toplantısında rastlaşmışıq. 1995-ci ildə “Respublika” qəzetinə baş redaktor təyin olunanda o, “Bakinski raboçi” qəzetində uzun müddət işləyirdi. Eşitdim ki, Rafiq Nağıyevi işdən çıxarıblar. Dərhal onu çağırıb, işə dəvət etdim. O gündən bu günə bizimlə birgə çalışdı. Son bir neçə gündə işə gəlmədiyindən narahat olub evinə zəng vurdum ki, Rafiq müəlim, nə olub sizə?
—Heç, yıxılmışam, ayağım zədələnib—dedi.
Həkim göndərmək istədim, razılaşmadı. Bir gün sonra dünyasını dəyişməyi hamını sarsıtdı.
Teymur müəllim ömrünün yarım əsrdən çoxunu bu sənətə həsr etmiş təcrübəli fotoqraf Rafiq Nağıyev haqqında çox xoş sözlər dedi. Onun tərcümeyi-halı barədə heç nə bilmirdim. Elə ona görə də bir çox mənbələrə müraciət etdim. Və bu mənbələrin birində dünyasını dəyişmiş sənətkarın həyat, ömür salnaməsini qısaca ifadə edə bilən sətirlər qarşıma çıxdı.
“Rafiq Nağıyev 22 Avqust 1935-ci ildə Bakıda anadan olub. 4-cü sinfi bitirdiyi zaman xalası oğlu ona fotokamera hədiyyə etmiş və bununla da kiçik yaşlardan fotoqrafiyaya olan marağı artmışdır. Məktəbi bitirdikdən sonra Bakı Hərbi Kollecinə daxil olmuşdur. “Azərbaycan Gəncləri” qəzetində mətbuat fotoqrafı olaraq işə başlamışdır. Daha sonra “AzTaq” (indiki adı ilə “AzərTac”) ilə əməkdaşlıq etmişdir. Rafiq Nağıyevin Müslüm Maqomayev ilə olan çəkilişləri tezliklə onları dosta çevirmişdir. Onun Şimali Afrikaya olan səyahəti zamanı flora və fauna üzrə etdiyi çəkilişlər ona təbiəti daha da sevdirmişdir. Həmçinin o, dəfələrlə mərhum prezident Heydər Əliyevin də çıxışları zaman çəkilişlər etmişdir. Rafiq Nağıyev 1974-cü ildə World Press Foto üzrə gümüş medala və 1976-cı ildə Amerikanın 200 illik şərəfinə təşkil olunmuş sərgidə qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf olmuşdur. Rafiq Nağıyev həmçinin Moskvada jurnalistika və fotomüxbirlik üzrə ikiillik kurs bitirmişdir”.
Mənbədən iqtibas etdiyim bu sətirlərdə Azərbaycan mədəniyyəti üçün dəyərli bir fakt da diqqət çəkir — “Qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf”. Və bu mükafatın sahibi bizim Rafiq Nağıyevlə qürur duymağa dəyər.
Fikrimin əvvəlində ona “Respublika”nın şəkilçəkəni demişdim. Elə indi anladım ki, təkcə respublika qəzetinin deyil, bütövlükdə Respublikanın, Azərbaycanın şəkilçəkəni, müasir dillə desək, çox peşəkar bir fotoqraf olub Rafiq Nağıyev.
... Rafiq Nağıyev haqqında bu qeydlərimi yaşadığım ani təəssüratın bəhrəsi hesab etməklə yanaşı, bir təəssüf xatirəsi kimi də qiymətləndirmək olar. İnsanın ən böyük qiyməti isə onun həyatı boyu— zaman-zaman yaratdıqlarıdır. Yaradıcı insanın yaratdıqları nəsillərə, millətə, xalqa təlqin etdikləri, əslində, o insanın ömrünün davamıdır. Və bir neçə gün sonra Rafiq Nağıyevin qara haşiyəli fotosunu divardan götürəcəklər. Lakin onun mədəniyyət tariximizdəki izləri, ömürləri əbədiləşdirən fotoları lentə aldığı mənzərələr təcrübəli fotoqrafı mənəvi yaddaşlarda zamanlar içrə yaşadacaq. Milli fotoqrafiya xəzinəsini zənginləşdirəcəkdir.
 
Fariz Çobanoğlu,
"Respublika" qəzeti.
   шаблоны для dle 11.2
Вернуться назад