Главная > Mədəniyyət > Yeni nəşrlər Arif Fərzəli, Bakı, “Adiloğlu”. 2017-ci il, 128 səh. “Tarix kitabı”. BU, ARİF FƏRZƏLİDİR...

Yeni nəşrlər Arif Fərzəli, Bakı, “Adiloğlu”. 2017-ci il, 128 səh. “Tarix kitabı”. BU, ARİF FƏRZƏLİDİR...


18-12-2017, 15:00. Разместил: yeni321
Yeni nəşrlər


Arif Fərzəli, Bakı, “Adiloğlu”. 
2017-ci il, 128 səh. “Tarix kitabı”.


BU, ARİF FƏRZƏLİDİR...

Arif Fərzəli səksəninci illərin o gur şeir axınında ədəbiyyata gəldi. Elə bir dövrdə ki, hər zaman olduğu kimi seçilmək, fərqlənmək, öz məxsusi deyim tərzini, dünyaya, həyata poetik görümünü hifz eləmək o qədər də asan deyildi. "Səksənincilər" sırasında istedadlı cavanlar az deyildi və çox keçmədən onların əksəriyyəti poeziyada etiraf olundular - Adil Mirseyid, Akif Səməd, Əjdər Ol, Əlisəmid Kür, Ramiz Qusarçaylı, Ağacəfər Həsənli, Nisəbəyim, Namizəd Xalidoğlu, Sabir Sarvan, Məmməd İlqar, Zirəddin Qafarlı, Zahid Sarıtorpaq, Adil Cəmil, Saday Şəkərli, Mahirə Abdulla, Akif Əhmədgil, Əbülfət Mədətoğlu imzaları bir ədəbi nəslin formalaşdığını sübut etdi. Onlar şeirləri ilə ədəbiyyatda yeni bir SƏS (əlbəttə, bir nəslin SƏSi) yaratdılar. Eyni ədəbi nəslə mənsub olan bu şairlərin mövzuları bir-birinə yaxın olsa da, yazı tərzi, poetik ifadə üsulu bir-birinə bənzəmirdi. İndi bu nəsil ədəbiyyatımızın öncül sıralarından birini təşkil edir, yaşı altmışa çatan və altmışı təzəcə ötüb keçən bu şairlər artıq keçən əsrin doxsanıncı illərindən etiraf olunmuşlar. Çox təəssüf ki, Adil Mirseyid, Akif Səməd, Sabir Sarvan dünyalarını dəyişdilər, amma təbii ki, ədəbiyyat tariximizdə izləri qaldı.
Arif Fərzəlinin də 61 yaşı var və o, bir gün belə Bakıda yaşamasa da, ömrü-günü doğulduğu kənddə - Masallı rayonunun Xırmandalı kəndində keçsə də, həmin o ədəbi nəslin istedadlı nümayəndələrindən biridir. "Şair üçün əyalətdə, ya Bakıda yaşamağın elə bir əhəmiyyəti yoxdur, təki istedad olsun" fikrini təsdiq edən şairlərdən biri oldu.
Arif Fərzəli Xudakərim Fərzəliyevin oğludur. Xudakərim müəllim cənub bölgəsində tanınan, sevilən ziyalılardan biri idi və təkcə kənd müəllimi kimi deyil, həm də bir şair kimi tanınırdı. Özü də bəhri-təvil ustası kimi. Əlbəttə, "ot kökü üstə bitər" və Arifin də şeirə, sənətə meyl etməsində Xudakərim müəllimin böyük təsiri olub.
Arif Fərzəli kimya müəllimidir, amma Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsini qiyabi bitirib və bununla təsdiq edib ki, o, ədəbiyyata daha ciddi yanaşır.
Arif Fərzəli Vətənini, elini, obasını, kəndini sevən bir şairdir və mənim fikrimcə, hər hansı şair haqqında söhbətə də elə bu nöqtədən başlamaq lazımdır. Təbiət şeiri də, məhəbbət şeiri də bundan sonra gəlir.

Dilinin ucunda
ilk sözün nübarı,
çoxdan gözləyirdim
bu baharı.
Çörək desən-çörəyin olar,
su desən-suyun olar,
ana desən-anan olar.
Amma ilk dəfə
vətən de, qızım!
Vətənin olsun-
çörəyin də olacaq,
suyun da olacaq,
anan da olacaq.

Bu şeiri Arf Fərzəli 31 il bundan əvvəl yazıb və bu 31 il ərzində Arifin şeirlərindən Vətən rayihəsi əksilməyib. Vətəndən yazmaq, təbii ki, onu çılpaq və ritorik, şablon ifadələrlə, yavan-yalxı sözlərlə tərənnüm etmək deyil. Əgər özünü Vətənin bir zərrəsi hesab edirsənsə və həm də şairsənsə, yazdığın şeir də Vətənin adına layiq olmalıdır. Arifin birbaşa tərənnüm, vəsf şeirləri yoxdur, o, həmişə mədhdən, tərifdən qaçıb. Vətənin başına gələn fəlakət, tarixin keçmişində yaşanan kədərli olaylar da düşündürüb onu, uğurlar da. "Qanlı şənbə duası" şeirini oxuyuram və 20 yanvar faciəsi ilə onlarla, yüzlərlə oxuduğum şeirlərdən bircəsinə belə oxşamır bu şeir:

Səni and verirəm öz qüdrətinə,
Müqəddəs adına and verrəm səni!
Bu qəmi-qüssəni çox görmə mənə,
Alma bu kədərin əlindən məni.

Qoy könül dolusu göynəyim bir az,
Qoy dil-dodağımı çeynəyim bir az,
Qanlı köynəyimi iyləyim bir az...

Müasir şeir obrazlar, poetik çalarlar üzərində qurulan şeirdir. Adicə bir tarix kitabında poeziyanın arayıb-axtardığı təkcə hadisələr, vuruşlar, müharibələr, şəxsiyyətlər deyil. Arifin "Tarix kitabı"nda əsas obraz nə qədər təəccüblü səslənsə də Sağ əlin barmaqlarıdır. Bu obraz şeirin özəyinə çökür, assosiativ çalara bürünüb zərrədən tama doğru yol gedir.

Səhifələr cəng meydanı,
sətirləri səngər kimi,
Babəkin
şaqqalanmış qollarına sarı
süründülər
beş yaralı əsgər kimi
sağ əlimin barmaqları.

Mənim çox sevdiyim dahi V.Q.Belinski yazırdı ki: "Poeziya həyatı, bir imkan kimi, yaradıcı surətdə yenidən yaratmaqdır. Buna görə də, o şey ki, həyatda ola bilməz, o - poeziyada da yalandır; başqa sözlə, həyatda ola bilməyən şey poetik də ola bilməz... Poeziya təkcə kitablarda deyil: - O, həyatın öz nəfəsindədir".
Arif Fərzəlinin şeirləri də, həyatdan, yaşadığı mühitdən gələn təsirləri, intibaları əks etdirir. Amma təkrar edim ki, Arifin şeiri o zaman uğurldu alınır ki, orada şeirin mahiyyətini təşkil edən, ona ruh və can verən bədii təsvir vasitələri öz əksini tapır. Baxın:
Uçqunu, daşqını almaz eyninə,
Almaz qayalarla döş-döhə durar.
Buludu, dumanı geyər əyninə,
Bu kənd şimşəklərə soba yandırar.

Bir kənd görünürdü dağ ətəyində,
Qayadan asılan nənniydi bu kənd.
Yığmışdı əlinə çən ətəyini,
Qurşağı noğullu nənəydi bu kənd.

Arif Fərzəli bu günün həqiqətləri ilə yaşayan şairdir. Amma "dövran" şairi deyil, yəni sovet dönəmində olduğu kimi liderlərə, əmək qabaqcıllarına şeirlər həsr etsin. Bu günün şairi son dərəcə mürəkkəb, təzadlı, xaotik dövrümüzün, amma heç vaxt gələcək haqqında ümidimizi itirmədiyimiz çağımızın həqiqətlərini qələmə almalıdır. Bu həqiqətlərin içində "tənha adamın yuxularından" tutmuş divardan asılmış əsgər şəkillərinə qədər, bugünkü toy bazarının milli adətlərimizin üstünə çökməsindən tutmuş qələmin, sözün müqəddəsliyinə qədər hər şeyi taparsan.
Arif yaşadığı o balaca kənddən dünyaya, kainata, Yerə, Göyə, insan cəmiyyətinə, təbiətə boylana bilir. Və onun şeirlərində sevgi əzəblarını da duya bilərsən:

Sağım durub öz solumu qarğıyar,
Kim girdi ki, özüm girdim araya.
Bu ürəyi, bu taleyi yarıya
Böləmmədim bu sevdanın yolunda.

Öz əlimnən qayçılandım bir ömür,
Qamçıladım-qamçılandım bir ömür.
Bir buluddum, damcılandım bir ömür,
Sellənmədim bu sevdanın yolunda.

Nə üstünə çaxa bildim özümü,
Nə üstündən yığa bildim izimi.
Dədə kərəm, külün tutsun gözümü,
Öləmmədim bu sevdanıun yolunda.

Arif Fərzəli bir neçə ildi ki, səs tellərindən əziyyət çəkir, çətin danışır. Amma şeirlərində mən onun gur səsini eşidirəm. Arif pıçıltıyla danışmağı sevmir, şeirlərində də səssizlik, sükunət hiss eləmədim. Amma bunun əksinə qışqırtı, bağırtı da yoxdu. SƏS var, Səda var, həzinliyi də, kövrəkliyi də, etirazı da, sevincini ifadə etmyi də, qəmini bizimlə bölüşməyi də o SƏSdən gəlir. Həyatı, dünyanı, insanları sevir: "Dünya yaşamalı dünyadı elə, Öpüb oxşamalı dünyadı, qardaş" deyir.
Masallının Muğan çölündə-Xırmandalı kəndində, bir ocaq başında, nəvə şirinliyində, isti təndir çörəyinin ətrində... və bir də özü üçün yaratdığı və heç bir zaman ayrıla bilmədiyi şeir dünyasında yazır-yaradır ARİF FƏRZƏLİ.

  Vaqif YUSİFLİ, 
 Filologiya elmləri doktoru, Respublikanın Əməkdar Mədəniyyət 
 İşçisi, “Azərbaycan” jurnalının baş redaktor müavini.

шаблоны для dle 11.2
Вернуться назад