Главная > --- > Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə tədbir
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə tədbir25-02-2022, 17:10. Разместил: admin44 |
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş növbəti - “Qar üstündə qan” adlı tədbir keçirilib. Rayonun Bədəlan kənd tam orta məktəbində təşkil edilən tədbirdə Muzeyin əməkdaşları və adıçəkilən orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. İlk öncə, Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimiz və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhsil müəssisəsinin direktoru A. Mehdiyev çıxışında qeyd edib: “Bu gün keçirilən tədbirdə Vətən uğrunda həlak olanların xatirəsini ehtiramla yad etmək, uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı hadisələri zamanı xalqımıza qarşı törədilən amansız cinayətlər barədə onlara ətraflı məlumatlar vermək məqsədi daşıyır”. Məktəbin direktor müavini Məhbubə Şahbazova şagirdlərə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar və digər təbliğat vasitələri barədə məlumat verib. Sonra çıxış edən Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində bugünədək müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş çoxsaylı anım tədbirləri keçirilib, geniş təbliğat-təşviqat işləri aparılır. Kampaniya nəticəsində 17 ölkənin qanunverici orqanı və ABŞ-ın 24 ştatı tərəfindən Xocalı faciəsinin rəsmi olaraq soyqırım kimi tanınması ilə bağlı müvafiq parlament qətnamələri qəbul edilib. Daha sonra Muzeyin əməkdaşı Çingiz Qurbanov Xocalı soyqırımı barədə geniş məruzə ilə çıxış edib. Ç. Qurbanov deyib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri əliyalın Xocalı əhalisinə qarşı soyqırım törədiblər. Həmin gecə mənfur düşmən Xocalı şəhərini yerlə-yeksan edib, abidələrimiz isə erməni vandalizminin qurbanı olub". Məktəbin tarix müəllimi Ceyhun Fəttayev bildirib ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində Zəfərlə başa çatdı. Sonda tədbir iştirakçıları şagirdlərin hazırladıqları “Xocalı harayı” adlı bədii kompozisiyaya, Xocalı faciəsindən bəhs edən videoçarx və fotosərgiyə tamaşa ediblər. Əlihüseyn Şükürov www.yeniheyet.az Вернуться назад |