Главная > Siyasət > Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabatı
Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabatı31-01-2019, 07:50. Разместил: yeni321 |
Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabatı İşgüzar qüvvələr birləşməlidir Yanvarın 30-da Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun Ərkivan ərazisində səyyar-qəbulu və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı oldu. RİHB-nin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyev 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələri barədə hesabat məruzəsində bildirdi ki, ərazi Ərkivan qəsəbəsini və Allahyarlı yaşayış massivini əhatə edir. Qəsəbənin ümumi sahəsi 2315 hektar, əhalisinin sayı 16970 nəfər, təsərrüfatların sayı 4345 olmaqla 3642 fərdi yaşayış evi və 2 ümumi yaşayış binası vardır ki, burada 48 ailə yaşayır. 4 tam orta, 1 ümumi, 1 ibtidai məktəbdə 2188 şagirdin təhsililə 224 müəllim məşğul olur. 2017-2018-ci tədris ili üzrə 208 məzundan 40-ı ali və orta ixtisas məktəblərinə daxil olub. 1 nömrəli tam orta məktəbin məzunu İradə Fəttayeva 672 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Arzu Əliyeva orta məktəbi əla qiymətlərlə bitirdiyinə və respublika ədəbiyyat biliciləri müsabiqəsində birinci yeri tutduguna görə qızıl medalla təltif edilib. Qəsəbədə 4 qrup üzrə 90 yerlik uşaq bağçası fəaliyyət göstərir. Hazırda 2 qruplu bağçada 40 uşaq tərbiyə alır. Bağçanın maddi- texniki bazası əsaslı şəkildə gücləndirilmiş, dövlət tərəfindən 6000 manat dəyərində təmir bərpa işləri görülüb. Qəsəbə sağlamlıq mərkəzinin stomotoloji, genekologiya, peyvənd, manipulyasiya, terapevt-pediator otaqlarında 4 həkim, 4 mama, 2 feldşer, 6 tibb bacısı əhaliyə xidmət göstərir. İdmançılarımız güləş, boks, futbol və valeybol üzrə keçirilən rayon və respublika yarışlarında müvəffəqiyyətlə iştirak edirlər. Bu il ənənəvi olaraq Masallı Olimpiya İdman Kompleksində rayon icra hakimiyyətinin, qəsəbə ərazi nümayəndəliyinin təşəbbüsü, Sankt-Peterburqda yaşayan həmyerlimiz, iş adamı Məşkur Qasımovun sponsorluğu, gənclər və idman nazirliyinin, güləş federasiyasının dəstəyilə Əməkdar məşqçi, SSRİ idman ustası Nadir Ağayevin xatirəsinə həsr edilmiş Yunan-Roma güləşi üzrə respublika turniri keçirilib. 11-13 yaş qruplarında çıxış edən futbolçularımız zona yarışlarında 1-ci nəticə göstəriblər. Mədəniyyət evində 2 qrup üzrə rəqs dərnəkləri və güləş idman növü fəaliyyət göstərir. Ötən əsrin əvəllərində inşa edilmiş Mədəniyyət evinin əsaslı təmirə və lazımi avadanlıqlarla təmin edilməsinə ehtiyac var. Masalli-Yardımlı yolunun qəsəbədən keçən hissəsində yol infrastrukturu yenidən qurulub. Yolun hər iki tərəfində piyada səkiləri düzəldilib, yeni asfalt örtüyü vurulub, işıqlanma sistemi yenidən qurulub. Qəsəbədə 161 kilometr su və kanalizasiya sistemi qurulub. 40 kilometr yeni qaz xətti çəkilib. 5 il ərzində qəsəbə küçələrinə 4200 metr asfalt döşənib. Ərkivan-Boradigah istiqamətində 1 kilometr məsafədə işıqlandırma sistemi quraşdırılıb, piyada yoluna asfalt vurulub. Məşqur Qasımov və digər iş adamlarının dəstəyilə 100.000 manat dəyərində Həsənəkücə mərasim evi tikilib istifadəyə verilib, sakinlərin köməyilə Zeynoba küçəsində mərasim evinin tikintisi davam edir. Ərkivan- Boradigah, Ərkivan-Qəriblər istiqamətində abadlıq işləri görülüb. 5 saylı ümumi orta məktəbin dam örtüyü tam yenidən qurulub. 955 hektar pay və icarə torpaq sahələrində 2018-ci ildə 305 hektar buğda, 15 hektar arpa, 33 hektar vələmir əkilib. Tərəvəzçiliyin inkişafındakı irəliləyiş nəzərə çarpacaq dərəcədə deyil. 55 hektarda müxtəlif növ tərəvəz becərilib. 1 hektardakı istilikxanada ilboyu xiyar, pomidor yetişdirilir. Çoxillik bitkilərdən 2 hektarda kivi, 2 hektarda feyxoa yetişdirilir. 4 hektar sarımsaq, 1 hektar çiyələk, 4 hektar çəltik, 17 hektar noxud əkilib. Yaz əkini üçün 30 hektar qış şumu vurulub. Bu il çəltik əkinini 6 hektara çatdırmaq, baramaçılığı inkişaf etdirmək nəzərdə tutulur. Ötən il qəsəbə sakini Nazim Nəsirov 40 qram barama saxlayaraq bir ay ərzində 77 kiloqram barama təhvil verib, 693 manat gəlir əldə edib. Bu il 80 qam barama saxlamaq planlaşdırılır. 18 fermer 420 arı ailəsinə xidmət göstərir. Əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların iş yerlərilə təmin olunmasında qəsəbədə fəaliyyət göstərən 2 kərpic zavodu, 3 yanacaqdoldurma məntəqəsi, 9 plastik pəncərə sexi və 80-ə yaxın digər ticarət, istehsal sahələri xususi əhəmiyyət daşıyır. Ərazidə elektrik enerjisindən istifadə edən 2956, təbii qazdan istifadə edən 2785 abonent var. Qəsəbədə 163 kilometr yeni qaz kəməri çəkilməlidir ki, hazırda 40 kilometri çəkilib. Mədəniyyət evinin,1 saylı tam orta məktəbin əsaslı təmiri, 3 saylı tam orta məktəbin tikilməsi, daxili yolların təmiri və işıqlandırılması, 1000 metr ərazidə su aparıcı kanalların təmizlənməsi, bütün əraziyə içməli su və kanalizasiya sistemlərinin çəkilməsi və s. 2019-cu ildə görüləcək işlərimizdəndir. Müraciətlərin baxılması vəziyyəti barədə ətraflı məlumat verən Ərkivan qəsəbə ərazi nümayəndəsinin müavini Əhməd Əhmədov bildirdi ki, sakinlər tərəfindən respublikanın müxtəlif yuxarı rəhbər orqanlarına 151 müraciət ünvanlanıb. Hesabat ilində nümayəndəliyə müxtəlif təşkilatlardan 33 sənəd-məktub daxil olub, ayrı-ayrı təşkilatlara 173 sənəd məktub göndərilib. Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar-qəbulu keçirildi. Öncə rayon rəhbəri sakinlərin təklif və müraciətlərini dinləməyi üstün tutdu. Qəsəbə Ağsaqqallar şurasının sədri Şərafət Əzimov, təqaüdçü Firdovsi Abbasov, ağsaqqallar Yusif Həsənov, Elxan Məmmədov, qəsəbə sağlamlıq Mərkəzinin müdiri Füzuli Qurbanov rayonda, qəsəbədə görülən işlərə görə ölkə və rayon rəhbərinə minnətdarlıq ifadə etdilər, qəsəbədaxili yolların asfaltlanması, 1 saylı tam orta məktəbin təmiri, 3 saylı tam orta məktəbin tikilməsi, çürümüş elektrik dirəklərinin dəyişdirilməsi, Asif Cavadov payıbəlli torpaq sahəsinə yolun olmaması, Ziyafət Əsgərov avtoqəzaların qarşısının alınmasından ötrü qəsəbənin mərkəzi yolunda yerüstü piyada keçidi və ya işıqforun qurulması, Sadif Mehdiyev qaz borcu və s. məsələlərlə bağlı müraciət etdilər. Çıxışında ölkə rəhbərinin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı nitqinin əsas tezislərinə toxunan RİH başçısı Rafil Hüseynov Masallıda iqtisadiyyatın və əhalinin məşğulluğu sahəsində Prezident cənab İlham Əliyevin imzaladığı qərar və sərəncamların əhəmiyyətindən bəhs etdi. O, dedi: —Rayonumuzun inkişafına təkan verəcək layihələr yönümündə mühüm işlər görülüb və davam etməkdədir. Rayonda qazlaşdırma 97 faiz həyata keçirilib, 12 kənd qalıb. Bu il 100 faizə çatacaq. 2012-ci ildə isə bu rəqəm 22 faiz idi. Ərkivanda da növbəli şəkildə ikipilləli sistemlə köhnə qaz xətləri təzələnir. Rayonda kəndarası yolların asfaltlaşdırılması işləri 85 faizə çatıb. Son günlər Masallı şəhərinin 20-ə yaxın küçəsi asfaltlanıb. Vaxtaşırı Ərkivanın da qalan küçələri asfaltlanacaq. Bu il qəsəbənin Boradigah və Qəriblər istiqamətindəki yol səkilərinin və işıq sistemlərinin qurulması davam edəcək. Bu gün ərazinin əksər hissəsində su-kanalizasiya sistemindən istifadə olunur. Masallı RPEŞ ölkənin ən böyük elektrik şəbəkələrindəndir. Elektrik stansiyasının Ərkivana yaxın ərazidə olması burada SİP kabelləşmənin tez və itkisiz başa çatmasına kömək edir. Fevralın 10-dan bu qəsəbədə layihənin davamına başlanılacaq. İlkin mərhələdə uzaq kəndlərdə bu işlər həyata keçirilir. Boradigah da daxil olmaqla artıq 22 yaşayış məntəqəsində elektrik təsərrüfatı tam yenidən qurulub. Əhalinin sayına görə bir çox rayondan böyük olan Ərkivan qəsəbəsində problemin olması labüddür. Dövlət yolundan fərqli olaraq daxili yollar bələdiyyə hesabına təmir olmalıdır. Odur ki, büdcənin formalaşması üçün torpaq və əmlak vergiləri vaxtında ödənməlidir. Tanınmış iş adamlarının, imkanlı adamların köməyindən ağsaqqalların, nüfuzlu insanların vasitəsilə yararlanmaq lazımdır. Adı çəkilən məktəblərin təmir və tikintisi gündəmdədir. Aidiyyəti qurumlara müraciətlər olunub. Torpaq əkilmirsə kəndçinin nəyinə gərəkdir? Vaxtilə bu ərazi faraş tərəvəzi ilə tanınıb. Rayon rəhbəri sakinlərin təklif və xahişlərinin nəzərə alınacağını qeyd etdi, bəzi məsələlərin həllilə bağlı əlaqədar təşkilat rəhbərlərinə tapşırıqlar verdi. Sonda ərazi nümayəndəliyinin hesabatı qənaətbəxş hesab olundu, qərar qəbul edildi. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |