Главная > Siyasət > Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov Masallı rayonundakı Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində anıldı
Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov Masallı rayonundakı Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində anıldı15-07-2019, 15:59. Разместил: yeni321 |
Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsi Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində ehtiramla anıldı Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov onun adını daşıyan Masallı rayonundakı Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində anılıb. Kəndin Şəhidlər parkında Milli Qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Sonra məktəbdə davam edən tədbirdə Dövlət Himni səslənib, Milli Qəhrəman E.Əhədovun və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordenli Mehdi Mehdiyev qəhrəmanın həyat və döyüş yolundan danışıb. Dövlətimizin Milli Qəhrəmanlar, torpaqlarımız uğrunda şəhid olanların ailələrinə qayğısından danışan natiq bildirib ki, Elşad Əhədovun anım və doğum günlərinin hər il ictimaiyyət tərəfindən qeyd edilməsi, onun xatirəsinin əbədiləşdirilməsi bu qayğının nəticəsidir. Sonra E.Əhədovun tələbə yoldaşı Mehdi Mehdiyev Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbinin 50 illiyi medalını Milli Qəhrəmanın oğluna təqdim edib. Milli Qəhrəmanın kursant yoldaşları – İctimai Birliyin sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Ariz Məmmədov, polkovnik-leytenant Adil Ağayev, ehtiyatda olan mayor Valeh İmanov, döyüşçü dostları - Maşalla Əliyev, Camaləddin Məmmədov Elşad Əhədovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açaraq erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildiriblər. MƏSQ veteranlar təşkilatı Masallı şöbəsinin sədri Məmmədağa Şiriyev, SHXÇ DX Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyev, şair Qəni Bəxtəvər, Milli Qəhrəmanlar Birliyinin sədr müavini, E.Əhədovun sinif rəhbəri olmuş Yavər Yusubov çıxış edərək igid həmyerlilərinin döyüş şücayətindən söz açıblar. Natiqlər Milli Qəhrəmanın minlərlə insanın qürur hissi olduğunu bildirərək şagirdləri Elşad kimi vətənpərvər olmağa çağırıblar. Milli Qəhrəmanın oğlu Elşən Əhədov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Sonda Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə Milli Qəhrəmana həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub. Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədov 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açıb. 1975-ci ildə burada birinci sinifə gedib, 1982-ci ildə yeddinci sinifi bitirib, C.Naxçıvanski adına Hərbi litseyi, sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbini bitirib. 1989-cu ildə baş leytenant rütbəsi alır və təyinatla Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilib. Gənc zabit bir müddətdən sonra doğma Vətənə dönüb. Əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərib. O, erməni işğalçılarının Azərbaycan torpaqlarına hücumundan hiddətə gəlmişdi. Bir komandir kimi qazandığı hərbi təcrübəni öz xalqının bu təcavüzdən qorunmasına sərf etmək istəyirdi. O, döyüş bölgəsinə üz tutur. Gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayır və sonra bu yol Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya keçir. Elşad Əhədov Beyləqanın müdafiəsində böyük rəşadət göstərir. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv edilir. Son döyüşü 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyi uğrunda olur. Onun rotası hücuma keçir. Sayca iki dəfə çox olan erməni quldurları hücumun qarşısını almaq üçün güclü sədd yaradırlar. Qeyri-bərabər döyüşdə o, ağır yaralanır. Həkimlərin cidd-cəhdinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur… 11 dekabr 1993-cü ildə o, gözlərini əbədi yumur. Ailəli idi. İki uşağı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təzə Alvadı kəndində dəfn edilmişdir. Kənd tam orta məktəbi və parkı qəhrəmanın adını daşıyır. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |