Главная > Siyasət / Manşet > Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edirlər
Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edirlər28-08-2017, 15:25. Разместил: yeni321 |
AZƏRTAC “Moskva-Baku.ru” informasiya portalına istinadla xəbər verir ki, rusiyalı siyasətçilər, mədəniyyət xadimləri, tanınmış teleaparıcılar və ictimai xadimlər bu əlamətdar gün münasibətilə Mehriban Əliyevanı təbrik edirlər. Rusiyanın mədəniyyət naziri Vladimir Medinski təbrik məktubunda yazır: “Mehriban Arif qızı Rusiyada mədəniyyət işçiləri və mədəniyyət xadimləri arasında böyük hörmət qazanıb. Hamı onu təkcə Azərbaycan Prezidentinin xanımı və ölkənin ali vəzifəli şəxslərindən biri kimi deyil, həm də mədəniyyət məsələlərinə dərindən bələd olan və mədəni proseslərə təəssübkeşliklə yanaşan bir insan kimi tanıyır. Tretyakov qalereyasında “Abşeron ulduzları” sərgisində yaranmış izdiham, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə bizim birgə tədbirlərimiz, Mehriban Arif qızının himayəsi altında keçirilən Rostropoviç müsabiqəsi – bütün bunlar Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində yaranmış yaxşı, səmərəli və məhsuldar münasibətlər mozaikasında yalnız kiçik elementlərdir. Bu elementlər həm də Mehriban Arif qızının himayədarlığı sayəsində bu dərəcədə parlaq və uğurlu olub”. Vladimir Medinski Azərbaycanın Birinci vitse-prezidentinə bundan sonra da bu cür xoşniyyətli, məsələlərin təfərrüatına varmağı bacaran, xeyirxah, səmimi insan, Rusiyanın, Azərbaycanın, Qafqazın çoxsaylı mədəniyyət xadimlərinin əsl hamisi kimi qalmasını arzu edib. Tanınmış teleaparıcı Evelina Zakamskaya Azərbaycanın Birinci vitse-prezidentinə ünvanlanmış təbrikində yazır: “Sizə, ilk növbədə, qadın, ana və ailə xoşbəxtliyi arzu etmək istəyirəm. Ona görə ki, qadın yalnız bu halda həqiqətən xoşbəxt olur və yalnız xoşbəxt insan ətrafdakılara nur, şəfqət və sevinc bəxş edə bilər. Siz isə bütün bunları Azərbaycan xalqı ilə bölüşürsünüz”. “Spravedlivaya Rossiya” Partiyasının lideri Sergey Mironov Azərbaycanın birinci xanımına ünvanlanmış təbrikində vurğulayır: “Mehriban Əliyeva ilə görüşmək nəsib olmuş insanların hər biri onun səmimiyyətini, erudisiyasını, problemlərin optimal həllini axtarmaq səyini qeyd edir”. S.Mironov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və tutduğu yüksək vəzifədə uğurlar arzulayır. Yazıçı Aleksandr Proxanov Mehriban Əliyevanın ağlına, incə mühakimələrinə və səmimiyyətinə heyran olduğunu bildirir. Məşhur yazıçının təbrik məktubunda deyilir: “Şübhə etmirəm ki, bu qədər yüksək dövlət vəzifəsi tutmaqla bərabər, Siz çətin vəziyyətlə üzləşmiş insanların imdadına çatmağa, sənətkarları ruhlandırmağa və həvəsləndirməyə, mübahisəli məsələləri sülhpərvərliyiniz, kompromis və təmkinliliyiniz sayəsində həll etməyə vaxt tapırsınız. Bu gün Sizə müraciət edərkən Sizin ecazkar ölkəni, Sizin lacivərd dənizi, Sizin bərəkətli bağları xatırlayıram. Mən Azərbaycanı müəyyən mənada həm də öz Vətənim hesab edirəm. Mən molokanlardanam, Azərbaycandakı İvanovka kəndi mənim ulu vətənimdir. Sizə böyük uğurlar və ruh yüksəkliyi arzu etmək istəyirəm”. Müğənnilər Kristina Orbakayte və Vera Brejneva, İslam Biznes Assosiasiyasının prezidenti Marat Kabayev, teleaparıcı Angelina Vovk, Böyük Teatrın baş direktoru Vladimir Urin də Azərbaycanın Birinci vitse-prezidentinin ünvanına təbriklər göndəriblər. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski təbrik məktubunda Azərbaycanın birinci xanımının bioqrafiyasının parlaq səhifələrini qeyd edərək yazır: “Hazırda Mehriban Əliyeva Azərbaycanda ikinci şəxsdir. Onun üzərinə millət, xalq üçün böyük məsuliyyət düşür. Hətta güclü kişilər də həmişə bu cür yükü daşıya bilmir, xanım Əliyeva isə bu yükü özünəməxsus məharət və bacarıqla daşıyır, eyni zamanda, bu cür qayğıkeş və başqalarının ehtiyaclarına həssas insan kimi qalır. Bəlkə də bu, onun daxili qüvvəsi, gözəl ailəsi və qüsursuz bioqrafiyası, bircə dəqiqə belə boş vaxtı olmayacaq həyat sürməyə hazır olması ilə bağlıdır”. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edərək onun dünya arenasında Azərbaycanın mövqelərinin gücləndirilməsinə, respublikanın çoxdankı strateji tərəfdaşı olan Rusiya ilə dostluq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş çoxşaxəli fəaliyyətindən danışır. Rusiya siyasətçisinin təbrik məktubunda deyilir: “Sizin şəksiz hərtərəfli istedadınız, qeyri-adi iradəniz və heyrətamiz intuisiyanız Sizi zəmanəmizin ən erudisiyalı siyasətçilərindən birinə çevirir, istər Azərbaycanda, istərsə də bütün dünyada uğurlu qadınların çoxu Sizdən nümunə götürür”. Вернуться назад |