Главная > Siyasət > MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR

MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR


8-08-2020, 12:03. Разместил: yeni321

8 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradılıb və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil olub
 
Respublikanın cənub-şərqində Xəzər dənizi ilə Talış dağları arasında yerləşən Masallı rayonu Azərbaycanın ən səfalı və füsunkar guşəsidir. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.
Masallının çox qədim tarixi var. Aparılan arxeoloji qazıntılar, elmi və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Böyük Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanovun «Gülüstani-İrəm» (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun «Cavahirnameyi Lənkəran» (1869), salnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun «Əxbarnamə» (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının yol xatirələrində və qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar verilmişdir. «Masallı» coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmiş, tarixi mənbələrdə bu toponim «məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər» mənasında səciyyələndirirlər. Masallı sözünün «Mosullu» sözündən yaranmasını ehtimal edənlər də var. Toponimika ilə məşğul olan alimlərimizdən R. Yüzbaşov və Ş. Sədiyevin birgə yazdığı «Azərbaycanın coğrafi adları» kitabında «Masallı-Masal nəslinə mənsub» şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru Nadir Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın «Masal» əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, «Masallı» toponimində «Masal» yer, ərazi, «lı» isə məkan bildirən şəkilçidir. Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından talış xanlığının tərkibində olmuşdur.
XIX əsrin ortalarında – 1920-ci ilin əvvəllərində sovetləşmə başlandıqda ilk dəfə 15 qəza və bu qəzaların tərkibində dairələr yaradılıb. Bunlardan cənub bölgəsində Lənkəran qəzası və Lənkəran qəzasının tərkibinə daxil olan Masallıda iki, Lənkəranda iki, Cəlilabadda üç dairə var idi. Masallıda olan iki dairənin biri Masallı, digəri isə Boradigah dairəsi idi.
“Ərkivanın salnaməsi” (müəllif Abdurrəhman Səmədov) kitabında yazılır ki, 1920-1930-cu illərdə dairə komitəsi lənkəranlı Mütəllim Məmmədov (1921-1924) və Nəsir Haqverdiyev (1925-1928), bakılı Zəhra Kərimova (1929-1930), Dairə İcraiyyə Komitəsinin sədrləri isə boradigahlı Soltanağa Zülfüqarov (1925-1924), bakılı Cəfərzadə (1925-1928) və Ələsgər Əliyev (1928-1930) olmuşdur.
1930-cu ildə qəzalar və dairələr ləğv edilib, o cümlədən Lənkəran qəzası ləğv edildikdən sonra onun əvvəllər əhatə etdiyi bölgədə Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonları yaranıb.
8 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradılıb və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil olub.
1930-cu ildə Dairə İcraiyyə Komitələri Rayon Partiya Komitələri ilə əvəz edildikdən sonra Minşiyev (Bakılı, yəhudi olsa da Azərbaycan dilini yaxşı bilib) Masallı Rayon Partiya Komitəsinin birinci katibi (1930-933-cü illərdə) təyin edilib.
 
“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад