Главная > Siyasət > Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov

Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov


17-12-2020, 22:05. Разместил: yeni321
Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov
 
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının bir qrupu yüksək dövlət mükafatları ilə təltif olunublar. Onların arasında mayor Novruzov Anar Gülverdi oğlunun da adı var. O, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qarabağ müharibəsində Aprel qələbəsinin davamı kimi İyul döyüşlərindən sonra da Azərbaycan xalqı, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız bir daha milli birlik, ordumuza, əsgər və zabitlərimizə həmrəylik nümayiş etdirdi.
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində şəhid olmuş hərbi qulluqçumuz Novruzov Anar Gülverdi oğlu iyulun 14-də Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Aprel və İyul döyüşlərinin qəhrəmanı Anar Novruzov 1976-cı il mayın 12-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Ailənin sonbeşiyi olan Anar qəsəbədəki C.Cabbarlı adına tam orta məktəbi əla qiymətlərlə bitirib.
A.Novruzov 1993-cü ildə Bakı Neft Texnikumuna daxil olsa da, 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə orduya yazılıb. Sonra təhsilini davam etdirib.
1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Ali Hərbi Məktəbini) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirib.
2016-cı ilin Aprel döyüşlərində iştirak edən igid zabit qəlpə yarası alıb, 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub.
Türkiyədə mükəmməl peşəkar təlim keçən cəsur zabitimiz 25 ildən artıq hərb sahəsində çalışıb, siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə kimi yüksəlib.
Hündürboylu, sağlam bədənli Anar sanki hərb üçün doğulmuşdu. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib.
Döyüş dostlarının dediyinə görə, tabeliyində olan əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış.
A.Novruzov müxtəlif illərdə Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.
2003-cü ildə ailə həyatı quran cəsur döyüşçü toy mağarına “Vağzalı” musiqisi əvəzinə, “Azərbaycan əsgəri” marşının sədaları altında daxil olub, “Qarabağ şikəstəsi” ilə məclisi yekunlaşdırıb.
Həyat yoldaşı Nazilə xanım Anar haqqında kövrələ-kövrələ danışırdı: “Çətinliyimiz də, xoş günlərimiz də olub. Anar deyib-gülən, zarafatcıl idi. Onun üçün hər şeydən əvvəl Vətən qarşısında xidməti borc idi. Hər dəfə evə gələndə cəbhədə atəşkəs rejiminin pozulduğunu eşidəndə bir yerdə qərar tutmur, hərbi hissəyə qayıtmağa tələsirdi. Elə sonuncu dəfə evə gələndə də belə oldu. Səhhətindəki problemə məhəl qoymadan, müalicə almadan döyüşə qatıldı. Xidməti ilə əlaqədar onu çox sorğu-suala tuta bilmirdik. Narahat olmamağımız üçün çox şeyi bizdən gizlədərdi. Elə Aprel döyüşlərində yaralanmasını, bir neçə gün hospitalda müalicə almasını da sonradan bildik...”.
İgid zabitimiz 25 ildən artıq xidmət etməsinə baxmayaraq, o, döyüş meydanından geri çəkilmədi, irəliyə, gələcəyə inamla, ümidlə baxdı. Əbədiyaşarlıq qazanmağa can atdı və buna nail oldu. Övladları da atalarının arzusunu göyərtmək niyyətindədirlər. 13 yaşlı oğlu Nihad hərbi həkim, on birinci sinif şagirdi Firuzə isə polis olmaq istəyir.
Bu gün Anarı bütün xalq tanıyır, onunla fəxr edir. Qürurluyuq ki, sinəsini Vətənə sipər edən Anar Novruzov sağlığında düşməndən intiqamını aldı.
Bu gün hər birimiz təskinlik tapırıq ki, igid eloğlumuzun uyuduğu bu müqəddəs məkan, bir parça torpaq bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib.
Bu gün hər bir masallılı qürurludur ki, xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazdı Anar. Hər bir ərkivanlı fəxr edir ki, uluların bizə miras qoyduğu torpaqlarımız uğrunda son damla qanına kimi vuruşub, müqəddəslik zirvəsini fəth etdi Anar. Novruzovlar ailəsinin ümid çırağını yandırmağa müvəffəq oldu. Nə ölümdən qorxdu, nə də düşməndən...
 




 
шаблоны для dle 11.2
Вернуться назад