Главная > Siyasət > ÖLÜMSÜZLÜYƏ QOVUŞAN ELMİR
ÖLÜMSÜZLÜYƏ QOVUŞAN ELMİR22-12-2020, 20:46. Разместил: yeni321 |
ÖLÜMSÜZLÜYƏ QOVUŞAN ELMİR Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Elmir Gündüz oğlu Akifzadə (ölümündən sonra) “Vətən uğrunda“ medalı ilə təltif olunub. *** 44 günlük Vətən müharibəsində Azərbaycanın mərd oğulları öz canlarını 30 ildir ki, sinəsi mərmidən göynəyən ana torpağa sipər etdilər. Erməni təcavüzü və terrorizminə qarşı ölüm-dirim mübarizəsinə qalxan igidlərimiz torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçdilər. Yeni qəhrəmanlıq salnaməsində imzası olan şəhidlərimizdən biri də Masallı rayonunun Bambaşı kəndində dünyaya göz açan Elmir Akifzadədir. Vətən müharibəsi başlayanda təsəcə 24 yaşına qədəm qoymuşdu. Ailənin tək oğlu idi. Elmir Akifzadə 2015-ci ildə şəhid Cavanşir Qasımov adına Bambaşı kənd tam orta məktəbini bitirib. Həmin ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlayıb. Xidməti müddətində özünü nizam-intizamlı, çətinliklərin öhdəsindən asanlıqla gələn qorxmaz, cəsur əsgər kimi göstərib. Hərbi hissədə 1-ci tabor minaatan batareyanın 1-ci taqımının 1-ci heyətinin minaatan komandiri olub. Elmir 2016-cı ilin Aprel döyüşlərində mərdliklə iştirak edib, verilən tapşırıqları layiqincə yerinə yetirib – Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunub. Hərbi xidmətdən qayıtdıqdan sonra, 2018-ci ildə Rusiya Federasiyasının Kazan şəhərinə yollanan Elmir elə həmin ildə də Kazan Dövlət Universitetinin Maliyyə-iqisad fakültəsinə daxil olub. 2020-ci ilin iyul ayında mənfur düşmənin ölkəmizə növbəti təxribatı zamanı Tovuz döyüşlərində iştirak emək üçün təhsilini yarımçıq qoyub Azərbaycana geri dönüb, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə müraciət edib. Tovuz döyüşləri zamanı komandiri olmuş mayor Anar Novruzovun şəhid olması intiqam hissi ilə alovlanan Elmirin düşmənə nifrətini daha da artırıb. Yenidən könüllü əsgər kimi torpaqlarımızın müdafiəsinə qalxıb. Sentyabrın 29-dan Vətən müharibəsinə qatılıb, Füzuli rayonunun azad olunmasında böyük şücaət göstərib, qorxmadan düşmən üzərinə irəliləyib, qarşı tərəfin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirib. Elmir Akifzadə oktyabrın 7-də Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu kənddə torpağa tapşırılıb – Vətən torpağına qarışmaqla müqəddəs yurdun bir parçasına çevrilib... AKİF AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |