Bədəlan kəndində şəhidlərin xatirəsinə inşa edilən bulağın açılışı olub
Masallı rayonunun Bədəlan kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş kəndin şəhidlərinin xatirəsinə inşa edilən «Şəhidlər bulağı»nın açılışı olub. Ara məsafəsi gözlənilmək şərtilə, pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, «Regional Hüquqi və İqtisadi Maarifləndirmə» İctimai Birliyinin sədri Arzu Bağırova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərin yaxınları, müharibə əlilləri, döyüş yoldaşları, hərbi qulluqçular, müharibə veteranları, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək qeyd edib ki, otuz ilə yaxın işğal altında olan torpaqlarımız ordumuzun gücü, xalqımızın Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi nəticəsində azad edildi. Bu yolda şəhidlər verdik. Şəhidlərimizin qəhrəmanlığı sayəsində qələbə sevinci yaşadıq. İllərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bura hamının ziyarət yeri olmalıdır. Çünki, nə qədər Azərbaycan Respublikası var, şəhidlərimiz də ürəklərdə əbədi yaşayacaqlar. Azərbaycan Respublikası da əbədi olacaqdır. Yaxşı olardı ki, gənclərin ad günləri, əlamətdar hadisələr əvvəlcə burada qeyd edilsin, sonra həmin xeyir işləri davam etsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Təntənəli mərasimdə Bədəlan kənd xeyriyyə icmasının sədri Famil Yaşar oğlu Məcidov bildirmişdir ki, Milli Məclisin deputatı, Professor Anar İsgəndərovun təşəbbüsü ilə seçicisi olduğu kəndlərdə yaradılan xeyriyyə cəmiyyətlərinin bir qolu da Bədəlan kənd xeyriyyə icmasıdır. Təxmininən ötən ilin indiki yay günlərində köhnə bulağın yerində yenisinin əvəz olunması təklifini ərazi gəncləri yekdilliklə bəyəndilər və «Şəhidlər bulağı” adlandırılması təşəbbüsü meydana gəldi. Facebook Sosial şəbəkəsinin Bədəlan kənd xeyriyyə cəmiyyətinin səhifəsində bulağın tikintisi üçün maddi köməklik lazım olduğunu bildirdik. Bu elanı eşidən Bədəlan kənd sakini, şəhid Eldəniz Rəsulovun anası Məryəm Rəsulova bulağın tikintisi üçün lazım olan maddi vəsaiti öz üzərinə götürdü. Artıq yeni «Şəhidlər bulağı” hazırdır. İstər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, otuz ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbə Tarixindən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Şəhid anası Məryəm Rəsulova çıxış edərək şəhidlərimizə uca tanrıdan rəhmət dilədi. «Şəhidlər bulağı»nın çəkiliçində zəhməti olan hər kəsə dərin təşəkkür bildirdi. Ölkə rəhbərinə, icra başçısına minnətdarlıq etdi. Tanınmış xeyriyyəçi xanım, həmyerlimiz, «Regional Hüquqi və İqtisadi Maarifləndirmə» İctimai Birliyinin sədri Arzu Bağırova dövlətimizin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açdı. Mərasim iştirakçıları bulaq-abidənin önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar. Qeyd edək ki, Birinci Qarabağ və Vətən müharibəsində Masallı rayonu Bədəlan kəndinin şəhidlərinin xatirəsinə inşa edilən «Şəhidlər bulağı»nın üstündə 10 cəsurun, 10 Vətən igidinin, 10 bədəlanlının adı və soyadı həkk olunub.www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад
|