Главная > Siyasət > Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub

Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub


14-07-2021, 15:45. Разместил: yeni321
ANARSIZ 1 İL
 
Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub
 
İyulun 14-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, mayor Anar Novruzovun şəhid olmasının ildönümü keçirilib.
Pandemiyanın tələblərinə riayət olunmaqla təşkil olunan anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, şəhidin doğmaları, hərbçi yoldaşları iştirak ediblər.
Şəhidin ailəsinə baş çəkilib, məzarı ziyarət olunub. Rayon İcra Hakimiyyətinin başçısı şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Anar Novruzovun xatirəsinin masallıların qəlbində əbədi yaşayacağını qeyd edərək şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisaslarının alındığını bildirib.
Şəhidin uyuduğu qəbiristanlıqda məzarı önündə davam edən ildönümü mərasimində əvvəlcə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid zabitin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Anım tədbirində şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib. Çıxışlarda Azərbaycan ordusunun möhkəmlənməsindən, İyul  döyüşlərinin əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdən danışılıb.
Şəhidin Aprel və Tovuz döyüşlərində göstərdiyi şücaətindən söz açan hərbçi yoldaşları, Vətən müharibəsi iştirakçıları Anarın qəhrəmanlıq nümunəsinin hər birimiz, xüsusilə gənclər üçün böyük fəxr və örnək olduğunu bildiriblər. Vurğulanıb ki, onun kimi Vətən oğullarının hünəri Zəfərin qazanılmasının əsas təməli oldu.
Şəhidin qardaşı Sücəddin Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Tədbir Masallı Xalq Teatrı kollektivinin, eləcə də məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.
                                                                       ***
Məlumat üçün bildirək ki, Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Ailənin sonbeşiyi olan Anar C.Cabbarlı adına kənd orta məktəbini (Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi) əla qiymətlərlə qurtarıb. 1993-cü ildə Bakı Neft Texnikumuna (indiki Neft-Energetika Kolleci) daxil olsa da 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə Orduya yazılıb. Sonra təhsilini davam etdirib. 1999-cu ildə  Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ödəyib. 2016-cı ilin Aprel döyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlib. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib. Ona nahaq yerə AQS-17 silahının “atası” adı verilməyib. “Akula” ləqəbli kəşfiyyatçı düşmənlərin kabusuna çevrilib – ermənilərə od qoyub, lap əfsanəvi “Mixaylo” kimi... Hətta onu öldürənə pul mükafatı da ayırıbmışlar.
Döyüş dostlarının dediyinə görə tabeliyində olanda əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit Anar Novruzov çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış. Xidməti ərzində heç kimdən təmənna ummayıb...
A.Novruzov müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, istimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Anar Novruzov (ölümündən sonra) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən qəsəbədəki küçələrdən birinə şəhidin adı verilib.
Ailəli idi, iki övladı yadigar qalıb.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад