Главная > Siyasət > Masallıda şəhid Əlisa Əliyevin anım mərasimi keçirilib
Masallıda şəhid Əlisa Əliyevin anım mərasimi keçirilib8-11-2021, 11:03. Разместил: yeni321 |
Masallıda şəhid Əlisa Əliyevin anım mərasimi keçirilib Noyabrın 7-də Masallı rayonunun Qızılağac kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Əlisa Arif oğlu Əliyevin il mərasimi təşkil edilmişdir. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin üzvləri Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanları, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX-nin rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Yeniheyet.az xəbər verir ki, İcra başçısı Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Əlisa Əliyev və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, bu torpağın hər qarışı Vətəndir. Şəhidlər zirvədədir. Əlisalar ləyaqətimizi, qaürurumuzu qaytardılar. Heç kim şəhidlərin ruhunu incidə bilməz. Həqiqətin bir üzü var. Şəhidlər nümunəvi, yaxşı vətəndaş oldular Azərbaycanımıza. Təsəllimiz budur ki, Əlisa, təkcə Arifin yox, hamının övladıdır. Onun kədəri hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah Əlisa balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin… Ş.Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. İcra başçısı həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkındakı görülən işlər haqqında məlumat verərək, buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova minnətdarlıq ifadə etmişdir. Rayon rəhbəri demişdir: -Bütün şəhidlərin hüzr məclislərində iştirak etmişəm. Onların ruhu mənimçün hər şeydən əzizdir. O Qələbəyə, o Zəfərə xələl gətirmək olmaz. Şəhidlər elə bir zirvə qazanıblar ki… Məhz onların şərəfinə ucaldılan Masallı şəhər Qəhrəmanlar Parkındakı xiyabanda hamısının şəkli asılıb. Ziyarət sabah səhər saat 10-dan başlanacaq. Axşam saatlarında Qələbə Günümüz münasibətilə şəhidlərin şərəfinə atəşfəşanlıq olacaq. Şəhid valideynləri onda qürurlanaclar ki, övladlarının xatirəsi əziz tutulur, onlar hər vaxt ziyarət olunur. Biz daha qüdrətli olacağıq. Allah xalqımızı, dövlətimizi, möhtərəm Prezidentimizi, Ali Baş Komandanımızı qorusun. İcra başçısı vacib məsələ sayılan pandemiyadan danışıb ölkə üzrə 7200 nəfərin dünyasını dəyişdiyi, Masallıda isə fəalların, mobil qrupların, həkimlərin sayəsində vaxtında qarşısı alındığından 230 minə yaxın əhalinin həyat sürdüyü rayonda bu rəqəm az itki ilə - 68 nəfərin ölümü ilə nəticələndiyini diqqətə çatdırmışdır. Şəhidin atası Arif Əliyev hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, Respublikanın Birinci vitse-prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir. İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Hacı Nüsrət Nəsrullayev və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, dualar etmişlər. Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid Əlisa Əliyevin məzarını ziyarət etmişlər. Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə çiçəklər düzülmüşdür. Çıxışlarda şəhid barədə xatirələr söylənilib, Əlisanın vətənsevər, cəsarətli oğul olduğunu vurğulanıb. Məlumat üçün bildirək ki, Əlisa Arif oğlu Əliyev 8 yanvar 2000-ci ildə Qızılağac kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil almışdır. Masallı şəhərindəki «Dostluq» MMC-də işləyirdi... 2018-ci ildə həqiqi hərbi xidmətə yollanmış, «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini uğurla başa vurmuşdur. Xidmətini yenicə bitirmişdi ki, Vətən müharibəsi başlandı. Azərbaycan Ordusunun əsgəri Əlisa Əliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Vətənini, xalqını canı qədər sevən igid əsgər 2020-ci il sentyabrın 29-da müharibəyə könüllü yollandı. Bir çox hərbi əməliyyatlarda iştirak edərək, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa uğrunda gedən şiddətli döyüşlərdə şücaətlə vuruşdu. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə, 6 noyabr 2020-ci il tarixdə Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaatan mərmisinin dəyməsi nəticəsində şəhid olmuşdur. Şəhid Əlisa Əliyev Qızılağac kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Əlisa Arif oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Subay idi. www.yeniheyet.az Вернуться назад |