Главная > Siyasət > Masallıda “Azərbaycan Bayrağı” ordenli, XTQ komandiri Sahib Şirəliyevin anım mərasimi

Masallıda “Azərbaycan Bayrağı” ordenli, XTQ komandiri Sahib Şirəliyevin anım mərasimi


14-11-2021, 15:59. Разместил: yeni321

Ərkivan qəsəbəsində “Azərbaycan Bayrağı” ordenli, XTQ komandiri Sahib Şirəliyevin anım mərasimi keçirilib

Noyabrın 14-də Masallı rayonunun Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı, xüsusi təyinatlı qrup komandiri Sahib Yusif oğlu Şirəliyevin anım mərasimi keçirilib.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və media nümayəndələri iştirak ediblər.
 
Yeniheyet.az xəbər verir ki, RİH başçısı Şahin Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhid baş leytenant Sahib Şirəliyev və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd edib ki, zabit Sahib kimi oğullar bizə şərəfimizi, əyilən vüqarımızı, qürurumuzu qaytardılar. Həqiqətin bir üzü var. Şəhidlər nümunəvi vətəndaş oldular Azərbaycanımıza. Təsəllimiz budur ki, şəhid baş leytenant Sahib, təkcə Yusifin yox, hamının övladıdır. Onun kədəri bu qəsəbənin, bu obanın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Rayon rəhbəri çıxışında 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dəstək və düşmən mövqeyində olan ölkələrdən danışıb:” Dünya heç də düşündüyümüz kimi ədalətli deyil. Xocalı qırğını, məscidlərdə donuz saxlanılması buna misaldır. İncikliyimiz dost-qardaş dediyimiz ölkələrin bizi arxadan vurmasıdır. Əgər bu gün dost və düşmən ölkələrimizi düzgün qiymətləndirməsək, Sahiblərin ruhu bizi bağışlamaz. Sahiblər ölkəsinin layiqli vətəndaşı kimi eldən gedir, daim ürəklərdə yaşayırlar. Şəhidlərlə bağlı kitablar yazılır, çap olunur. Təzə ailə quran gənclər müqəddəs məbədgah kimi şəhərimizin Qəhrəmanlar Parkını – şəhidlər abidə-kompleksini ziyarət etməlidirlər. Artıq bu, Masallıda ənənə halını almaqdadır...”
İcra başçısı daha sonra əlavə edib: “ Biz təkcə bu günümüz üçün yaşamamalıyıq. Vətənpərvər olmalıyıq. Azərbaycan daha qüdrətli olacaq. Yumruq kimi bir, Vətənimizin yanında olaq.”
  Şəhidin atası Yusif Şirəliyev, qəsəbənin tanınmış ziyalısı Hacı Aydın Nurəliyev və başqaları hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndələri Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımız, Ali Baş Komandanımıza, onun ailəsinə, şəhidlərimizin ruhuna, qazilərimizə, ölkəmizə, millətimizə dualar ediblər.
Sonra mərasim iştirakçıları şəhid baş leytenant Sahib Şirəliyevin məzarını ziyarət ediblər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb.
Çıxışlarda şəhid barədə xatirələr söylənilib, onun vətənsevər, cəsarətli hərbçi olduğu vurğulanıb. Masallı Xalq Teatrının aktyoru Camaləddin Əliyev və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə müəllifi jurnalist-publisist Akif Ağayev olan “Yalnız irəli”ədəbi-bədii kompozisiyasından parça nümayiş olunub, Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin şagirdlərinin ifasında seirlər səsləndirilib.

Yeniheyet.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Sahib Yusif oğlu Şirəliyev 1995-ci il oktyabrın 18-də Ərkivan qəsəbəsində (Ramazanlı küçəsində) anadan olmuşdur.
S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbində almışdır.
Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilmişdir.
Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərmişdir. Səkkizinci sinifdən C.Naxçıvanski adına Hərbi Liseyinə sənəd vermiş, 202 bal toplasa da qəbul ola bilməmişdir.
2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur.
2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi vətənə qulluq etmişdir. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənmiş, dəfələrlə Fəxri fərman və diplomlarla mükafatlandırılmışdır.
Azərbaycan Ordusunun baş leytenantı olan Sahib Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidilklə vuruşmuşdur.
Hadrut istiqamətindəki döyüşlərdə, qəsəbənin və ətraf yüksəkliklərin azad edilməsində Sahib və rəhbərlik etdiyi xüsusi təyinatlı qrup (12 nəfərlik heyətlə) xüsusi fədakarlıq göstərib. Hadrut döyüşlərində bir neçə düşməni şəxsən özü məhv edib. Şəhid və yaralılarımız olsa da, qarşı tərəfin sıx yerləşdiyi və güclü müdafiə olunduğu, eləcə də Hadrutu nəzarətdə saxlayan “Xaç” vacib yüksəkliyinin, Tuğ, Qarabulaq kəndlərinin alınmasında, Qırmızı Bazar istiqamətindəki döyüşlərdə S.Şirəliyevin xidməti əvəzsiz olub. Şuşa-Laçın dəhlizi və dəhlizin üstündəki yüksəkliyin ələ keçirdilməsi əməliyyatı zamanı düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib, 2 ədəd BMP qənimət kimi götürülüb. Bu ağır vuruşda cəsur və təmkinli XTQ-nin qrup komandiri Sahib Şirəliyev qəhrəmancasına şəhid olub.
 
Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman zabitimiz 2020-ci ilin noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində dəfn edilib.
Subay idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Sahib Yusif oğlu Şirəliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib. Bakıda və anadan olduğu qəsəbədə şəhidin adına küçə verilib, xatirəsinə Ərkivanda bulaq inşa edilib.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад