Главная > Siyasət > Masallıda şəhid Sənan Seyfullayevin xatirəsinə abidə-bulaq kompleksi açılıb
Masallıda şəhid Sənan Seyfullayevin xatirəsinə abidə-bulaq kompleksi açılıb12-01-2022, 17:02. Разместил: yeni321 |
Masallıda şəhid Sənan Seyfullayevin xatirəsinə abidə-bulaq kompleksi açılıb Yanvarın 12-də, Ərkivan qəsəbəsində Vətən müharibəsi şəhidi Sənan Seyfullayevin anım günündə adına inşa edilmiş bulağın açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin üzvləri Anar İsgəndərov, Məşhur Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə-bulaq kompleksinin açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Vətən müharibəsində Respublika Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə müzəffər Ordumuzun əsgər və zabitlərinin, o cümlədən Sənanın timsalında Masallı döyüşçülərin qəhrəmanlığından danışıb: “Azərbaycan qəhrəmanlarının, Masallının igid övladlarının Vətən uğrunda göstərdikləri şücaətləri yüksək dəyərləndirən xalqımız şəhidlərimizi heç vaxt unutmayacaq…” Şəhidin cəbhə yoldaşı, ehtiyatda olan baş leytenant Ceyhun Qurbanov çıxışında Sənan Seyfullayevin həyat və döyüş yolundan, vətənə vurğunluğundan bəhs edib. Şəhidin atası Mətləb Seyfullayev, dayısı Taleh Sultanov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Tədbirdə məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Rayon rəsmiləri, təşkilat nümayəndələri şəhidin ildönümü mərasiminə qatılıb, ailə üzvlərinə səbr diləyib, qayğıları ilə maraqlanıblar. Şəhidlərin əziz xatirələrinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb. Şəhidin məzarı ziyarət edilərək üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub. Məlumat üçün bildirək ki, Sənan Mətləb oğlu Seyfullayev 26 sentyabr 1998-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində (Göllü küçəsində) anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayıında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N”saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub. Vətən Müharibəsinin ilk günündən digər qəhraman oğullarımız kimi Sənan da vətən torpağını düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib. 30 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsində qəhrəmanlıqla şəhid olub. 71 gün itkin kimi axtarılan Sənan, 10 yanvar 2021-ci il tarixində şəhid olaraq tapılıb. Yanvarın 12-də Masallı rayonu igid oğlunu qarşılayıb izdihamla son mənzilə yola salıb. Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Sənan Seyfullayevin nəşi doğulduğu Ərkivan qəsəbəsində - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Sahib Şirəliyevin məzarı yanında torpağa tapşırılıb. Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən əsgər Sənan Mətləb oğlu Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Akif AĞAYEV, www.yeniheyet.az Вернуться назад |