Главная > Siyasət > Prezident İlham Əliyevin Brüssel səfəri
Prezident İlham Əliyevin Brüssel səfəri11-04-2022, 09:14. Разместил: admin44 |
Ölkə Prezidentini cənab İlham Əliyevin xarici səfərləri davam edir. Bu dəfəki görüşü növbəti Brüssel görüşü adlandırmaq olar. Çünki ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib. Əgər ikinci belə bir görüş baş tutursa, deməli bu istiqamətdə müsbət irəliləyişlər var. Brüssel gündəliyi yaranıb və bu istiqamətdə inkişaf meyillərinin real ifadəsini görməkdəyik. 6 aprel Brüssel görüşündən əvvəl Azərbaycanın təqdim etdiyi sülh müqaviləsinə istiqamətlənmiş şərtlərin rəsmi İrəvan tərəfindən məqbul hesab olunması da bu görüşün əhəmiyyətini artıqmaqdadır. Təkliflər arasında qarşılıqlı torpaq iddialarından vaz keçmə, qarşılıqlı şəkildə beynəlxalq sərhədlərin tanınması, qarşılıqlı şəkildə məsələlərin həllində hədə-qorxu və güc faktorundan tamamilə imtina, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin bərpası vardır. Deyə bilərəm ki, Brüssel görüşünün, ümumiyyətlə Brüssel gündəliyinin əsasını məhz bu təkliflər paketi təşkil etməkdədir. “Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şari Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüş və bu görüşdə əldə olunan razılaşma böyük əhəmiyyət daşıyır. Görüş zamanı post-münaqişə mərhələsində regionun inkişafı ilə bağlı Azərbaycanın hər zaman irəli sürdüyü prinsiplər, o cümlədən 2020-ci il 10 noyabr üçtərəfli bəyənatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın yaradılması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə olunub. Aİ Şurasının Prezidenti Şari Mişelin bəyanatı görüşün ümumilikdə Azərbaycanın maraqlarına uyğun olduğunu göstərir. Tərəflər xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi üzərində razılaşıblar. Bu onu göstərir ki, sülh müqaviləsinin hazırlanması İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində deyil, ikitərəfli formatda keçiriləcək. İkitərəfli sərhədlərin delimitasiyası və demakrasiyası üçün aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi də razılaşdırılıb.. Bəyanatda “Dağlıq Qarabağ” adı çəkilmir, ümumuyyyətlə “münaqişə” haqqında heç bir qeyd yoxdur. ATƏT-in Minsk qrupundan bəhs edilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir. Bu, Minsk qrupu formatının faktiki olaraq kənarda qaldığını və yerini Aİ-yə verməsi deməkdir. Bütün bunlar deməyə əsas verir ki, Aİ Vətən müharibəsi zamanı Azərbaycanın qələbəsi nəticəsində yaranmış yeni reallıqları qəbul edir. 6 aprel Brüssel görüşü ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərarların qəbul edildiyi bir zirvə görüşü idi. Elə hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyət müharibədən ötən iki ilə yaxın bir müddət ərzində Azərbaycanla vasitəçilər olmadan görüşməyin əhəmiyyətini dərk etməkdədir. Sadə ermənilər də yaxşı bilirlər ki, xəstə təxəyyüllü erməni milliyyətçiliyi onlara heçnə qazandırmayıb və qazandırmayacaqdır. Bizim üçün vacib olan əsas məsələ Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və siyasi barışıq prosesinin başlamasıdır. Sülh müqaviləsindən sonra Azərbaycan Respublikası özünün “ipə-sapa yatmayan” vətəndaşları ilə öz qanunvericiliyi çərçivəsində rəftar edəcəkdir. Bu isə beynəlxalq münasibətlərin deyil, daxili işlərin predmeti hesab olunacaqdır. Sülh müqaviləsindən yalnız Azərbaycan deyil, bütün region ölkələri böyük dividentlər əldə edəcəklər. Vacib məqam ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığın bərqərar olunmasında hətta bir-birinə qarşı zidd mövqelərə malik güclər də həmfikirdir. Belə ki, Brüssel görüşündən sonra Rusiya tərəfinin də verdiyi bəyanatlar bir daha sübut edir ki, Qarabağda əməkdaşlıq yalnız Azərbaycanın deyil, dünyanın maraq dairəsindədir. Təbii ki, bu marağı və indiki reallığı yaratmaq elə də asan başa gəlməmişdir. Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasəti nəticəsində bu uğurlara malik ola bilmişdir. Əldə etdiyimiz diplomatik uğurlarımız da, hərbi nəaliyyətlərimiz kimi Prezident İlham Əliyevin dövlət başçısı kimi dünyada böyük nüfuzunun nəticəsidir. Ceyhun Hüseynov, Masallı rayon Mərkəzi Xəstəxanasının əməkdaşı. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |