Главная > Siyasət > Masallıda səyyar qəbul-görüşlər səmərəli keçir
Masallıda səyyar qəbul-görüşlər səmərəli keçir20-04-2022, 09:35. Разместил: admin44 |
Prezident İlham Əliyevin vətəndaşlarla və ayrı-ayrı sahələrin təmsilçiləri ilə keçirdiyi görüşlər xalq–iqtidar birliyi baxımından daim özünü doğruldur. Birbaşa ünsiyyət əhalinin dövlətə inamını və etimadını daha da artırır. Dövlət başçısının ali nümunəsi sayəsində rayon icra hakimiyyəti orqanları rəhbərləri də yerlərdə vətəndaşların səyyar qəbullarını son vaxtlar xeyli intensivləşdiriblər. Masallıda da bu yöndə aparılan işlər diqqətəlayiqdir. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov tez-tez kəndlərə gedərək mövcud vəziyyətlə tanış olur, camaata kömək məqsədilə konkret əməli tədbirlər görülməsini təmin edir. Yerli icra orqanının cari və perspektiv fəaliyyət planları müəyyənləşdirilərkən əhalinin tələb və təkliflərinə beləcə mühüm önəm verilir. Bu ilin əvvəlindən rayonun bir çox yaşayış məntəqələrində, o cümlədən Təklə, Təzə Alvadı, Viləş, Mahmudavar, Həsənli və Öncəqala kəndlərində yaddaqalan görüşlər keçirilib. Bəzən elə olur ki, Şahin Məmmədov icra hakimiyyətinin binasında vətəndaşların qəbulunu keçirdikdən sonra elə həmin gün hansısa kəndə də sakinlərin görüşünə gedir. Məsələn, ötən həftə aparatda 70 nəfərin qəbulu ilə bərabər, Öncəqala kəndində də analoji tədbir olub. Görüşə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri də qatılıb və cari məsələlərin operativ həllinə kömək ediblər. Eyni gündə iki tədbirin təşkili bir qədər yorucu olsa da, sakinlər razı qalıblar. Həmin gün icra hakimiyyətinin binasındakı qəbulda sosial xarakterli bir sıra müraciətlər səslənib. Öncəqalada isə sakinlərindən Rafil Məmmədov, Aydınəli Qənbərov, Yunsur Məmmədov və başqaları suaparıcı kanalların təmizlənməsi üçün ekskovatorun verilməsi, mərasim evi tikilməsi üçün torpaq ayrılması, kənd tam orta məktəbinin istilik sisteminin mavi qaz xəttinə birləşdirilməsi, Viləş çayının Hüseynhacılı kəndindən keçən hissəsinin dərinləşdirilməsi, Hüseynhacılı kəndində yeni salınmış məhəlləyə elektrik xəttinin çəkilməsi və s. məsələlər barədə müraciət ediblər. Bəzi məsələlər yerində həll olunub, digərləri nəzarətə götürülüb. Yeri gəlmişkən, bu yaxınlarda kəndin giriş alaqapısının yüksək zövqlə, maraqlı arxitektura üslubunda hazırlanması da təqdir olunub. Abidənin açılışında Şahin Məmmədov da iştirak edib. Ondan iki gün əvvəl rayon rəhbəri Həsənli kəndində sakinlərin səyyar qəbul-görüşünü keçirib. Vətəndaşlar kənd tam orta məktəbinin təmiri, uşaq bağçasının yeni binasının tikintisi, işlə təmin olunma, Həsənli – Köçəkli yoluna asfalt vurulması, əraziyə içməli su xəttinin çəkilməsi, tibb xidmətinin təşkili və s. məsələləri qaldırıblar. Şahin müəllim hər kəsi səbr və diqqətlə dinləyib, sualları cavablandırıb, məsələlərin həlli üzrə müvafiq qurumlara tapşırıqlar verib. Müsbət haldır ki, ayrı-ayrı idarə və təşkilatlar da rayonun kənd ərazilərində sosial-mədəni, iqtisadi inkişaf yönümlü tədbirlər keçirilməsini daim gündəmdə saxlayırlar. Bu yaxınlarda Viləş kəndində Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” yaradıcılıq layihəsinin cari ildə ilk tədbiri reallaşdırılıb. İdarənin rəisi Bəxtiyar Qılıncov layihə çərçivəsində kənd klublarında işin canlandırılması üzrə qarşıya qoyulmuş hədəflərdən danışıb. Rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova vurğulayıb ki, bu layihə yerlərdə gənclər arasında yaradıcılıq sahələrinə marağın artmasına səbəb olacaq. İki şəhid anası Ziba Əsgərli isə tədbiri gənclərə qayğı kimi dəyərləndirib, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş övladlarından fəxrlə söz açıb. Qonaqlar və sakinlər N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi Viləş kənd klubunun təşkil etdiyi yaradıcılıq sərgisi və istedadlı gənclərin əl işləri ilə tanış olublar. Sonra rayon Mədəniyyət Mərkəzinin istedadlı sənətçiləri geniş konsert proqramı ilə çıxış ediblər. Mahnılar və “Halay” folklor Xalq ansamblının ifasında milli rəqs nömrələri maraqla qarşılanıb. Rayon rəhbərliyinin əhali ilə təmasları hər kəsin ictimai fəallığını, doğma yurd üçün təəssübkeşlik hissini artırır. Bu yaz keçirilən iki genişəhatəli ümumrayon iməciliyi buna misal ola bilər. Masallı şəhərində, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində iməciliklərə xeyli adam çıxmışdı. İməcilklər zamanı 40 hektar sahədə abadlıq işləri aparılaraq yaşıllıqlara qulluq göstərilib, ərazilər alaq otlarından və məişət tullantılardan təmizlənib. Masallının idarə və müəssisələri, ərazi nümayəndəlikləri, bələdiyyələr və s. kollektivlər öhdələrindəki sahələrdə ideal səliqə-sahman yaradılmasına səy göstəriblər. İməciliklərə icra hakimiyyəti başçısı aparatının əməkdaşları da qatılıb, ağac əkib və texniki vasitələrin işə cəlb edilməsinə köməklik göstəriblər. “Təbiəti sevək, qoruyaq” adlı aksiya çərçivəsində Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə həmin kəndin yol kənarında 120 ədəd iynəyarpaqlı şam ağacı cərgə ilə əkilərək suvarılıb. RİH-in və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Köhnə Alvadı – Güllütəpə yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib. İcra başçısı Şahin Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirakçılara şəxsi nümunə göstəriblər. Şəhid ailələri, könüllülər də iməciliyə fəal surətdə qatılıblar. Ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək məqsədi daşıyan aksiya çərçivəsində Köhnə Alvadı – Güllütəpə yolu boyunca 1050 ədəd şam və sərv ağacı tingi əkilib, onlara aqrotexniki qulluq göstərilib. Yerlərdə vətəndaşların fəal həyat mövqeyinə dair də çoxlu misallar çəkmək olar. Məsələn, sakinlərin təşəbbüsü ilə Sığdaş ərazi vahidinin Babakücə körpüsü və yollar əsaslı təmir edilib. Babakücə kəndinə gedən yolun giriş hissəsində olan körpü də, kəndin mərkəzi yolları da eləcə. Görüşlər zamanı qaldırılan məsələlər sayəsində Xırmandalı kəndində bütünlükdə köhnə elektrik dirəkləri və naqillərin yenidən qurulması həyata keçirilib, 1200-dən çox yeni elektirik dirəyi basdırılıb və ümumi uzunluğu 44 kilometr olan kabel çəkilib. Həsənli kəndində xeyriyyəçilərin vəsaiti ilə yollara qum-çınqıl tökülərək təmir olunub, kəndin məktəbə gedən 700 metrlik yoluna da qum-çınqıl tökülüb. Şərəfə ərazisinin Ağakişibəyli kəndinin mərkəzindən keçən 3 kilometrlik, Qızılağac kəndindəki 1 kilometrlik yolun təmiri də üz ağardan işlərdəndir. Əlbəttə, bütün bunlar əhali ilə sıx ünsiyyətin, hər kəsə vətənpərvərlik hissi aşılanmasının nəticəsidir. Bəzi hallarda icra başçısının işinin çoxluğuna görə vətəndaşları onun birinci müavini Məmmədhüseyn Hüseynov qəbul edir. Həssaslıq, yardımçılıq amalı və vətəndaş məmnunluğuna nail olmaq istəyi eynilə olduğu kimi davamlı xarakter daşıyır. Məqsəd odur ki, qəbullar heç zaman təxirə salınmasın, dialoqların arası kəsilməsin və nəticədə konkret işlər reallaşdırılsın. Masallıda ağsaqqallarla, gənclərlə, idmançılarla da vaxtaşırı görüşlər keçirilir. “Rayon gözəlləşdikcə rəssamlar da bundan ilham alır, gözəl mənzərələri kətan üzərinə köçürürlər”. Bu fikir isə icra hakimiyyətinin başçısının 25 nəfərdən ibarət rəssamlar qrupu ilə görüşündə səslənib. Azərbaycan Rəssamlar İttifaqının üzvləri qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Masallı mənzərələri” və “Vətənpərvərlik etüdləri” adlanan silsilə rəsmləri hazırlamaqda məqsəd bölgələrimizi daha yaxından tanıtmaq və kənd turizminin inkişafına dəstək olmaqdır. Görüşdən sonra rəssamlar əsrarəngiz təbiət mənzərələrindən, abadlıq işlərindən ilhamlanaraq bir-birindən gözəl rəsm əsərlərinin eskizlərini yaradıblar. Əli NƏCƏFXANLI, "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |