Главная > Siyasət > Kalinovkada səyyar qəbul: Sosial problemlərin həll olunduğu kənd
Kalinovkada səyyar qəbul: Sosial problemlərin həll olunduğu kənd1-03-2018, 13:49. Разместил: yeni321 |
Kalinovkada səyyar qəbul: Sosial problemlərin həll olunduğu kənd Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Kalinovka ərazisində keçirilən səyyar qəbulunda kənddə bir sıra sosial layihələrin həlli, keçən görüşlərdə irəli sürülən təkliflərin yerinə yetirilməsi, aqrar sahənin inkişafı ilə əlaqədar ölkə rəhbərinin qərar və sərəncamlarının həyata keçirilməsi istiqamətində görülən tədbirlərdən danışıldı. Kənd orta məktəbində keçirilən tədbiri giriş sözü ilə açan rayon rəhbəri diqqəti kənddə və rayonda əhalinin sosial həyat tərzinin, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə cəlb edib dedi ki, bunlar bilavasitə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqları ilə həyata keçirilmişdir. Son illərdə rayonda yeniləşən səhiyyə müəssisələri barədə danışıb bildirdi ki, bunlardan biri də Kalinovka sahə xəstəxanasıdır ki, ərazinin və qonşu kəndlərin sakinlərinə xidmət edir. Xəstəxana əsaslı təmir olunub, yenidən qurulmuş, ən müasir avadanlıqla təchiz olunmuşdur. Masallı Mərkəzi Xəstəxanası da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Bu gün xəstəxanada dializ şöbəsi fəaliyyətə başlayır. Kənddə qaz yanır, fasiləsiz elektrik var. Mədəniyyət evində və uşaq bağçasında təmir işləri aparılıb. Suvarma ilə bağlı problemlər həll olunub. Vaxtilə Viləş çayının daşması nəticəsində sahələrin su basması problemi də həll olunub. Viləş, eləcə də Təklə ərazisindəki çaylar təmizləndiyindən indi problem yaranmır. Rayonun digər ərazilərində də bu və ya digər sosial məsələlər həllini tapıb. Cənab Prezidentin tapşırığı ilə rayonun əksər kəndlərinin içməli su ilə təchiz olunması nəzərdə tutulub. Layihə həyata keçirilir. Bu il 5 kəndə su verilməsi reallaşacaq. Diqqəti aqrar sahənin inkişafı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərar və sərəncamlarına, ayrı-ayrı regionlarda keçirilən təsərrüfat müşavirələrinə cəlb edən natiq bu istiqamətdə qarşıda duran vəzifələrdən geniş danışdı. Bildirdi ki, regionda çəltikçilik, çayçılıq, sitrus və tərəvəzçiliyin inkişafı üçün real imkanlar var. Bu imkanlar, eləcə də ehtiyatlar və resurslar Masallıda da axtarılır. Bu istiqamətdə dövlət maliyyə məsələlərini öhdəyə götürür. Belə ki, Viləşçay dəryaçasının 2-ci növbəsinin tikintisi Dövlət Proqramına daxil edilib. Dəryaça tam istifadəyə verildikdən sonra 20 min hektar torpağın suvarılması mümkün olacaq. Əlavə olaraq rayonda vaxtilə mövcud olmuş sututarların 30-40-dan istifadə edilsə əkinlərin suvarılmasında problem aradan qalxar. Son illərdə rayonda əkinə münasibətin dəyişdiyini bildirən sözçü iqtisadi təhlillər aparıb Qızılağac tarlalarında hər hektardan 50 ton pomidor götürüldüyünü, ildə eyni sahədə 3 dəfə məhsul yetişdirməyin mümkünlüyünü misal gətirdi. Sərfəli təsərrüfat sahələrini taxılla müqayisə edib sual verdi ki, hər hektardan 10-12 min manat gəliri taxılın 300 manatı ilə dəyişmək nə dərəcədə doğrudur? “ASAN xidmət”in, Sənaye Məhəlləsinin, mebel fabriki və digər böyük müəssisələrin, turizmin inkişafındakı tədbirlərin rayonun həyatında önəmli rolundan danışan natiq burada işləyəcək mütəxəssislərin hazırlanmasında orta məktəblərin vəzifələrindən danışıb, tövsiyələrini verdi. Hacı Allahverdi Ağayev rayon rəhbərini sakinlər adından salamlayıb kəndin qazlaşdırılması, məscidə qaz çəkilməsi və sair sosial məsələlərdən danışdı. Qurbanəli Məmmədov keçən qəbulda kənd yollarının təmiri ilə əlaqədar etdiyi müraciətin yerinə yetirdiyini, 11 kilometr kəndarası yola çınqıl döşəndiyini, eyni zamanda xəstəxananın, mədəniyyət evi və uşaq bağçasının təmir edildiyini gündəmə gətirib sakinlər adından Azərbaycan Respublikasının Prezidentinə və rayon rəhbərinə minnətdarlıq etdi. Kənd sakini Balaqardaş Rzayev keçən il barama becərdiyini, yaxşı qazanc götürdüyünü bildirdi. Bu il ona daha çox barama verilməsini xahiş etdi. Kənd ərazi nümayəndəsi Alim Ələmov bu müraciətin daha 5 sakin tərəfindən edildiyini bildirdi. Rayon rəhbəri dedi ki, bu müraciətlər ölkə rəhbərinin aqrar sahənin inkişaf etdirmək çağırışına insanların vətənpərvərlik cavabıdır, onlara kömək və dəstək göstəriləcəkdir. Çıxışlarda bildirildi ki, Kalinovka sakinləri cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyir, onun ətrafında sıx birləşir. Onlar aprelin 11-də keçiriləcək seçkilərdə mütəşəkkillik göstərəcəklər. Görüşü rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırdı. Rəsul RZAYEV. Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |