Главная > Siyasət > KİMƏ GÜVƏNİRSƏN, “DEMOKRAT ŞOUMEN”?
KİMƏ GÜVƏNİRSƏN, “DEMOKRAT ŞOUMEN”?5-04-2018, 11:59. Разместил: yeni321 |
KİMƏ GÜVƏNİRSƏN, “DEMOKRAT ŞOUMEN”? Sözüm sənədir, ey qanı qanımızdan, canı canımızdan olan “həmvətən”! Nə etdiyini, kimin xidmətində durduğunu özü də əməlli-başlı anlamayan (bəlkə də anlayan), kimlərinsə qarşısında “öhdəlik” götürən “demokrat”! Doğmalarına qarşı qəddarlaşan, az qala bizim necə nəfəs almağımıza qədər göz qoymağa tapşırıq almış zavallı başgirləyən! Göyün hansı qatından, yerin hansı layından tapırsan Vətənə qarşı bu qara niyyəti? Bəlkə bu ikrah hissini (və ya “qonorar”ı) Avropanın xüsusi “ödənişli kart”ları vasitəsilə beyninə (cibinə) yükləyirsən? Cilovun hələ də demokratiya beşiyi hesab etdiyin xarici məssəblərin əlindədir ki, səni öz sərfinə istədiyi tərəfə çapdırır. Səni vuran əlindən, təpərli dizindən, düşünən beynindən ayıranlar elə ayırıb ki, bir-birinizə, hətta doğmalara elə yadlaşdırıb ki, hamını “çeynəyib-didmək” istəyirsən. Hər seçki ərəfəsində qarışıqlıq salmaq, şou düzəldib suyu bulandırmaq şakərindir. Ata üzünə ağ olub, qardaşa badalaq vurub, dost-tanışa “torba tikmək”dən də (doğmalarını “zaloq” qoyub qaçmaqdan) çəkinmirsən. Beləsi kiçik bir vəzifədən (pul-paradan) ötrü duz-çörəyi də tapdalar, lap Allaha da asi olar. Düşün, daşın! Bu gün təngə gətirdiyini, “arxadan vurmaq” istədiyini sabah hansı üzlə qarşılayacaqsan? Nə üçün özünü gözdən salıb ömrünü, yaşayışıını zay keyfiyyətlərlə cırlaşdırırsan? Nə qədər ki, üzünü Avropa, ABŞ qibləgahına tutacaqsan, belə olacaq. Heysiyyatımıza toxunmaq istəyənin marağını qorumaq cəhdindən əl çəkməyincə “müvazinətin tarazlaşmayacaq”. Unutma ki, “tutduğunu buraxmayan kor”un çanağı odda yanar. Nə vaxtacan dindaşlarına “qan tökən şərqli”, “terrorist islamçı” damğasını yapışdırmağa çalışanların “səmimiliyi”nə inanacaqsan? Nə vaxtadək artıq iç üzü ifşa olunmuş, az qala büsbütün dünyanı irqçi siyasətilə islah etməyə can atan “sülhməramlı”lara güvənəcəksən? Haçanacan Qarabağ həqiqətinə göz yuman, ikili standartlarla işləyən beynəlxalq təşkilatlara “giley-güzar” edəcəksən? Ola bilsin ki, üzünə hırıldayıb öz mənafeyini güdənlər səni “muştuluq”lasın (sığınacaq versin). Ola bilsin ki, illərdən bəri qaçqın həyatı yaşayan milyonların haqq səsinə hay verməyən “qara-ağ dərili aləm” sənin kimilərə “ürək yandırsın”. “Qara piar”çıların (satqınların) əlçatmaz arzusu qısa müddət ərzində regional və beynəlxalq arenada öz mövqeyilə seçilən ölkəmizin inkişafını əngəlləməkdir. Farslar demişkən, çifayda. Çünki reallıq hissini itirmiş bəzi xarici dövlət departamentinin sabiq əməkdaşları, səfirlər və dırnaqarası ekspertlərin Azərbaycana qarşı qərəzli bəyanatları ABŞ və Avropanın rəsmi dairələri və ictimaiyyəti tərəfindən ciddi qarşılanmır. Çirkin bir oyuna düşdüyünü, bağışlanmaz səhvə yol verdiyini yaxşı bilirsən. Bəs onda nə üçün xalqın adından danışmağa can atırsan? Papağını (əgər varsa) qabağına qoyub fikirləş! Buna sənin mənəvi haqqın çatır, ya yox? Başına gələn tarixi öyrənməyə və bununla da lazımi dərs almağa cəhd etməyən, saxta, qərəzli, düşmənə xidmət məqsədli ideya “təbliğatçısı” nə sözünun ağası (kişisi) olar, nə də ocağının – Vətəninin sahibi. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |