Главная > Təhsil > Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda

Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda


14-11-2019, 18:48. Разместил: yeni321
Ölkəmizi tanıyaq!”
 
Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda
 
“Ölkəmizi tanıyaq!” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı və Kürdəmir rayonlarından olan IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 14-də axşam saatlarında Masalıya gəliblər.
Tur-aksiyanın iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilərin qarşılanması mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiya iştirakçılarını rayon rəhbəri Rafil Hüseynovun adından salamlayaraq maarifləndirici layihənin əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə ən xoş arzularını çatdırıb.
Aybəniz Qafarova Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində Masallıda görülən işlər barədə məktəblilərə məlumat verib.
Tur-aksiyanın iştirakçıları Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra məktəblilər Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər. Diqqətə çatdırılıb ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası ötən il sentyabrın 3-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva məlumat verib ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir.
Tur-aksiya iştirakçıları "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin "Breyn-rinq" yarışını izləyiblər. Onlar, həmçinin Masallıdakı Bayraq Meydanı, Azərbaycanın Dövlət Rəmzləri Muzeyi və Masallı Sənaye Məhəlləsinə də səfər ediblər.
Səfər zamanı məktəblilər musiqili-əyləncəli proqramlarda, “Nə? Harada? Nə zaman?” bilik yarışmasında iştirak edib, çay süfrəsinə dəvət olunublar.
Masallı ilə tanışlıq qonaqların yaddaşında zəngin iz buraxıb.
Qrup rəhbərlərindən – qəbələli müəllim Zahir Kərimov, İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin direktoru Şəbnəm Osmanlı müsahibələrində bildiriblər ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Məktəblilərdən – Şamaxı Təbiət Təmayüllü Liseyin IX sinif şagirdi Yusif Hacıyev, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Oktay Salahov, Kürdəmir şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəhimə Rəhimova və başqaları xoş təəssüratlarını bölüşüblər. Qəbələ rayonunun Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Dəmir Əliyeva deyib ki, Masallı ilə yaxından tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib. Azərbaycanın regionlarını gəzmək ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, bizə ümummilli liderimizin rəhbərliyilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Möhtərəm Prezidentimizin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır. Bizə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.



 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад