Главная > Təhsil > Təbrik edirik! Həyatla üzbəüz

Təbrik edirik! Həyatla üzbəüz


18-11-2017, 19:57. Разместил: yeni321
Təbrik edirik!
 
Həyatla üzbəüz

Bu da 70 yaşın keşməkeşli təqvim günü. Həyatla üzbəüz olanda ömrün 70-ci səhifəsindən əsən meh uzaqlı-yaxınlı xatirələrin istisini, hərarətini çəkib gətirir. Təkcə istini, hərarətimi? Soyuqluq, üzlərin, sifətlərin bozluğu, ürək donduran əyri, kəc baxışlar... Azmı olub bu buz sırsıralı baxışlarla qarşılaşdığın? Bəzən dünyanın ən yüksək amalını, həqiqətini müdafiə edəndə, ağ işığı adı ilə adlandıranda belə keçilməz maneələrə, sədd-sərhədə tuş gəlir insan. Sən də dünyanın ən böyük həqiqətinin tərəfində olmusan. Bu həqiqətə sevgin, məhəbbətin ümmana dönüb, qəlbində çağlayıb, sədd-sahil tanımayıb. Vaxtilə Azərbaycanın qanını soran, yurdu quru yurda qoyan dərəbəylərin sözünə, iradəsinə qarşı çıxmaq ən azı öz taleyini mücərrəd bir məcraya yönəltmək idi. Vəzifələrdə yuva quranların mənəm-mənəmlik iddiası xaqın səsini batıranda, onların səriştəsizliyi ölkədə xaos, anarxiya, hakimiyyətsizlik yaradanda sən müdrik bir rəhbərin, Azərbaycanın əsl sahibinin, xalqa candan yananın, ölkənin gələcəyinin qarantı olacaq bir insanın portretini köksünə sıxıb Masallıda Yeni Azərbaycan Partiyasının təsis konfransına gətirdin. Tanrının əlçatmaz zirvələrə qaldırdığı müdrik siyasətçinin portretini ucaya qaldırıb, alqışlar qazandın. Hadisə masallıların yaddaşındadır.
Heydər Əliyevə onda da milyonların böyük məhəbbəti, sonsuz inamı vardı. Onda da bu müdrik şəxsiyyətə, dünyada tanınmış siyasətçiyə xalqın güvənci, etibarı böyük idi. Azərbaycana rəhbərlik edəndə xalqın güzəranına firavanlıq günəşi doğmuşdu. Azərbaycan SSRİ miqyasında ən uğurlu məmləkət sayılırdı. Ölkədə güclü sənaye, kənd təsərrüfatı, iqtisadiyyat yaranmışdı. Bu, ulu öndərin dəst-xətti idi.
Sonradan SSRİ kimi böyük bir ölkənin siyasi rəhbərlərindən biri olanda da idarəetmə uğurları xalqların yaddaşında qaldı.
...Sözü gedən hadisəni ona görə xatırladım ki, Qardaş Fətullayev məhz həmin günləri ömrünün ən fərəhli, dəyərli çağları sayır. Tez-tez xatirələrin “Simurq quşu lələyini” oda tutub həmin günlərə qayıdır. Neçə-neçə vəzifəli şəxslə, üzdəniraq “qanun keşikçisi ilə” üz-üzə gəldiyini xatırlayır.
Bu barədə danışanda səsində haqlı iftixar və qürur duyulur:
-Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına Masallıda siyasi tərəfdaş kimi 2-ci mən qoşulmuşam.
1993-cü il fevralın 26-ı masallıların yaxşı yadındadır. Həmin gün Masallıda Yeni Azərbaycan Partiyası rayon təşkilatı yaradıldı. Bu münasibətlə keçirilən konfransa sədrlik edəndə bilirdim ki, idarə rəhbəri kimi vəzifəmi itirəcək, təqiblərə məruz qalacağam. Lakin bütün bunlar dərk etdiyim həqiqət qarşısında çox kiçik hisslər idi. Konfransda partiyanın Masallı Rayon Təşkilatının sədr müavini seçildim. Fəxr edirəm ki, Azərbaycanın qurucusu və memarı ulu öndərimiz Heydər Əliyevin yaratdığı partiyanın üzvü və fəal təbliğatçılarındanam.
Sözünə davam edən müsahibimin həmin dövrə aid göstərdiyi sənədlərdən aydın olur ki, onun o vaxtkı rayon rəhbərinin təzyiqi ilə işdən azad olunması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sənaye Ticarət Konsernin 19 mart 1993-cü il tarixli əmri dörd aydan sonra ləğv olunmuş, 21 iyul 1993-cü ildən əvvəlki vəzifəsinə bərpa edilmişdir.
Bu dörd ayın mənəvi zərbələri, naratlığı isə onunçün haqqın, həqiqətin müdafiəsi müqabilində sadəcə olaraq qəbul etdiyi həyat görüntüsüdür.
Görünür bəziləri hərəkətini həzm edə bilməmişdi. Çox adam vəzifəsindən qorxduğundan ona qarşı təqiblər, haqsız ittihamlar başlandı. İşi dəfələrlə yoxlanıldı. Heç bir səbəb olmadan bu “qabağından yeməyən” idarə rəhbəri işindən – Yerli İstehsal Kombinatının direktorluğundan çıxarıldı. Doğrudur, şəxsiyyətində əyilməzlik, yenilməzlik, döyüşkənlik, haqqa-ədalətə tapınmaq olan, cəmiyyətdə nüfuz qazanmış bu insan tezliklə “ağır oturub batman gəlməyilə” sübut etdi ki, nahaq işdən çıxarılıb. Nəinki bu aydın həqiqəti sübut etdi, eyni zamanda rəqibləri etiraf etməyə məcbur oldular. Əvvəlki işinə qayıtdı.
Həyatın ağır tərəfini seçib həmişə. Xarakterindəki haqqa tapınmaq, mübarizlik, ədalət naminə ən çətin, başqalarının cəsarəti çatmayan işə cəsarətlə girişməsi uşaqlıqdan başlanıb.
Rayon partiya komitəsinin büro üzvü kimi neçələrini ittihamdan, əsassız cəzadan xilas etdi. Hətta o zamanlar qılıncının dalı da, qabağı da kəsən partiya komitəsinin birinci katibinin iradəsiə əks olsa belə...
Tərcümeyi-halı balaca bir kənddən başlanıb. 1947-ci ildə Yeddioymaq kəndində dünyaya göz açıb. 1954-cü ildə Yeddioymaq orta məktəbinin I sinfinə daxil olub. 1965-ci ildə 11-ci sinfi bitirib. Həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olub. 1969-cu ildə ali məktəbi bitirib Yeddioymaq orta məktəbində müəllim kimi işə başlayıb. Sonradan Ali Komsomol Məktəbini bitirib. Yeddioymaq məktəbindən başlayan əmək fəaliyyəti sonradan çox yerlərə şaxələnib. Bir il altı ay müəllim işlədikdən sonra 9 il Masallı Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsində çalışıb. Sonra 2 il Masallı Rayon Xalq Deputatları Soveti İzraiyyə Komitəsinin sədr müavini, 8 il Məişət Xidməti Kombinatının direktoru, 4 il Yerli İstehsalat Kombinatının direktoru, 25 il rayon təhsil şöbəsinin inspektoru işləmişdir.
Seçkili orqanlarda işi də ömrün xeyli hissəsini təşkil edir. Respublika Komsomolu Mərkəzi Komitəsinin Plenum üzvü – 5 il, rayon partiya komitəsinin plenum üzvü – 14 il, rayon partiya komitəsinin büro üzvü – 7 il, rayon Sovetinin Deputatı – 16 il, Masallı Şəhər Sovetinin deputatı - 4 il, Masallı-Lənkəran Seçki Dairəsinin sədri – 7 il, YAP rayon təşkilatının sədr müavini – 10 il, şura üzvü – 25, idarə heyətinin üzvü – 10 il, rayon təhsil şöbəsinin şura üzvü – 25 il, “Masallı ziyalılari” İB-nın sədri – 10 il, rayon Ağsaqqallar şurasının sədr müavini – 4 il!
Xidmətləri dövlətin orden və medalları, fəxri fərmanlar, mükafatlarla dəyərləndirilib. Ümumittifaq Komsomolu MK-nın, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin (4 dəfə), Gürcüstan Komsomolu MK-nin, YAP Mərkəzi Aparatının, Masallı Rayon İcra Hakimiyyətinin (4 dəfə), rayon partiya komitəsinin (3 dəfə) və bir sıra nazirliklərinin fəxri fərmanları, yubiley nişanları, 100 dəfədən artıq pul makafatları ilə təltif olunmuşdur. “Şərəf nişanı” ordeni, “Tərəqqi”, “Əmək veteranı”, “Əməkdə fərqlənməyə görə” medallarına layiq görülmüşdür.
Hazırda da ictimai fəaliyyətini davam etdirən Qardaş Fətullayev Masallı Rayon “Masallı ziyalıları” İctimai Birliyinin sədri, YAP rayon təşkilatının, təhsil şöbəsinin, rayon Ağsaqqallar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin şura üzvü kimi fəaliyyət göstərir.
Ötən günlərə nəzər salanda, ürəyə təskinlik gətirən nə varsa ömrün qiymətidir.
Bu barədə sözün var ki, peşəm, dövlətə, xalqa xidmətim ömrümün mənasıdır. Dostlarım, övladlarım, nəvələrim... bu məqamda kövrəkliyi də ətrafında yaxınlarının, doğmalarının itkisi ilə əlaqədardır. Yetmiş yaşa xas yarpaq tökümü var ki, qazandığımızla yanaşı itkilərimiz də qanunauyğundur...
Şagird, tələbə yoldaşlarımızdan, həyatda qazandığımız dostlardan, doğmalarımızdan... bir sözlə, əlimizi uzadanda çatan ətrafdakılardan neçələrini çiynimizdə son mənzilə yola salmışıq.
İnsan ömrünün qiymətini zaman verir, yaşadığı həyat verir. Bu ömrün diktəsi belədir: Qardaş Fətullayev cəmiyyətə gərək insandır.

                                                                                                                               Rəsul RZAYEV,
                                                                                                “Yeni həyat” qəzetinin baş redaktor müavini.

шаблоны для dle 11.2
Вернуться назад