Главная > İqtisadiyyat > TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ

TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ


12-06-2020, 13:57. Разместил: admin44
TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ

Bu gün taxıl tədarükü iqtisadiyyatımızda gündəmdə olan prioritet sahələrdəndir. Təsadüfi deyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçımız, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir.
Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməlidir.
Zəmilərin yaşıl örpəyinin qızılı donla əvəz olunduğu, kombaynların sahələrə çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü mövsümdə müxtəlif dənli və texniki bitkilərin, o cümlədən taxılın, həmçinin qaba və şirəli yemlərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır.
Birinci növbədə qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin - təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və s. ümdə vəzifəsi olmalıdır.
Xüsusi olaraq qeyd edək ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar.
Taxıl və ot yığımına başlamazdan bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, ilkin odsöndürmə vasitələri ilə tam təmin etməlidirlər. Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün əmrlə cavabdeh şəxslər təyin edilməlidir.
Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimat keçməlidir. Yanğın təhlükəsizliyi üzrə təlimat almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir.
Məhsul yığımında iştirak edən texnikanın hamısı işə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır.
Məhsul yığımında iştirak edən bütün texnikaların, mühərriklərin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməlidir.
Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları mütləq qığılcımsöndürənlərlə təmin edilməlidir.
Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədi ilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.
Mühərriki akkumlyatorla işə salınan kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikalarının akkumlyatorları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və yaxud plasmas borularla mühafizə olunmalıdır.
Yığımda iştirak edən texnikalar yanğın təhlükəsizliyi tələblərinə uyğun olması hər bir müəssisədə təşkil olunmuş xüsusi komissiya tərəfindən yerli Dövlət Yanğın Nəzarəti orqanı əməkdaşı ilə birgə yoxlanılmalıdır.
Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar adam tərəfindən işə salınması, onun yedəyə alınmaqla və yüksəklikdən buraxmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra texnikanın sahələrdə saxlanması, kombaynlarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır.
Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.
Tarla düşərgələrində, taxıl təmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində «Siqaret çəkmək yeri» yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır. Məhsul yığımı dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədi ilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.
Yığım maşınlarının diyircəklərinin və digər sürtülən hissələrinin qızmasının qarşısını almaq məqsədi ilə onların vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların, digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir.
Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda yerləşdirilməlidir. Xırmanların sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır.
Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o böyük zəhmət hesabına yetişdirilir.
Elin bu əvəzsiz sərvətini yanğından qoruyun!

FHN DYNX –nin Cənub Regional Dövlət Yanğın
Nəzarəti İdarəsi
шаблоны для dle 11.2
Вернуться назад