Главная > Maraqlı > Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etmişdir
Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etmişdir20-09-2024, 21:00. Разместил: admin44 |
2023-cü il 19-20 sentyabr tarixlərində baş verən antiterror əməliyyatları Azərbaycanın öz suveren hüquqlarının bərpası və ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tarixi əhəmiyyət daşıyan mühüm hadisə idi. Bu əməliyyatlar bir neçə il ərzində Ermənistan tərəfindən törədilən təxribatların, qanunsuz silahlanmaların, mina partlayışlarının və sülh çağırışlarına məhəl qoyulmamasının nəticəsi olaraq həyata keçirilmişdir. Azərbaycanın mübarizəsi həm hüquqi, həm də beynəlxalq humanitar qanunlara uyğun olaraq aparılmış və milli təhlükəsizliyimizi təmin etmək məqsədini daşıyırdı. Bu əməliyyatlar nəticəsində erməni separatçılarının bölgədəki qeyri-qanuni fəaliyyətlərinə son qoyulmuş və Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etmişdir. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi ilə nəticələndi. Müharibə zamanı Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı kimi strateji əhəmiyyətli əraziləri, Qarabağın tacı sayılan Şuşa şəhərini azad etmişdi. Bununla yanaşı, Ağdam, Laçın və Kəlbəcər rayonları isə bir güllə belə atılmadan Azərbaycanın nəzarətinə qaytarıldı. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə hərbi əməliyyatlar dayandırıldı və bölgədə sülh prosesi başlandı. Azərbaycan tərəfi Ermənistanın sülhə məhəl qoymadığını və terror aktlarına davam etdiyini gördükdə qanuni addım atmağa məcbur oldu. 19 sentyabr 2023-cü ildə Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşmələri tərəfindən genişmiqyaslı təxribatlar və terror aktları törədildi. Bunun nəticəsində, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda mina partlayışı nəticəsində mülki şəxslər və daxili qoşunların hərbi qulluqçuları şəhid oldu. Eyni zamanda, Şuşa və Ağdamda erməni silahlı dəstələrinin atəşləri nəticəsində mülki şəxslər həyatlarını itirdi. Azərbaycan Ordusunun hərbi mövqelərinin atəşə tutulması və erməni qüvvələrinin döyüş hazırlığını gücləndirməsi ilə Azərbaycan lokal antiterror əməliyyatlarına başladı. Bu əməliyyatlar Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı qüvvələrin və terrorçuların neytrallaşdırılması, konstitusional hüquqların bərpası və bölgədəki mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyırdı. Bu uğurlu hərbi tədbirlər sayəsində erməni separatçıları cəmi 23 saat 43 dəqiqə sonra ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan tərəfinin humanitar qaydalara uyğun olaraq mülki əhaliyə zərər vurmadan həyata keçirdiyi bu əməliyyatlar nəticəsində bölgədəki erməni əhalisinin təhlükəsizliyinə də zəmanət verildi. Qarabağdakı erməni sakinlərinin nümayəndələri vasitəsilə atəşkəs əldə olundu və separatizmə son qoyuldu. Azərbaycan dövləti bu antiterror əməliyyatları ilə bir daha göstərdi ki, ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təhdidə qarşı qətiyyətlə cavab verəcək. Ölkəmiz beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət etdi və bölgədə sülh və sabitliyin təmin edilməsi üçün vacib addımlar atdı. Antiterror tədbirlərinin uğurlu icrası ilə Azərbaycan Qarabağda yeni bir mərhələyə qədəm qoydu, separatizmin sonunu gətirdi və bölgədə əmin-amanlığın bərqərar olmasına nail oldu. Paşayev Teymur, Masallı rayon E.Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbi Вернуться назад |