Главная > İdman > Masallı UGİŞM şahmat üzrə zona birinciliyinin qalibidir

Masallı UGİŞM şahmat üzrə zona birinciliyinin qalibidir


25-10-2023, 20:31. Разместил: admin44

Lənkəran şəhərində “Təhsil” Respublika İdman Mərkəzinin şahmat idman növü üzrə birinciliyinin zona mərhələsi yarışları keçirilib.
Dairəvi üsulla keçirilən zona yarışlarında (15-22 oktyabr) respublikanın 12 komandası tərkibində müxtəlif yaş qrupları üzrə oğlan və qızlar qələbə uğrunda mübarizə aparıblar.

Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançıları yarışlarda uğurlu nəticələr göstəriblər. UGİŞM-nin baş məşqçi-müəllimi, respublikanın Əməkdar məşqçisi Famil Fərmanlının yetirmələrindən 9 nəfəri müxtəlif dərəcəli medallara layiq görülüblər. Nərmin Novruzlu (6 yaş) birinci, Əli Cəfərov (8 yaş), Fazil Məhərrəmli (10 yaş), Aylin Qəniyeva (12 yaş), Ayşən Şahmarova (14 yaş) ikinci, Aynil Əhmədli (7 yaş), Hüseyn Feyzullayev (12 yaş), Miryusif Sadıqzadə (14 yaş), Lalə Ağacanova (16 yaş) üçüncü yerə sahib olublar.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medallarla mükafatlandırılıb.
Masallı UGİŞM komandalar arasında medal sayına görə lider olub.

Məktəbin 5 şahmatçısı (I və II yeri tutanlar) 06-13 dekabr 2023-cü il tarixində Bakı şəhərində keçiriləcək respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.

Məlumat üçün bildirək ki, yarışın keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin şagirdləri arasında yaş qrupları üzrə ən güclü şahmatçıların müəyyən edilməsi, istedadlı şahmatçıların üzə çıxarılması, onların Mərkəzin yaş qrupları üzrə yığma komandalarına cəlb edilməsi və şahmatçılar arasında dostluq əlaqələrinin yaradılmasıdır.
 


Akif AĞAYEV
 


 
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад