Masallıda mülki müdafiə sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
19 noyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə mülki müdafiə sahəsində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclasda Rayon Fövqəladə Hallar Komissiyasının katibi, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, mayor Ramil Məcidov, həmin şöbənin baş zabiti, mayor Nizami Dadaşov, Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin zabiti, baş leytenant Murad Babayev, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
İclasda cari tədris ilində rayonda mülki müdafiə işinin təşkili və planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlığı, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı mövcud vəziyyət təhlil olunub. Həmçinin aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş işlərin nəticələri nəzərdən keçirilib, 2027-ci tədris ili üçün qarşıda duran əsas vəzifələr müzakirə edilib.
İclası giriş sözü ilə açan Nahid Həsənov mülki müdafiə sahəsində görülən işlər, mövcud vəziyyət, yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, əhalinin fövqəladə hallara hazırlığının artırılmasının, mülki müdafiə üzrə maarifləndirmə işinin gücləndirilməsinin və müvafiq tədbirlərin sistemli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, mayor Ramil Məcidov çıxış edərək il ərzində mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib. O, mövcud nöqsanların aradan qaldırılması, mülki müdafiə tədbirlərinin daha səmərəli təşkili, əhalinin bilik və bacarıqlarının artırılması istiqamətində müvafiq tapşırıqların müəyyənləşdirilməsinin vacibliyini qeyd edib və 2027-ci tədris ilində qarşıda duran vəzifələrə dair tövsiyələrini diqqətə çatdırıb.
İclasda mülki müdafiə sahəsində işin daha da təkmilləşdirilməsi, idarə, müəssisə və təşkilatlarda hazırlıq səviyyəsinin yüksəldilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin ardıcıl həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda mülki müdafiə sahəsində müəyyən edilmiş vəzifələrin vaxtında və keyfiyyətlə icrası, aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi və əhalinin fövqəladə hallara hazırlığının artırılması ilə bağlı müvafiq tövsiyələr verilib.




































