Köhnə kişi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Köhnə kişi

       …Təbiət başdan-başa ilahi incəsənətdir. Cəmiyyətdə bu ilahi gözəlliyin ahəngini duyan, zamanın və məkanın ritmini tutan mahir sənətkarlardan kimi onu firçayla,  kimi poetik sözlə, kimi musiqi dili ilə izhar edir və elə Allahın yer üzünə bəxş etdiyi bu  ilahi nemətləri xalqın yaddaşında əbədiləşdirir. 
        
    Qarmonu ilə musiqinin poeziyasını yaradan Hacı Abutalıb Balakişi oğlu Sadıqov da belə mahir sənətkarlardan idi… Qarmonun neçə yaşı var? Harda yaranıb?  Kim icad edib? Deyə bilmərəm. Amma Hacı Abutalıb ötən əsrin 60-70 -ci illərində öz istedadı və ritmik imporovizasiyaları ilə qarmonun həm də Azərbaycan xalqının müsiqi aləti olduğuna öz möhürünü vurdu. Və sənət TAXTGAHının keşiyində həm əsgər, həm də sərkərdə kimi dayanaraq, Azərbaycanın tanınmış incəsənət xadimləri  cərgəsində  yer aldı.
     …Bu sətirləri qələmə alanda mən bir daha Hacı Abutalıbın ölməz sənət dünyasına  təşrif apardım. Ən yaxşı bələdçim isə unudulmaz sənətkarın internet saytlarında yer alan bir-birindən gözəl ifaları oldu. Yazımın son nöqtəsini qoyanacan onun barmaqlarından nur parçası kimi qopub ruhumu cilalayan təranələrinə qərq oldum. Və Abutalıb Sadıqovun qarmonunun havasına yaddaş saxlancımda mühafizə olunan uşaqlıq xatirələrim  oyandı. 
      …Bərli - bəzəkli, allı-güllü, xalı-xalçalarla süslənmiş kənd toyxanaları gözlərimin önündə canlandı. Aşıq Pənah sazıyla meydan suladı, Rəşidin qara zurnasının səsi kənd-kəsəyi başına götürdü, xanəndə İsrafil toyxana dalındakı utancaq, abrına-həyasına qısılmış gözəlləri süzə-süzə gözəlləmələr oxudu. Uşaq düşüncəsiylə gözləri barmağında olduğunu zənn etdiyimiz Kor Balayar da qarmonunu bağrına basıb “Xancobanı”nı dilləndirdi...
         Doğrudan da, biz o zaman elə bilərdik ki, toy-düyündə qarmonçalan Kor Balayarın barmağında gözü var. Bu məsum uşaq “müşahidəsini” tay-tuşlarımızdan biri – indi tanınmış şair Saday Şəkərli illər sonra “Kor Balayar” poemasında belə qələmə aldi:
    Neçə qızın, gəlinin,
    neçə bəyin yadında
    bir qarmonçu yaşayır,
    Kor Balayar adında.
    ***
    ... Uşaqlar inanmışdı
     (kimin buna sözü var?)
     güya Kor Balayarın 
     barmağında gözü var.
      …Qarmonuyla el-oba şənliklərində, toy-büsatda, qastrol səfərlərində görkəmli Azərbaycan sənətkarlarını, xalq artistlərini müşayət edən Hacı Abutalıb da özünəməxsus, əvəzsis və professional ifası ilə gənc yaşlarından məşhurluq qazanmışdı. Həmyerli olsaq da, mən onu ilk dəfə Azərbaycan televiziyasındakı solo konsertlərindən tanıyırdım. 
       HAŞİYƏ: 2000 - ci ilin sonunda (dekabrın 29-da) Masallının rayon mərkəzi kimi təşkil olunmasının 70 illik yubleyi keçirilirdi. Rayonun rəhbərliyi məclisi aparmağı mənimlə o vaxt Lider telekanalında çalışan - hazırda Əməkdar mədəniyyət işçisi, “Mədəniyyət” jurnalının baş redaktoru, fəlsəfə dokturu Zöhrə xanım Əliyevaya həvalə etmişdi. “Mübarək” şadlıq sarayının geniş salonunda cənub diyarının naz-nemətiylə dolu bayram süfrələrinin başında Bakıdan dəvət olunmuş, millət vəkilləri, tanınmış alimlər, hüquqşünaslar, incəsənət xadimləri və rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar əyləşmişdilər. Ssenariyə uyğun olaraq hər iki-üç çıxışdan sonra xanəndələr və sazəndələr çalıb-oxuyurdular. 
         Mən Abbutalıb müəllimi qeyri-ixtiyarı Xalq Artisti kimi təqdim etdim. O, xəstə olsa da, ayağa qalxıb salonu gəzə-gəzə qarmonda gözəl muğam ifa etdi, ardınca da “Ayşadı”, “Qars”, “Naxçıvan yallısi” havaları ilə məclisə rövnəq verdi. Sənət aşiqi gözlərini yumub çalğısı ilə elə bil, özü də şux gəncliyinə qayıtmışdı. Qırx ildən çox könül verdiyi sədəflə işlənmiş qarmonu isə qos-qoca kişilər kimi dil açıb Böyük Azərbaycandan danışırdı, cənub diyarından, doğma Masallının təbiətindən, qonaqpərvəliyindən bəhs edirdi… 
        Bu zaman millət vəkillərindən biri məni çağırıb dedi ki, “sən siyasi səhvə yol verdin!” Soruşdum niyə? Dedi ki, Abutalıb Sadıqov xalq artisti deyil axı, sən niyə onu xalq artisti deyə təqdim etdin?”
          Susdum və dönüb heyrətlə Abutalıb müəllimə sarı boylandım. O, möcüzə yaradan musiqisiylə məclis əhlini ovsunlayaraq sanki ayrı bir dünyaya aparmışdı. Çalğısıyla qəlblərin hisini- pasını silərək, kinə – küdurətə, qəzəb hissinə, paxıllığa divan qurmuşdu. Hacı Abutalıb qarmonun körüyünü açıb- yığdıqca, barmaqlarının yaratdığı ecazdan vəcdə gəlib insana sevgi, yurda dinclik, cahana sülh, əmin-amanlıq yarşır deyirdi. Melodiya zəngiliyi, metro-ritmik xüsusiyyətlər, xalqın hiss və duyğuları, temperamenti, təbiətin rəngarəng çalarları Hacı Abutalıbın batini dünyasından, ruhundan qopan incilər kimi könüllərə süzülürdü. Qarmonun kəhraba dilçiyi onun barmaqlarının təmasından mum kimi əriyirdi. Bu hər sənətkara xas olmayan SƏNƏT eşqinin sufilik məqanmıdır! Yalnız öz istedadı ilə xalqın sevgisini qazanan, fəqət dövlətdən, hökümətdən təmənna güdməyənlər bu ali məqama yüksələ bilərdi. Məhəbbət, hörmət, sənət EŞQİ olan yerdə doğmalığın aurası, gözəlliyin haləsi yaranır.  
              Sürdü Məcnun növbəsin, indi mənəm rüsvayi –eşq,
              Doğru derlər, hər zaman bir aşiqin dövranıdr.
         …Abutalıb müəllim ifasını bitirəndən sonra salonda alqış sədaları ucaldı. Mən də bundan sui-istifadə edərək “siyasi səhvimi düzəldim”. Dedim ki, düzdür, Xalq artisti adı hələ Abutalıb müəllimə rəsmən verilməyib, amma bu alqışlar bir daha sübut edir ki, o elə xalqın artıstıdır! “Xalqın gözü tərəzidir” məsəli əsrlərin, qərinələrin sınağından çıxan ən müdrik kəlamlardandır. Ona görə də əsl sənətkara qiyməti elə gözü tərəzi, qəlbi ayna kimi şəffaf olan əbədi və əzəli xalqımız verir.  
          
    Hacı Abutalıb el-oba məclislərində, toyda-düyündə, ekranda-efirdə şəxsən özünün sənətkarlıq yanğısıyla bəstələyib və qarmonda ifa etdiyi “Rahimi”, “İlkini”, “Aybənizi”, “Təranə”, “Nəzrini” və  başqa havalarında Məcnunsayağı  İlahi eşqin və  insan sevgisinin  sonsuzluğuna can atırdı, RUHLARA toy tuturdu!.. 
        
     İncəsənəti köksünün altında daş-qaya gəzdirən siyasətçilər deyil, bəşəri hisslər yaşadan ürəklər, doğulduğu torpağa, insana və insanlığa hörmət, sevgi   bəsləyənlər yaradır.  Hətta  Lavrenti Beriya kimi  siyasət cəlladı  minlərlə günahsız insana ağır işgəncələr verəndən sonra  Kremldə öz kabinetinə çəkilib  Şostakovicin İLAHİ HARAY kimi səslənən simfoniyalarını dinləyə - dinləyə hönkürtüylə ağlayarmış. İncəsənətin fəziləti, qüdrəti, fəlsəfi siqləti siyasətin qabahətinə - ürəklərə vurduğu yaralara, iztirablara  məlhəm qoyur.
     
      ...Fəzilət sahibi Hacı Abutalıbın sağlığında bir təvözokarlığını da deməyi özümə  borc  bilirəm. Könüllərin  məlhəmi, toy-bayramların bəzəyi olan İran  təranələrinə ilk dəfə qarmonda özünəməxsus tərtibatla, sevə-sevə qol-qanad verən məhz Hacı Abutalıb olub!  Az sonralar  mahir qaboy ustası, Azərbaycanın xalq artisti Kamil Cəlilov bu melodiyadan böyük ilhamla bəhrələnərək, onun ahənginə qaboyla özünəxas qürur və məğrurluq çalarları qataraq “Azərbaycan təranələri” kimi yeni nəfəs verdi. Və hər iki sənətkar sözün əsl mənasında KÖHNƏ KİŞİLƏRDİR.  Çünki indi terlekanallarda nəinki qadın sənətçilər, hətta kişilər bu və ya digər mahnıları ilk dəfə ifa etdiklərinə görə bir-birlətinin ünvanına nalayiq sözlər yağdırırlar. Tele-məkanı söyüş və döyüş meydanına döndərməyin özü də çılızlıq əlamətindən savayı bir şey deyil. Onlara baxanda, inid düşünürəm ki, Hacı Abutalıb da, Kamil Cəlilov da əbəs  yerə başlarına kişi  papağı daşımırmış!..
         
    Mən yaşıma görə Abbutalıb müəllimlə çox az ünsüyyətdə olmuşam. Bakıya köçəndən sonra onu tez-tez Vahid Poeziya Evinin yerləşdiyi flarmoniyanın bağında məşhurlarla  bir arada görürdüm; kaman ustası Habil Əliyev, mərhim xanəndə Sabir Mirzəyev, xalq artisti Səfa Qəhrəmanov, tanınmış nağara ifaçısı, xalq artisti Sadıq Zərbəliyev, xanəndə Həbib Rəhimov, əməkdar jurnalist Zakir Abbas və başqaları çay içə-içə söhbət edir, nərd oynayırdılar.
            
    Hacı Abutalıb dadlı-duzlu söhbətlərinə ilə təkcə mənə yox, həmsöbət olduğu hər kəsə köhnə, qədim-qayım  kişiləri xatırladardı. Təsadüfü deyil ki, professor Fərahim Sadıqovun “Masallı folkloru” kitabında Hacı Abutalıbın şəbədələri, zarafatları, gülməcələri, atmacaları da yer alıb.
            
    O, böyük sənət dünyasına qeyrətlə vətəndaşlıq edirdi. Ölümündən sonra  yaşamaq hər adama nəsib olmayan səadətdir. Hacı Abutalıb nəinki sənət doslarının, əzizlərinin, doğmalarının xatirəsində yaşayır, hətta bu gün internetdə qarmonuyla  dünyanı fəth edir .
          
    ...Budur, Hacı  Abutalıbin  möcüzə yaradan barmaqları  qarmonun kəhrəba dilçikləri üzərində gəzir, onun böyük həvəslə müşaiyət etdiyi xalq artisti Könül   Xasıyeva çox kövrək və həzin bir  səslə  “Əziz dostum”u  oxuyur: 
    ...Çaldığım o sazı gətirin mənə,
    Görün ki, çalmaqda necə mahirəm.
    Əlim dəyən kimi bircə telinə
    Simlər haray çəkib qırılır o dəm.   
    ***                                                                                                    
    Necə nəğmə qoşum necə dillənim,
    Dost gedib özümə gələ bilmirəm.
    Elə bil əllərim yox olub mənim,
    Gözümün yaşını silə bilmirəm... 
        
    Bu nəğmənin sözləri Dağıstanın görkəmli oğlu Rəsul Həmzətovun, musiqisi Azərbaycanın  ölməz və dəyərli  sənətkarı  Qulu Əsgərovundur.  Hacı Abutalıbın qarmonda müşaiyətiylə onu çox kişi xanəndələr oxuyub. Və o kişi xanəndələrin  çoxu dünyasını dəyişib. Könül xanımın ifasında bu mahnı indi mənim də çoxlu dost itirdiyim bu çağlarımda ayrı cür səslənir. Elə bil, Rəsul Həmzətovun, Qulu Əsgərovun, Hacı Abutalıbın ruhları Könülün məlahəttli səsinə qoşulub PULUN  baş rolda olduğu bu dünyaya kişiliyin, dostluğun qurtardığını, yaxşı və KÖHNƏ  kişilərin və dostların ölüb getdiyini xatırladıb, yada  salır....    
       Bəli, dost “DOST kimi öz etibarını itirib” gedib, mən də bu “üzüdönük ZAMANƏNİ qınayıb” özümə gələ  bilmirəm!..                
                       Nurəddin ƏDİLOĞLU, 
                       yazıçı-publisist.                                               
                                                   (13.12.2014)
        P.S.                                                                                                                                                                                                 Sadiqov Abutalıb Balakişi oğlu 1945-ci il fevral ayinin 22-də Masallı şəhrində anadan olub. 1951-ci ildə birinci sinifə gedib və 1962-ci ildə orta  məktəbi  bitirib. Masallı Mədəniyyət Evində ictimai əsaslarla  bir illik  Musiqi Məktəbi bitirəndən sonra bir müddət Səyyar avtoklubda müdir və şəhər 3 saylı orta məktəbində musiqi-nəğmə müəllimiişləyir. 1969-cu ildən etibarən Bakı Mədəni Maarif Texnikumunda 30 il qarmon müəllimi kimi  fəaliyyət  göstərib.  Sonralar Azərbaycan Dövlət Qastrol - Konsert Birliyinə solist qamonçalan kimi dəvət olunub. 2008-c il aprelin 2-də dünyasını dəyişmişdir. 2015-ci ildə professor Fərahim Sadıqovun layihə rəhbərliyi ilə  A.Sadıqovun 70  illiyinə həsr olunmuş “Könüllərdə yaşayan sənətkar” adlı  kitab nəşr olunmuşdur. Kitaba unudulmaz sənətkarın ailə üzvləri və doğmalarının, alimlərin, siyasi xadimlərin, qələm sahibləri və sənət dostlarının maraqlı xatirələri daxil edilmişdir.




    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı fiziki məhdudiyyətli uşağı evində ziyarət edib
    2. 13:34 Rayon rəhbəri 52 il pedaqoji fəaliyyət göstərmiş 87 yaşlı müəllimlə görüşüb
    3. 12:55 Köhnə kişi
    4. 19:56 Azərbaycan–Böyük Britaniya əlaqələri: qarşılıqlı etimad və ortaq maraqlar
    5. 19:54 Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlığın yeni mərhələsi
    6. 17:41 Masallıda 13.11.2026-cı il tarixli növbəti əmək yarmarkası
    7. 15:49 Tural Ağammədov: “Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə artırılması alıcılar üçün əlavə maliyyə yükü yaradır.”
    8. 15:45 Masallıda muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb – STATİSTİKA
    9. 23:30 Rayonun Hüseynhacılı kəndində şəhid Elçin Novruzovun şəhadətinin 6-cı ildönümü anıldı
    10. 23:30 Rayonun Ərkivan qəsəbəsində şəhid Sahib Şirəliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, uşaq əməyinin istismarı və erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib
    12. 23:30 Rayonun Sərçuvar kəndində şəhid Səməndər İsgəndərovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid atası Sarbala Babayevi 60 illik yubileyi münasibətilə təbrik edib
    14. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, narkomanlığa qarşı mübarizə, uşaq əməyinin istismarı" mövzusunda tədbir
    15. 18:41 Masallı Rayon İcra Hakimiyyəti başçsının 12.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 13:29 Rayonun Qızılağac kəndində şəhid Cavad Babayevin şəhadətinin 6-cı ildönümü anıldı
    17. 21:00 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını
    18. 20:26 Rayonun Mahmudavar kəndində şəhid Röyad Məmmədovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 20:24 Rayon rəhbəri 11 noyabr 2026-cı il tarixdə Hacıtəpə kəndində səyyar qəbul keçirib
    20. 23:30 Rayonun Viləş kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətinin 6-cı ildönümü anıldı
    21. 21:30 Masallı şəhərində şəhid Murad Nəfəsovun şəhadətinin 6-cı ildönümü anıldı
    22. 23:30 Masallıda “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib
    23. 21:49 Rayon rəhbərinin şəhid qardaşların ailəsini ziyarəti
    24. 21:47 Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Balaqardaş Vəliyevin ailəsini ziyarət edib
    25. 21:33 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət edib
    26. 09:26 OXUCULARIMIZIN YARADICILIĞI
    27. 14:41 Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib
    28. 14:39 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 04.11.2026
    29. 14:37 Rayon rəhbəri 04 noyabr 2026-cı il tarixdə Babaser kəndində səyyar qəbul keçirib
    30. 17:01 Masallıda "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş növbəti maarifləndirici tədbir
    31. 16:56 Rayon rəhbəri şəhərin Məmməd Rahim küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub
    32. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    33. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    34. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    35. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    36. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    37. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    38. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    39. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    40. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ