Masallıda “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib
- 8-11-2026, 23:30
- Siyasət
- 0
- 9
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü və Şuşa Şəhəri Günü münasibətilə “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib.
Konfransdan öncə tədbir iştirakçıları Masallı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”ni ziyarət edərək Ümumilli Lider və Şəhidlərimizə ehtiramlarını bildirərək tər gül dəstələri qoymuş və ruhlarına dualar etmişlər.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Fəzail İbrahimli, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, idarə-müəssisə, təşkilat, QHT rəhbərləri, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə açıq elan olunub.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov giriş nitqi ilə çıxış edərək Zəfər Gününün xalqımız üçün daşıdığı mənəvi və tarixi əhəmiyyətdən bəhs edib. Natiq bildirib ki, "Dəmir yumruq" kimi birləşən xalqımız dövlət başçısının ətrafında sıx birləşərək qisas saatının çatdığını bütün dünyaya nümayış etdirdi. 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan əsgəri üçün mümkünsüz olan heç nə yoxdur. Sıldırımlı qayaları dırmaşan, düşmənin illərlə qurduğu möhkəmləndirilmiş istehkamları darmadağın edən oğullarımız ölümün gözünə dik baxaraq zəfər yolu açdılar.Və nəhayət, həmin o əzəmətli payız günündə – noyabrın 8-də Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin azad edilməsi xəbəri bütün dünyaya səs saldı. Müzəffər Ali Baş Komandanımızın xalqa ünvanladığı o unudulmaz müraciət, Şuşanın azad olunması xəbəri hər bir azərbaycanlının gözündə sevinc və şükranlıq yaşları yaratdı.
Bu böyük Zəfər heç də öz-özünə gəlmədi. Bu qələbənin arxasında qəhrəman şəhidlərimizin qanı, canı, igid qazilərimizin şücaəti dayanır. Masallı rayonu da Vətən müharibəsində və antiterror əməliyyatlarında özünün ən igid oğullarını – vətənə canını fəda edən neçə-neçə şəhidini şanlı tarixə yazdı. Biz bu gün hər bir şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik. Onların valideynlərinə, ailə üzvlərinə minnətdarlığımızı bildiririk ki, belə vətənpərvər, mərd, fədakar övladlar yetişdiriblər. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların qanı yerdə qalmayıb – bu gün onların qanı ilə azad edilən torpaqlarda həyat yenidən qaynayır, üçrəngli bayrağımız əbədi dalğalanır.
Daha sonra Milli Məclisin deputatları Fəzail İbrahimli və Məşhur Məmmədov çıxış edərək Zəfərin əldə olunmasında xalq-iqtidar birliyinin, güclü dövlətçilik siyasətinin və rəşadətli Azərbaycan Ordusunun rolunu diqqətə çatdırıblar.
Çıxış edən şəhid Araz Seyfullayevin anası Günay Seyfullayeva bildirib ki, 8 Noyabr xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış bir tarixdir. Bu gün Azərbaycan xalqının illərlə ürəyində yaşatdığı torpaq həsrətinin sona çatdığı, üçrəngli bayrağımızın doğma torpaqlarımızda dalğalandığı gündür. Bu Zəfər xalqımızın birliyinin, əsgər və zabitlərimizin qəhrəmanlığının, Ali Baş Komandanın qətiyyətinin nəticəsidir.
44 günlük Vətən müharibəsi hər bir azərbaycanlının həyatında silinməz iz qoydu. Həmin günlərdə bütün xalq bir ürək, bir yumruq oldu. Cəbhədə döyüşən əsgərimizin arxasında milyonlarla insanın duası, sevgisi və inamı dayanırdı. Hər kəs qələbəyə inanırdı. Çünki bu torpaq bizim idi, bu torpaq uğrunda döyüşən oğullarımızın ürəyi Vətən sevgisi ilə döyünürdü.
I Qarabağ müharibəsinin, Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, Öncəqala kənd tam orta ümumtəhsil məktəbinin gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə hərbi rəhbəri Nazim Cəfərzadə də çıxışında Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqdan, döyüş ruhundan və vətənpərvərlik ənənələrinin qorunmasının əhəmiyyətindən danışıb, “Zəfər Günü”nə həsr etdiyi şeiri səsləndirib.
Ərkivan qəsəbə Zahir Nəcəfov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aytən Əliyeva isə Zəfər Gününün milli birlik, Vətən sevgisi və qəhrəmanlıq salnaməsi kimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib.
Konfransın rəsmi hissəsindən sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə bayram konserti təqdim olunub. Musiqi və bədii kompozisiyalardan ibarət konsert proqramı iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib.
Tədbirin sonunda zəfərin Azərbaycan xalqının yenilməzliyinin, milli qürurunun və sarsılmaz iradəsinin təcəssümü olduğu vurğulanıb. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların canı bahasına qazanılmış tarixi Qələbə gələcək nəsillər üçün əbədi qürur mənbəyi olacaq.






































