Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib

Masallı rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə rayon Gənclər Mərkəzində “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransın əsas məqsədi məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi, valideynlərin təhsil prosesində iştirakının artırılması və şagirdlərin təlim-tərbiyəsində birgə məsuliyyətin təşviq edilməsi olub. Tədbirdə müəssisə rəhbərləri, müəllimlər, tərbiyəçi-müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.
Görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, davamiyyət və nizam-intizamın təmin olunması, sağlam məktəb mühitinin formalaşdırılması, eləcə də valideynlərin övladlarının təhsilinə daha fəal dəstək göstərməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Vurğulanıb ki, övladlarımızın uğurlu gələcəyi yalnız məktəbin deyil, məktəb və ailənin birgə səylərinin nəticəsidir.
Konfransda Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə təhsil sektorunun müdiri Elman Rzayev çıxış ediblər.Çıxışlar zamanı erkən nikahın qarşısının alınması, narkomaniyaya qarşı mübarizə, sağlam həyat tərzinin təşviqi və təhsilin cəmiyyətin inkişafındakı rolu kimi mühüm məsələlərə toxunulub. Bu istiqamətlərdə ailə, məktəb və aidiyyəti qurumlar arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
Daha sonra rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Talıbov və valideynlər çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, məktəb-valideyn əməkdaşlığının əhəmiyyətini qeyd ediblər.
“Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda keçirilən konfransda şagirdlərin akademik göstəricilərinin yüksəldilməsi, təlim motivasiyasının artırılması, evdə əlverişli öyrənmə mühitinin yaradılması və təhsil prosesində valideyn dəstəyinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, şagirdlərin təlim nəticələrinin yaxşılaşdırılmasında valideynlərin övladlarının təhsilinə müntəzəm maraq göstərməsi, onların gündəlik dərs fəaliyyətini izləməsi, motivasiya və mənəvi dəstək verməsi mühüm rol oynayır. Bu istiqamətdə ailə və təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, valideynlərin sualları cavablandırılıb və şagird nailiyyətlərinin yüksəldilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.






































