Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
15 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Kürdəbazlı kəndində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Xəlilov Gülşad Elşad oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Tərlan Şahverdiyev, Memarlıq və tikinti məsələləri sektorunun böyük məsləhətçisi Elşən Abiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
İştirakçılar şəhid Gülşad Xəlilovun məzarını ziyarət edib, məzarına gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb.
Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.































