Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
09 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Ərəb kəndində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Qasımov Cəbrayıl Baloğlan oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
İştirakçılar şəhid Cəbrayıl Qasımovun məzarını ziyarət edib, məzarına gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb.
Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.





























