Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
21 oktyabr 2026-cı il tarixində Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Polis Şöbəsi və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov narkomanlığa qarşı mübarizədə dövlət qurumları, hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdıraraq qeyd etmişdir ki, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.6 və 8.4.11-ci bəndlərinin icrası çərçivəsində təşkil olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, narkomanlığın yayılma riskinin azaldılması, əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsi və sağlam həyat tərzinin təşviq edilməsidir.
Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər barədə məlumat verib. O, rayonda narkomanlığın yaranmasına və yayılmasına təsir edən səbəb və şəraitin aradan qaldırılması, risk qrupuna daxil olan yeniyetmə və gənclər arasında profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Masallı Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Qoşqar Hətəmov narkotik vasitələrdən istifadənin, xüsusilə yeniyetmə və gənclər arasında qarşısının alınmasının vacibliyini vurğulayıb. O, məktəblərdə maarifləndirmə işlərinin gücləndirilməsinin, şagirdlərin sağlam həyat tərzinə təşviq edilməsinin, eləcə də bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Masallı Dövlət Regional Kolecinin müəllimi Natiq Vəlişov çıxış edərək bildirmişdir ki, narkomanlığa qarşı mübarizə yalnız dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının vəzifəsi deyil. Bu, ailənin, təhsil müəssisələrinin, gənclər təşkilatlarının, ictimaiyyətin və hər bir vətəndaşın birgə məsuliyyətidir. Bu istiqamətdə birgə fəaliyyət, davamlı maarifləndirmə və sağlam həyat tərzinin təşviqi gələcək nəsillərin qorunmasına xidmət edir.
Sonda narkomanlığın qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi və yeniyetmə-gənclər arasında profilaktik maarifləndirmə tədbirlərinin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra narkomanlığın qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Masallı şəhəri ərazisində yeniyetmə, gənclərə və şəhər sakinlərinə maarifləndirmə bukletləri paylanılmışdır.









































