Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı

20 oktyabr 2026-cı il tarixində Masallı şəhər Heydər Əliyev Parkında müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin təntənəli yolasalma mərasimi baş tutub.
Tədbir Masallı Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Mərasim Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Diqqətə çatdırılıb ki, mərasim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 2 sentyabr 2026-cı il tarixli Sərəncamına uyğun olaraq keçirilir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov gənclərə şərəfli hərbi xidmət yollarında uğurlar arzulayıb.Natiq bildirib ki, bu gün Masallı rayonunun igid, mərd və vətənpərvər oğullarını müqəddəs vətən borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola salırıq. Masallı tarixən öz mərdliyi, milli-mənəvi dəyərlərinə bağlılığı və vətənpərvər övladları ilə seçilib. Əminik ki, siz də bu şərəfli ənənəni davam etdirəcək, hərbi xidmətinizlə ailələrinizin və doğma rayonumuzun adını uca tutacaqsınız.
Daha sonra çıxış üçün söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılova verilib.O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə olunub. Əziz gənclər, sizlər hərbi xidmət müddətində nizam-intizamlı olmalı, komandirlərinizin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməli, vətənə və dövlətə sədaqətinizi əməli fəaliyyətinizlə göstərməlisiniz.
Valideynlər adından əsgər atası Nahid Rəhimov çağırışçılara öz xeyir-duasını verərək, vətəni layiqincə qorumağı tövsiyə edərək qeyd edib ki, əsgər olmaq yalnız hərbi forma geyinmək deyil, doğma torpağa, xalqa və dövlətə sədaqətlə xidmət etmək, vətənin müdafiəsini özünün ən şərəfli vəzifəsi hesab etməkdir. Övladlara uğurlu xidmət arzulayaraq onları vətənə layiqli vətəndaş kimi böyüdən bütün valideynlərə qürur dolu günlər diləyib.
Çağırışçılar adından isə Əvəz Əsgərzadə ürək sözlərini bölüşərək vətənə sədaqətlə xidmət edəcəklərinə söz verib. Gənc çağırışçı bildirib ki, biz Masallının mərd və vətənpərvər övladları kimi hərbi xidmətimizlə ailələrimizin, doğma Masallımızın və bütün Azərbaycan xalqının fəxrinə çevriləcəyimizə söz veririk. Vətənə xidmət etməkdən qürur duyuruq!
Tədbirin yekununda çağırışçı gənclər müqəddəs üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola düşüblər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının şöbə rəisi Pərviz Sədrəddinov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rəfail Xəlilov və digər rəsmi qonaqlar, valideynlər gənc çağırışçıları hərbi xidmətə uğurlayıblar.
Çağırışçıların hər birinə nizam-intizamla xidmət edib, sağ-salamat doğma evlərinə və ailələrinin yanına qayıtmaları arzulanıb.






































