Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub

08 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Böyük məsləhətçisi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov, Ərazi-təşkilat məsələləri sektorunun böyük məsləhətçisi Sənan Sadıqov, Masallı Rayon Polis Şöbəsinin əməkdaşı, leytenant Ələkbər Əkbərov, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, ağsaqqallar, ziyalılar, şəhid ailələri, müharibə iştirakçıları, polis əməkdaşları və məktəblilər iştirak ediblər.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun keçdiyi şərəfli həyat yolu və Vətən qarşısında göstərdiyi qəhrəmanlıqdan bəhs olunub, onun əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyi vurğulanıb. Məktəblilərin iştirakı ilə Milli Qəhrəmanın həyat və döyüş yoluna həsr olunmuş fikirlər səsləndirilib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Elşad Eynulla oğlu 8 oktyabr 1960-cı ildə Masallı rayonunun Xıl kəndində anadan olub. 1979-cu ildə hərbi xidmətə çağırılıb. Elşad Hüseynov 15 iyun 1992-ci ildə Ağdam rayonunun Fərruxlu kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi igidlik və qəhrəmanlığa görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.


































