Köhnə kişi
- Bu gün, 12:55
- Maraqlı
- 0
- 7

…Təbiət başdan-başa ilahi incəsənətdir. Cəmiyyətdə bu ilahi gözəlliyin ahəngini duyan, zamanın və məkanın ritmini tutan mahir sənətkarlardan kimi onu firçayla, kimi poetik sözlə, kimi musiqi dili ilə izhar edir və elə Allahın yer üzünə bəxş etdiyi bu ilahi nemətləri xalqın yaddaşında əbədiləşdirir.
Qarmonu ilə musiqinin poeziyasını yaradan Hacı Abutalıb Balakişi oğlu Sadıqov da belə mahir sənətkarlardan idi… Qarmonun neçə yaşı var? Harda yaranıb? Kim icad edib? Deyə bilmərəm. Amma Hacı Abutalıb ötən əsrin 60-70 -ci illərində öz istedadı və ritmik imporovizasiyaları ilə qarmonun həm də Azərbaycan xalqının müsiqi aləti olduğuna öz möhürünü vurdu. Və sənət TAXTGAHının keşiyində həm əsgər, həm də sərkərdə kimi dayanaraq, Azərbaycanın tanınmış incəsənət xadimləri cərgəsində yer aldı.
…Bu sətirləri qələmə alanda mən bir daha Hacı Abutalıbın ölməz sənət dünyasına təşrif apardım. Ən yaxşı bələdçim isə unudulmaz sənətkarın internet saytlarında yer alan bir-birindən gözəl ifaları oldu. Yazımın son nöqtəsini qoyanacan onun barmaqlarından nur parçası kimi qopub ruhumu cilalayan təranələrinə qərq oldum. Və Abutalıb Sadıqovun qarmonunun havasına yaddaş saxlancımda mühafizə olunan uşaqlıq xatirələrim oyandı.
…Bərli - bəzəkli, allı-güllü, xalı-xalçalarla süslənmiş kənd toyxanaları gözlərimin önündə canlandı. Aşıq Pənah sazıyla meydan suladı, Rəşidin qara zurnasının səsi kənd-kəsəyi başına götürdü, xanəndə İsrafil toyxana dalındakı utancaq, abrına-həyasına qısılmış gözəlləri süzə-süzə gözəlləmələr oxudu. Uşaq düşüncəsiylə gözləri barmağında olduğunu zənn etdiyimiz Kor Balayar da qarmonunu bağrına basıb “Xancobanı”nı dilləndirdi...
Doğrudan da, biz o zaman elə bilərdik ki, toy-düyündə qarmonçalan Kor Balayarın barmağında gözü var. Bu məsum uşaq “müşahidəsini” tay-tuşlarımızdan biri – indi tanınmış şair Saday Şəkərli illər sonra “Kor Balayar” poemasında belə qələmə aldi:
Neçə qızın, gəlinin,
neçə bəyin yadında
bir qarmonçu yaşayır,
Kor Balayar adında.
***
... Uşaqlar inanmışdı
(kimin buna sözü var?)
güya Kor Balayarın
barmağında gözü var.
…Qarmonuyla el-oba şənliklərində, toy-büsatda, qastrol səfərlərində görkəmli Azərbaycan sənətkarlarını, xalq artistlərini müşayət edən Hacı Abutalıb da özünəməxsus, əvəzsis və professional ifası ilə gənc yaşlarından məşhurluq qazanmışdı. Həmyerli olsaq da, mən onu ilk dəfə Azərbaycan televiziyasındakı solo konsertlərindən tanıyırdım.
HAŞİYƏ: 2000 - ci ilin sonunda (dekabrın 29-da) Masallının rayon mərkəzi kimi təşkil olunmasının 70 illik yubleyi keçirilirdi. Rayonun rəhbərliyi məclisi aparmağı mənimlə o vaxt Lider telekanalında çalışan - hazırda Əməkdar mədəniyyət işçisi, “Mədəniyyət” jurnalının baş redaktoru, fəlsəfə dokturu Zöhrə xanım Əliyevaya həvalə etmişdi. “Mübarək” şadlıq sarayının geniş salonunda cənub diyarının naz-nemətiylə dolu bayram süfrələrinin başında Bakıdan dəvət olunmuş, millət vəkilləri, tanınmış alimlər, hüquqşünaslar, incəsənət xadimləri və rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar əyləşmişdilər. Ssenariyə uyğun olaraq hər iki-üç çıxışdan sonra xanəndələr və sazəndələr çalıb-oxuyurdular.
Mən Abbutalıb müəllimi qeyri-ixtiyarı Xalq Artisti kimi təqdim etdim. O, xəstə olsa da, ayağa qalxıb salonu gəzə-gəzə qarmonda gözəl muğam ifa etdi, ardınca da “Ayşadı”, “Qars”, “Naxçıvan yallısi” havaları ilə məclisə rövnəq verdi. Sənət aşiqi gözlərini yumub çalğısı ilə elə bil, özü də şux gəncliyinə qayıtmışdı. Qırx ildən çox könül verdiyi sədəflə işlənmiş qarmonu isə qos-qoca kişilər kimi dil açıb Böyük Azərbaycandan danışırdı, cənub diyarından, doğma Masallının təbiətindən, qonaqpərvəliyindən bəhs edirdi…
Bu zaman millət vəkillərindən biri məni çağırıb dedi ki, “sən siyasi səhvə yol verdin!” Soruşdum niyə? Dedi ki, Abutalıb Sadıqov xalq artisti deyil axı, sən niyə onu xalq artisti deyə təqdim etdin?”
Susdum və dönüb heyrətlə Abutalıb müəllimə sarı boylandım. O, möcüzə yaradan musiqisiylə məclis əhlini ovsunlayaraq sanki ayrı bir dünyaya aparmışdı. Çalğısıyla qəlblərin hisini- pasını silərək, kinə – küdurətə, qəzəb hissinə, paxıllığa divan qurmuşdu. Hacı Abutalıb qarmonun körüyünü açıb- yığdıqca, barmaqlarının yaratdığı ecazdan vəcdə gəlib insana sevgi, yurda dinclik, cahana sülh, əmin-amanlıq yarşır deyirdi. Melodiya zəngiliyi, metro-ritmik xüsusiyyətlər, xalqın hiss və duyğuları, temperamenti, təbiətin rəngarəng çalarları Hacı Abutalıbın batini dünyasından, ruhundan qopan incilər kimi könüllərə süzülürdü. Qarmonun kəhraba dilçiyi onun barmaqlarının təmasından mum kimi əriyirdi. Bu hər sənətkara xas olmayan SƏNƏT eşqinin sufilik məqanmıdır! Yalnız öz istedadı ilə xalqın sevgisini qazanan, fəqət dövlətdən, hökümətdən təmənna güdməyənlər bu ali məqama yüksələ bilərdi. Məhəbbət, hörmət, sənət EŞQİ olan yerdə doğmalığın aurası, gözəlliyin haləsi yaranır.
Sürdü Məcnun növbəsin, indi mənəm rüsvayi –eşq,
Doğru derlər, hər zaman bir aşiqin dövranıdr.
…Abutalıb müəllim ifasını bitirəndən sonra salonda alqış sədaları ucaldı. Mən də bundan sui-istifadə edərək “siyasi səhvimi düzəldim”. Dedim ki, düzdür, Xalq artisti adı hələ Abutalıb müəllimə rəsmən verilməyib, amma bu alqışlar bir daha sübut edir ki, o elə xalqın artıstıdır! “Xalqın gözü tərəzidir” məsəli əsrlərin, qərinələrin sınağından çıxan ən müdrik kəlamlardandır. Ona görə də əsl sənətkara qiyməti elə gözü tərəzi, qəlbi ayna kimi şəffaf olan əbədi və əzəli xalqımız verir.
Hacı Abutalıb el-oba məclislərində, toyda-düyündə, ekranda-efirdə şəxsən özünün sənətkarlıq yanğısıyla bəstələyib və qarmonda ifa etdiyi “Rahimi”, “İlkini”, “Aybənizi”, “Təranə”, “Nəzrini” və başqa havalarında Məcnunsayağı İlahi eşqin və insan sevgisinin sonsuzluğuna can atırdı, RUHLARA toy tuturdu!..
İncəsənəti köksünün altında daş-qaya gəzdirən siyasətçilər deyil, bəşəri hisslər yaşadan ürəklər, doğulduğu torpağa, insana və insanlığa hörmət, sevgi bəsləyənlər yaradır. Hətta Lavrenti Beriya kimi siyasət cəlladı minlərlə günahsız insana ağır işgəncələr verəndən sonra Kremldə öz kabinetinə çəkilib Şostakovicin İLAHİ HARAY kimi səslənən simfoniyalarını dinləyə - dinləyə hönkürtüylə ağlayarmış. İncəsənətin fəziləti, qüdrəti, fəlsəfi siqləti siyasətin qabahətinə - ürəklərə vurduğu yaralara, iztirablara məlhəm qoyur.
...Fəzilət sahibi Hacı Abutalıbın sağlığında bir təvözokarlığını da deməyi özümə borc bilirəm. Könüllərin məlhəmi, toy-bayramların bəzəyi olan İran təranələrinə ilk dəfə qarmonda özünəməxsus tərtibatla, sevə-sevə qol-qanad verən məhz Hacı Abutalıb olub! Az sonralar mahir qaboy ustası, Azərbaycanın xalq artisti Kamil Cəlilov bu melodiyadan böyük ilhamla bəhrələnərək, onun ahənginə qaboyla özünəxas qürur və məğrurluq çalarları qataraq “Azərbaycan təranələri” kimi yeni nəfəs verdi. Və hər iki sənətkar sözün əsl mənasında KÖHNƏ KİŞİLƏRDİR. Çünki indi terlekanallarda nəinki qadın sənətçilər, hətta kişilər bu və ya digər mahnıları ilk dəfə ifa etdiklərinə görə bir-birlətinin ünvanına nalayiq sözlər yağdırırlar. Tele-məkanı söyüş və döyüş meydanına döndərməyin özü də çılızlıq əlamətindən savayı bir şey deyil. Onlara baxanda, inid düşünürəm ki, Hacı Abutalıb da, Kamil Cəlilov da əbəs yerə başlarına kişi papağı daşımırmış!..
Mən yaşıma görə Abbutalıb müəllimlə çox az ünsüyyətdə olmuşam. Bakıya köçəndən sonra onu tez-tez Vahid Poeziya Evinin yerləşdiyi flarmoniyanın bağında məşhurlarla bir arada görürdüm; kaman ustası Habil Əliyev, mərhim xanəndə Sabir Mirzəyev, xalq artisti Səfa Qəhrəmanov, tanınmış nağara ifaçısı, xalq artisti Sadıq Zərbəliyev, xanəndə Həbib Rəhimov, əməkdar jurnalist Zakir Abbas və başqaları çay içə-içə söhbət edir, nərd oynayırdılar.
Hacı Abutalıb dadlı-duzlu söhbətlərinə ilə təkcə mənə yox, həmsöbət olduğu hər kəsə köhnə, qədim-qayım kişiləri xatırladardı. Təsadüfü deyil ki, professor Fərahim Sadıqovun “Masallı folkloru” kitabında Hacı Abutalıbın şəbədələri, zarafatları, gülməcələri, atmacaları da yer alıb.
O, böyük sənət dünyasına qeyrətlə vətəndaşlıq edirdi. Ölümündən sonra yaşamaq hər adama nəsib olmayan səadətdir. Hacı Abutalıb nəinki sənət doslarının, əzizlərinin, doğmalarının xatirəsində yaşayır, hətta bu gün internetdə qarmonuyla dünyanı fəth edir .
...Budur, Hacı Abutalıbin möcüzə yaradan barmaqları qarmonun kəhrəba dilçikləri üzərində gəzir, onun böyük həvəslə müşaiyət etdiyi xalq artisti Könül Xasıyeva çox kövrək və həzin bir səslə “Əziz dostum”u oxuyur:
...Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.
***
Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...
Bu nəğmənin sözləri Dağıstanın görkəmli oğlu Rəsul Həmzətovun, musiqisi Azərbaycanın ölməz və dəyərli sənətkarı Qulu Əsgərovundur. Hacı Abutalıbın qarmonda müşaiyətiylə onu çox kişi xanəndələr oxuyub. Və o kişi xanəndələrin çoxu dünyasını dəyişib. Könül xanımın ifasında bu mahnı indi mənim də çoxlu dost itirdiyim bu çağlarımda ayrı cür səslənir. Elə bil, Rəsul Həmzətovun, Qulu Əsgərovun, Hacı Abutalıbın ruhları Könülün məlahəttli səsinə qoşulub PULUN baş rolda olduğu bu dünyaya kişiliyin, dostluğun qurtardığını, yaxşı və KÖHNƏ kişilərin və dostların ölüb getdiyini xatırladıb, yada salır....
Bəli, dost “DOST kimi öz etibarını itirib” gedib, mən də bu “üzüdönük ZAMANƏNİ qınayıb” özümə gələ bilmirəm!..
Nurəddin ƏDİLOĞLU,
yazıçı-publisist.
(13.12.2014)
P.S. Sadiqov Abutalıb Balakişi oğlu 1945-ci il fevral ayinin 22-də Masallı şəhrində anadan olub. 1951-ci ildə birinci sinifə gedib və 1962-ci ildə orta məktəbi bitirib. Masallı Mədəniyyət Evində ictimai əsaslarla bir illik Musiqi Məktəbi bitirəndən sonra bir müddət Səyyar avtoklubda müdir və şəhər 3 saylı orta məktəbində musiqi-nəğmə müəllimiişləyir. 1969-cu ildən etibarən Bakı Mədəni Maarif Texnikumunda 30 il qarmon müəllimi kimi fəaliyyət göstərib. Sonralar Azərbaycan Dövlət Qastrol - Konsert Birliyinə solist qamonçalan kimi dəvət olunub. 2008-c il aprelin 2-də dünyasını dəyişmişdir. 2015-ci ildə professor Fərahim Sadıqovun layihə rəhbərliyi ilə A.Sadıqovun 70 illiyinə həsr olunmuş “Könüllərdə yaşayan sənətkar” adlı kitab nəşr olunmuşdur. Kitaba unudulmaz sənətkarın ailə üzvləri və doğmalarının, alimlərin, siyasi xadimlərin, qələm sahibləri və sənət dostlarının maraqlı xatirələri daxil edilmişdir.






























