Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən biridir
- 29-07-2024, 16:10
- Maraqlı
- 0
- 77
Prezident İlham Əliyevin sistemli və kompleks yanaşmanı təmin edən məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ölkəmizdə həyata keçirilməkdə olan siyasi, sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter alıb. Dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində müstəsna əhəmiyyəti olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daim diqqət mərkəzində saxlanılıb.
Belə ki, 2024-cü il may ayının 24-də aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Nazirlər Kabinetində Komissiyanın növbəti iclası keçirilib. İclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. İclasda qarşıda duran vəzifələrin icrası, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində, reabilitasiya mərkəzinin yaradılması, narkoloji xidmətin keyfiyyətinin və kadr potensialının yaxşılaşdırılması, narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və digər zəruri tədbirlərin icra edilməsi istiqamətində aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.
Eyni zamanda, cari il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində növbəti görüş keçirilib. Görüşdə narkomanlığa qarşı təbliğat işinin aparılmasında onlayn medianın və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin davamlılığının təmin edilməsi və sayının artırılması, o cümlədən həmin verilişlərə həkim-narkoloqların cəlb edilməsi, aidiyyəti dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların kütləvi informasiya vasitələrində geniş işıqlandırılması ilə əlaqədar müvafiq tövsiyələr verilib və qərarlar qəbul edilib.
Bundan əlavə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə “Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası” hazırlanıb və təsdiq edilib.
Həmçinin narkotik vasitələrin və psixotrop maddələrin xüsusilə külli miqdarlarının, habelə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarlarının müəyyən edilməsinə zərurət yarandığından beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihələrinin hazırlanması təmin edilib və müvafiq qanunlarla təsdiq edilib. Nəticədə milli qanunvericilikdə ilk dəfə olaraq narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin və güclü təsir edən maddələrin xüsusilə külli miqdarlarının müəyyən olunması təmin edilib.
Eyni zamanda müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi işinin təkmilləşdirilməsi, respublikanın rayon və şəhərlərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı fəaliyyətin səmərəliliyinin artırılması, Dövlət Komissiyasının səlahiyyətlərinin daha dəqiq müəyyən edilməsi məqsədilə müvafiq qanun layihəsi hazırlanaraq qəbul edilib. Habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növləri, vəzifələri üzrə əmək müqaviləsi bağlanılarkən narkoloji mərkəzlərdə və ya dispanserlərdə qeydiyyatla bağlı arayışın tələb olunması və bu hallarla bağlı inzibati məsuliyyətin müəyyən edilməsinə dair Əmək Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihələrinin hazırlanması təmin edilib. Həmin layihələr hazırda razılaşdırılma mərhələsindədir.
Belə ki, daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilib, müxtəlif marşrutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb.
2024-cü ilin yanvar-iyun ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5 min 675 cinayət faktı aşkarlanıb. Onlardan 1734-ü narkotik vasitələrin qanunsuz satışı, 3 min 822-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 116-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 722 kq 642,725 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 931 kq 754,672 qramını marixuana, 431 kq 354,395 qramını heroin, 94 kq 096,434 qramını tiryək, 27 kq 564,001 qramını həşiş, 131 kq 365,203 qramını psixotrop maddələr, 106 kq 508,02 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 13 min 560 ədəd metadon, 6 min 251 ədəd çətənə kolu, 502,4 qram və 2 ədəd güclü təsir edən və 2 kq 174,5 qram zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari il aprelin 16-17-də müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1 741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60 min 189 ədəd həb metadon, 58 min 773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3 min 477 ədəd həb, 19 min 341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsiredici maddə, eyni zamanda cari il iyulun 22-də Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kq 293,151 qram müxtəlif növ narkotik vasitələr yandırılma üsulu ilə məhv edilib.
Həmçinin 27 şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş 1 172 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 20 kq 840,742 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 188 ədəd çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırılma yolu ilə məhv edilib.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 648 hektar sahədən 2 milyon 083 min 830 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3 881 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək 1 nəfər, 18-25 yaşadək 295 nəfər, 26-29 yaşadək 621 nəfər, 30 yaş və ondan yuxarı isə 2 min 964 nəfər təşkil edir. Həmin şəxslərdən 3 min 758-i kişi, 123-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 38 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 38 xarici ölkə vətəndaşından 16-sı İran, 7-si Rusiya, 9-u Türkiyə, 4-ü Gürcüstan, 1-i Özbəkistan, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 103 kq 676,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 117 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 089 kq 886,725 qram narkotik vasitə və psixotrop maddə, 13 min 560 ədəd metadon həbi çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 169-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 121 kq 645,6 qram narkotik vasitə, psixotrop maddə müsadirə edilib. 1 509 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 226 kq 906,8 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlillər göstərir ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 206, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 314, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 50, digər növ cinayət faktlarının sayı 26, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 25 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 900 kiloqram 385,302 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 396 nəfər azalıb.
Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 184 fakt, qrup halında olan cinayətlərin sayı isə 34 fakt artıb.
2023-cü ilin 6 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 1 ton 086 kq 296,559 qram (71,6%), tiryəkin çəkisi 89 kq 016,827 qram (48,6 %), həşişin çəkisi 23 kq 321,901 qram (5,8%), psixotrop maddələrin çəkisi 115 kq 642,704 qram (46,8%) azalıb.
Hesabat dövründə müsadirə edilmiş 3 ton 722 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin 2 ton 931 kiloqramını (78,7%) marixuana təşkil edib. Onun da 2 ton 482 kiloqramı (82%) xarici ölkə mənşəli olub, 449 kiloqramı (18%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, həyətyanı sahələrdə, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 722 kq 642,725 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 101 milyon 013 min AZN kimi qiymətləndirilir.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 41 min 932 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1 359 nəfərdən 907 nəfərin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin ilk 6 ayı ərzində İİV-ə 736 nəfər yoluxub. Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.
Cari ilin yanvar-iyun ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 698 vətəndaş müraciəti daxil olub ki, onların 70-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 76-sı narkotik asılılıqdan müalicə, 552-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 146 məktub ünvanlanıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların əlaqələndirməsini təşkil etməklə, maarifləndirmə sahəsinə xüsusi önəm verib, həmçinin antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülüb.
Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Dövlət Komissiyasının İşçi Qrupu ilə imzaladığı tədbirlər planına uyğun olaraq cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi və penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi məqsədilə 10 maarifləndirmə tədbiri həyata keçirilib.
Eyni zamanda, Gənclər Fondu ilə imzalanmış birgə Tədbirlər Planına əsasən antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə gənclər təşkilatlarının nümayəndələrinə və könüllülərinə təlimlər keçirilib. Habelə, Gənclər Fondunun təşkilatçılığı ilə cari il iyulun 6-dan etibarən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində 11 şəhər və rayonun 102 kəndi üzrə 4 min 680 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilməkdədir. Bununla yanaşı, tələbələrin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə Şamaxı rayonunda təşkil edilən “Yay Fest”də iştirak edən gənclər arasında təlim keçirilib.
Bundan əlavə, Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkotik asılılıq probleminə dair biliklərin, bacarıqların və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə regional mədəniyyət idarələrinə tabeli müəssisələrin mütəxəssisləri, Lənkəran, Biləsuvar, Salyan, Masallı, Cəlilabad şəhər və rayonları üzrə mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlimlər keçirilib.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Naxçıvan şəhərində “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”, Xızı rayonunda “Cəmiyyəti təhdid edən bəlaya qarşı birgə mübarizə aparaq!”, Ağdaş rayonunda “Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək”, Göygöl rayonunda “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri”, Şabran rayonunda “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzularında tədbirlər, Nərimanov rayonunda isə “Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizi altında qaçış idman növü üzrə marafon təşkil edilib.
Həmçinin “Narkotik asılılıq və onun fəsadları” mövzusunda Bakı Dövlət Universitetində, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Ali Neft Məktəbində, Bakı Avrasiya Kollecində, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə xarakterli tədbirlər təşkil edilib.
Bu il mayın 3-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən Forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” adlı panel sessiya təşkil edilmiş və sessiyada narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizədə aidiyyəti dövlət qurumları ilə media subyektləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi imkanları müzakirə edilib.
Dövlət Komissiyasının müvafiq iclaslarında qəbul edilmiş qərarlara əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun ümumölkə televiziya kanallarında işıqlandırılmasının monitorinqini həyata keçirmiş, İşçi Qrupu tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə cari ilin 6 ayı ərzində ümumilikdə 17 min dəfədən çox yayımlanması, televiziya kanallarında ekspertlərin iştirakı ilə 108 xüsusi verilişin təşkil edilməsi, narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərinin hazırlanması təmin edilib.
2024-cü ilin yanvar-iyul ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə ölkə üzrə fəaliyyət göstərən çap və onlayn media subyektlərində ümumilikdə 1 500-dən çox maarifləndirici materialın dərc olunmasını təmin edib.
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədrinin müvafiq göstərişlərinə əsasən, 26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla birlikdə aşağıdakı tədbirlər həyata keçirilib:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq mətnli SMS bildirişin (DK İşçi Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən “Azercell”, “Bakcell” və “Azərfon” mobil rabitə operatorları tərəfindən mərhələli qaydada 6 gün ərzində təqribən 9 milyon 494 min 390 abunəçiyə göndərilməsi təmin edilib;
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında imzalanmış tədbirlər planının 10-cu bəndinə müvafiq olaraq, Ağdaş rayonunda “Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda, Göygöl rayonunda “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda təlimlər keçirilib;
Tədbirlər planının 11-ci bəndinə müvafiq olaraq, antinarkotik təbliğat işlərinin sosial şəbəkələr üzərindən aparılması məqsədilə sosial şəbəkələrdə “Narkotiklərə birgə yox deyək!” devizli aksiyaya start verilib və #Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “X”, “Feysbuk” və “İnstaqram” sosial platformalarında poster və video, həmçinin müxtəlif maarifləndirici materiallar paylaşılıb və bütövlükdə iyunun 26-dək davam edən aksiya çərçivəsində sosial şəbəkələrin bütün seqmentlərində 44 mindən artıq paylaşım edilib;
Azərbaycan Gənclər Fondu ilə imzalanmış tədbirlər planının 7-ci bəndinə müvafiq olaraq, narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə gənclər təşkilatlarının könüllüləri üçün “Globus Center”də tədbir təşkil edilib;
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə imzalanmış tədbirlər planının 15-ci bəndinə müvafiq olaraq, valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rol oynadığını nəzərə alaraq “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və sair mövzularda valideynlər üçün maarifləndirici seminarlar keçirilib;
Tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrində “Biz narkotikə yox deyirik”, “Sən hədəf deyilsən”, “Yeniyetmələr arasında zərərli vərdişlər” mövzularında seminarlar və ictimai mühazirələr təşkil edilib;
Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planının 26-cı bəndinə müvafiq olaraq, Bakı şəhərinin Binəqədi, Sabunçu, Qaradağ, Nərimanov, Nəsimi respublikanın Sumqayıt, Şirvan, Abşeron, Beyləqan, Balakən, Göygöl, Qusar şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar ilə birlikdə aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlər keçirilib;
Bu il iyunun 20-dən etibarən (10 gün müddətində) Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 16 küçə və prospektində mövcud olan elektron informasiya tablolarında “Narkomanlığa birlikdə yox deyək” şüarının nümayişi təmin olunub (sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulur);
Maarifləndirici videoçarxlar Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”nin və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin məlumat monitorlarında nümayiş olunub;
Narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları əhali arasında paylanılıb, müəyyən izahatlar verilib;
Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış videoçarxlar televiziya kanallarının efirlərində ümumilikdə 2 min 077 dəfə yayımlanıb və narkomanlığa qarşı mübarizə mövzusunda ümumilikdə 11 veriliş hazırlanıb;
həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilib.
Hesabat dövri ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 68 tədbir (48 maarifləndirici və təşkilati tədbir, 11 təlim, 6 sosial layihə, 1 marafon və televiziya kanalında 2 verilişdə iştirak) təşkil edilib
Həmçinin Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasının növbəti mərhələsində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə sosial maarifləndirmə işinin təşkili, müasir texnologiyanın və yeni üsulların tətbiqi məqsədilə profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə ixtisaslaşmış təlimlərin, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirələrin, məktəb psixoloqları üçün treninqlərin, “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində şəhər və rayonlarda məktəblilər üçün təlimlərin, narkomaniya ilə bağlı sosioloji tədqiqatın aparılması məqsədilə onlayn şəkildə sorğunun, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərdə olan, valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq məqsədi ilə düşərgələrin təşkili, intellektual müsabiqələrin keçirilməsi nəzərdə tutulmuş, eyni zamanda, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramı”nın layihəsi hazırlanma prosesindədir.
Beləliklə, narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, ölkəmizdə narkomaniyanın profilaktikasına və qarşısının alınmasına son dərəcə ciddi əhəmiyyət verilməsi, Prezidenti İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipial mövqeyi, bu sahədə dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi, gənc nəslin sağlam və yüksək ideyalar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində ciddi tədbirlər görüləcəyinə əminlik yaradır.
Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri