Zakir Abbas - 75: Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı...
- 11-08-2023, 11:13
- Maraqlı
- 0
- 339
Zakir Abbasın bir sözü var; deyir, nə vaxt nəşriyyata gəlsəm, mütləq qızımın halını soruşmalıyam...
O qız mənəm, Zakir Abbas isə mənim müəllimimdi. O müəllim ki, onunçün hər şey, hər yer "rəngidir". Gözləri mavidi deyə, elə bilirəm gözünə hər yer, hamı mas-mavi görünür - kaş dünyaya onun gözüylə baxa bilsəydim. Zakir müəllim redaksiyamızın qapısını açanda sevinirəm. Bilirəm ki, gəlib məni dayandığım yerdən götürüb bir pillə də o yana qoyacaq. Həmişə özümə onun gözündəki yüksəklikdən baxmaq istəmişəm, amma boyum çatmayıb.
Lap həqiqət deyilsə belə, mən həmişə müəllimlərimə inanmışam. Müəllimimdən biri desə ki, qanadın var - görmürsən, tez əlimi çiynimə ataram ki, bəs mən niyə bu vaxtacan qanadım olduğunu bilməmişəm? Niyə indiyə qədər uçmaq ağlıma gəlməyib, mənim ki qanadım varmış...
Bir dəfə Zakir müəllim yenə redaksiyamıza gəlmişdi. Nahar fasiləsində redaktorum Əli Mahmudla nərd oynayırdı. Oyunu qurtarıb sağollaşanda utandım soruşam ki, kim uddu? Əli müəllimin hamını udmaq kimi bir vərdişi var, nərddə uduzmaz. Amma axı mən müəllimimə də inanıram, bilirəm ki, heç o da pis udmur. Soruşdum, Əli müəllim dedi, Zakir müəllim məni uddu, Zakir müəllim dedi, Əli müəllim məni uddu. Elə mən də belə istəyirdim. İlk dəfə idi ki, istəyirdim oyunda hər iki tərəf udsun, istəyirdim hətta oyunu kənardan izləyən biz "piyada"lar belə bu oyundan qalib çıxaq. Axı bura "Qarabağa aparan yol" idi. Bu yolda hər zaman qalibiyyətimiz dayanmalıdı, başqa cür ola bilməz...
Ertəsi gün Əli müəllim qayıtdı ki, Təriş, müəllimin dünən məni yaman uddu.
- Bəlkə mənim müəllimimdi deyə, nəzakət xatirinə uduzmusuz? Siz nərddə uduzmazsız, bunu hamımız yaxşı bilirik.
- Elə mən də onu deyirəm də, ilk dəfədi başıma belə iş gəlir. Görən, nə məsələdi?
Dedim, sizə əvvəlcədən xəbərdarlıq edəcəkdim, yadımdan çıxıb - Zakir müəllim uduzmağı sevmir.
Bəli, bütün sınaqlarda qalib çıxan müəllimlərimiz var. Onlar uduzmağı sevmir. Necə ki, Zakir müəllim auditoriyadakı yüz tələbədən bircəsini belə uduzmaq istəmir, onları cəmiyyətə qazandırmaq, kütlədən ayırıb fərdə çevirmək uğrunda hər vəchlə döyüşür. Zakir müəllim də bu mənada həmişə bir əsgər, bir komandirdi - O, həmişə döyüşdədi.
Sevgi də bumeranqdı, dönüb-dolaşıb insanın
özünə qayıdır...
Bizim redaksiyada vəziyyət belədi; "Məndən bir çay istər yerindən duran, məni sevdiklərim çayqalaq eylər". Bir gün yenə hamının məndən çay istədiyi günlərdən biri idi... Hər kəs dəmlədiyim çaydan içib dincələndə "fincan"ımı təzəcə qarşıma qoyub üzünə baxırdım ki, qapı açıldı, Zakir müəllim içəri girdi. Müəllimim həmişə deyir, nəşriyyata gələndə mütləq Təranənin çayından içib getməliyəm. Bəs indi necə olacaqdı? Axı çaydanda su qalmamışdı. Ağlıma başqa heç bir variant gəlmədi, əlacım ona qaldı ki, baş qarışıqkən, içmədiyim çayı mətbəxə aparıb təzədən gətirib deyim, Zakir müəllim, sizə çay süzmüşəm, görün necədi, yazı-pozu əlimdən gəlməsə də, heç olmasa yaxşı çay dəmləyə bilirəmmi?
Çaydanımız böyükdü deyə, gec qaynayır. Həmin gün başım çox ağrıdı. Düşündüm, mən çayımı müəllimimə verib bir neçə saat susuz qalmışam deyə, başım bu qədər ağrıyır, gör Zakir müəllim bizə öz fikir-düşüncəsindən, sevgisindən, səbrindən pay verəndə başı nə qədər ağrıyıb...
Belə "ağrı"ların yaxşı bir tərəfi də olur, dost qazandırmaq kimi. Zakir müəllimin hər yerdə dostu var, özü də tələbələridi.
İnsan axsaya bilər,
müəllim sevgisi isə
heç zaman axsamır...
Bir dəfə Zakir müəllimin ayağı zədələnmişdi, axsayırdı deyə dərsdən çıxan kimi evə getdi. Amma yaxşı yadımdadı, dünən mənə "açıq dərsinə mütləq gələcəm" demişdi. Həmin gün açıq dərsim olduğunu bilirdi. Zəng içəri vurulub, dərsdən 5 dəqiqə keçib. Dedilər, müəlliminin ayağı ağrıyırdı, dərsini bitirib evə getdi, bəlkə də heç gələ bilməyəcək, gəl sən dərsinə başla - gözləmə. Yox, o, mənə gələcəm deyibsə, gələcək - dedim. Gözüm qapıda qalmışdı. Bilirdim ki, müəllimim gəlsə, mənə zaval yoxdu. Valideyni yanında olan uşaqla, müəllimi yanında olan tələbəyə fərq yoxdu - ikisi də ürəkli olur.
Heç beş dəqiqə keçmədi, O, gəldi... Dinib-danışmaq haqqı yox idi, dərsi mən keçməliydim. Hansısa fikir yadımdan çıxanda, karıxanda, susanda hazırladığım materiala baxıb yadıma salmaq şansım vardı, amma mən əlimdəki kağıza yox, müəllimimin gözünə baxırdım. Müəllimim gözüylə mənə yol çəkirdi; burdan get, elə de, belə danış. Nə danışacaq, nə deyəcəkdimsə, hamısını müəllimimin üzündən, gözündən, baxışından oxuyurdum...
Zəng vurulan kimi iki magistr yoldaşım qaçıb məni qucaqladı. Nə gözəl dərs keçdin - deyib məni təbrik edəndə, istədim deyəm, yanlış anlamısız, ilk dəfə keçdiyim bu dərs yox, Zakir müəllimin bu dərsə görə axsaya-axsaya özünü auditoriyaya yetirməsi mənim daha böyük uğurum idi. Çünki o indi mənim müəllimim yox, həm də ən əziz dostum idi.
Kənar adam...
Magistr vaxtı Zakir müəllimin birinci kurslarının dərsinə qonaq idim. Dərsi bitirəndən sonra qalan boş vaxtı da dəyərləndirmək üçün müəllim başladı uşaqlara məqalə oxumağa. Tələbələr hələ bilmir ki, yazının müəllifi müəllimləridi - ona görə də rahat-rahat öz lağlağılarındadılar. Zakir müəllimin Sabirsayağı üslubu var, gülləni də adamın alnına gülə-gülə vurur. Sonra da adını qoyur "Kənar adam". Guya onun nə güllədən xəbəri var, nə alından. Məqalə eləydi ki, əyri-əskiklərimizi dolayı yolla üzümüzə vururdu ki, çox da utanmayaq. Biz isə qüsurlarımızı görə bilmirik deyə, gülməyimiz tutur: guya biz nə bu yazıdakı Tükəzban arvadı tanıyırıq, nə Məmmədhəsən kişini. Bu da cırıq şalvar, gödək köynək deyil ki, Avropaya sırıyaq getsin.
Adam həmin məqaləni oxuyub gülür, gülür və sonda fərqinə varır ki, sən demə, özünə gülürmüş. Zakir müəllim bizi güldürməyi yaxşı bacarır. Fərqi yoxdu biz Sabirsayağı gülürük, ya Şabansayağı. Ona görə də tələbələri onu sevir. Hardan bilirəm? Elə sevgi var, onu üzdən rahatca oxumaq olur - bir həzin baxışdan, bir titrəyişdən, dodağın qaçışından, bir qəmzənin batışından... Müəllim sevgisi kimi...
Sən yanmasan,
mən yanmasam, necə çıxar
qaranlıqlar aydınlığa...
Universiteti bitirdiyim il Zakir müəllim bir zamanlar AzTV-də qaladığı "Ocağ"ı da götürüb bizim universitetə gəlmişdi. Bir gün qrup yoldaşım zəng vurdu ki, bəs universitetə təzə müəllim gəlib. "Ocaq" verilişinin aparıcısıdı. Elə gözəl təbəssümü var ki... Lap elə sən deyəndəndi. Mən hələ bilmirdim ki, həmin adamı sonralar jurnalistikanın "Kənar adam"ı kimi tanıyacam. Eləmədim tənbəllik getdim universitetə ki, görüm özündən qabaq təbəssümü gələn bu müəllim kimdi belə... Dedim, gedim görüm "niyə yanır bu ocaq, yanıb külü qalacaq?"
Həmişəki kimi yenə gecikmişdim, qapını açan kimi müəllimin: "Sən də burda oxuyursan?" sualı qapıma gözləmədiyim qol kimi dəymişdi. Oxuyan tapılmayan bir vaxtda "sən də burda oxuyursan? " sualı düşündürürdü, özü də uzun-uzadı... Gördü başımı yelləyirəm, dedi, onda nə var, nə yox?
"Nəsə olmalıdı ki?" sualıma tələbələrin hərəsi bir tərəfdən gülüşdü. Sən demə, bu sualın düzgün variantını tələbələr çoxdan əzbərləyibmiş, bir mən gecikmişəm - "Allah var, şəriki yox"muş...
Aradan illər keçib, Zakir Abbas hələ də tələbələrinin xatirində "Allah var, şəriki yox" kimi qalıb.
Zakir müəllim həmin "Ocağ"ı bu gün də qalayır, sadəcə AzTV-də yox, İncəsənətdə. O ocağın ətrafında yenə də işıq var, "sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa" deyib, bu gün də nə qədər tələbəni qaranlıqdan aydınlığa çıxarır.
Tələbələrinə konfet paylayan müəllim
Universiteti bitirmişdim. Amma Zakir müəllimin yolu nə vaxt nəşriyyata düşsə, məni unutmurdu. Belə bir gəlişindən sonra mənlə işləyən operator qız "necə də xoşbəxtsən, sənə paxıllığım tutdu" dedi. Nə üçün? - soruşdum. "Müəllimin səni görməyə gəlib, özü də hamıya səni tapşırırdı, necə ziyalı, işıqlı insandı" deyib gülümsündü.
Anlayırdım, o qızın müəllimi olmamışdı. Bunu qızın cizgilərində, qazana bilmədiyi insanlarda, qazana bilmədiyi uğurda da rahatlıqla görə bilirdim.
Magistrın son aylarındayam... Magistr yoldaşlarım Zakir müəllimin dərsində "praktikant" kimi iştirak edirlər. Məsmə dərsdən sonra mənə yazdı ki, Təriş, doğrudan da, Zakir müəllim sən deyən kimi imiş. Bugünkü dərsdə I kurslarına məni o qədər təriflədi ki, utandım. Sən bizi həmişə pisləyirdin, deyirdin sizdən heç nə olan deyil. Amma indi inandım ki, heç vaxt gec deyil, mən də uğur qazanmaq istəyirəm. Sabah bu barədə mütləq nəsə yazacam, həmin yazını dərsdə tələbələrə də oxuyacam, lap çap da olunacam, qoy Zakir müəllimin inamı doğrulsun. Zakir müəllimin birinci kurs tələbələri elə gözəl məqalələr yazır ki, onları görəndə utandım. Niyə I kurs elə yazı yaza bilsin, mən yox?
...Şərmindən isə neçə gün idi səs-səmir yox idi. Aradım, axtardım - ay bala, hardasan? Başqa vaxt duzsuz söhbətlərinlə başımızı dəng edərdin. Niyə səsin gəlmir? Qayıtdı ki, bəs vaxtım yoxdu, kitab oxumağa başlamışam, əlavə ədəbiyyatlar axtarıb oxuyuram, həm də diplom işimi yazıram, dissertasiyamı hamıdan yaxşı "müdafiə" edəcəm. Sən görəcəksən, bizi bəyənməməyin özünə qalacaq, elə sənin acığına oxuyacam da, yazacam da.
Susdum, öz-özümə ancaq bu bircə cümləni pıçıldamağa gücüm çatdı: "Tay sizə sözüm yoxdu, Zakir müəllim!"
...O zaman anladım ki, mən o qızları qınamaqda yaxşı eləmişəm, amma düz eləməmişəm. Çünki onların müəllimi olmayıb, onlar mənim qədər şanslı olmayıblar. Uşaq vaxtı belə görmüşük, böyük dayılar, babalar cibində həmişə konfet gəzdirib. Yanına çatan kimi onlar bizə konfet verib başımızı necə sığallayıbsa, Zakir müəllim də eynən cibində ümid gəzdirib universitetdə konfet əvəzi tələbələrinə paylayır.
Zakir müəllim də mənə belə uduzdu...
O, Universitetə yeni dəvət olunub, ilk kursu da bizik. Oxumuruq, yazmırıq. İndi müəllim bizdən necə razı qalsın? Söhbət necə oldu, hardan başladı, hara gəldi - təfsilatı ilə yadımda deyil. Bir o yadımda qalıb ki, Zakir müəllim dedi, "uşaqlar, ixtisas fənnindən sizə üç il başqa müəllim dərs keçib, mən dördüncü kursda müəlliminiz olmuşam, ona görə də hardasa danışanda, söz düşəndə, Zakir müəllimin tələbəsiyəm deməyin".
Onda öz-özümə dedim, eybi yox, müəllim!
Elə oldu ki, universiteti bitirdik. Mən hardasa Zakir müəllimin tələbəsiyəm deməmişdən qabaq Zakir müəllim özü "Təranə mənim tələbəmdi" dedi.
Əvvəldə demişdim axı, Zakir müəllim uduzmağı sevmir. Amma o, bir dəfə mənə uduzub. Arzu edirəm ki, bu mənada Zakir müəllim həmişə tələbələrinə uduzsun. Qoy o hər yerdə fəxrlə desin ki, filankəs mənim tələbəmdi, onu cəmiyyətə, bu sənətə, bu mədəniyyətə, bu ölkəyə mən qazandırmışam.
Mənim könlüm müəllimdir,
dizim üstü dəbistanı,
Ol şagirdəm sükut ilə öyrənirəm əlifbanı...
Təki əhatəsində olduğunuz bu sevginin ömrü uzun-uzadı olsun, Zakir müəllim. Səməd Mənsur demiş, "Həqqi bütün eşqü məhəbbət rəngidir".
Bu gün hamımız bir nəfər kimi müəllimimizin 75 yaşı qarşısında dayanmışıq. Təkcə bu dəyirmi masa ətrafında əyləşmiş həmkarları - jurnalistlər, televiziya işçiləri, Universitetimizin müəllimləri deyil, tələbələri də Zakir müəllimi deməyə gəlib. Bu da bir növ dərsdi, amma bu başqa dərsdi, bu başqa masadı... Həmişə müəllimlərimiz bizə qiymət verib. Amma axı qanun həm də pozulmaq üçündü. Bir günlük yerimizi dəyişsək və tələbələr müəllimə qiymət verəsi olsa, heç düşünmədən Zakir müəllimə 5 yazardım. Bu 5 Zakir müəllimin 75 yaşına ən gözəl qiymətdi ki, onu bütün tələbələri adından verərdim. Həyatının müxtəlif mərhələlərində, tutaq ki məktəb, tələbə, magistr vaxtı, yəni 10, 15, 25 yaşında aldığı beş yalançı ola bilir, amma adamın 75 yaşında aldığı qiymət yalan ola bilməz. İnanıram ki, Zakir müəllimin dost-tanışından, həmkarlarından 75 yaşının aldığı bu qiymətin alnından da öpmək olar, əlindən də, çünki bu beş indi öz müdriklik dövrünü yaşayır.
Belə baxıram, Zakir müəllim bu 75 yaşı heç cür boynuna götürmək istəmir. Soruşuram, müəllim, yəni doğrudan sizin 75 yaşınız olur? Deyir, nə bilim, elə deyirlər...
Ürəkli adam ürəkli yaşayır, ürəkli yaşlanır; ona görə də qocalmır - müəllimim kimi...
Təranə Əlizadə
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az