Главная > Maraqlı > Xalqın seçimi inkişaf və firavanlığın qarantıdır
Xalqın seçimi inkişaf və firavanlığın qarantıdır8-06-2023, 12:33. Разместил: admin44 |
Türkiyədə keçirilən prezident seçkilərinin II turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsi bölgələrimizdə də böyük coşqu və sevinclə qarşılanıb Qardaş Türkiyədə prezident seçkilərinin ikinci turunda "Cümhur İttifaqı"ndan Rəcəb Tayyib Ərdoğanın parlaq qələbəsi ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də böyük sevinc, bayram ovqatı yaradıb. Türk dünyasının lideri, görkəmli siyasi və dövlət xadimi R.T.Ərdoğanın yenidən dövlət başçısı vəzifəsinə seçilməsi münasibətilə yerlərdə qurbanlar kəsilir, üzlərdə sevinc, ürəklərdə xoş ovqat, yüksək əhvali-ruhiyyə vardır. Bunu bölgənin tanınmış alimləri, ziyalıları və sadə insanlarının seçki haqqında fikirləri, mülahizələri də sübut edir. Ələşrəf Niftiyev, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli "Vətənə xidmətə görə" ordenli dövlət qulluğu təqaüdçüsü: - Türkiyə G20-nin üzvü, Avropada ən ikişaf etmiş dövlətlərdən biridir. Bu ölkədə keçirilən seçkiləri bütün dünya maraqla izləyirdi. Qardaş ölkədə seçkilərin yüksək səviyyədə təşkili, səsvermənin azad, ədalətli, şəffaf keçirilməsi demokratiyanın təntənəsinə çevrildi. Türkiyə Cümhuriyyətinin müstəqil, düzgün siyasət apardığını, yüksək seçki mədəniyyətinə malik olduğunu bütün dünya gördü. Bu, həm də doğma xalqının məhəbbətini qazanmış müdrik rəhbərin, böyük liderin halal haqqı, qələbəsi idi. Rəcəb Tayyib Ərdoğanın ölkəyə 20 illik rəhbərliyi dövründə qardaş Türkiyə dünyanın qabaqcıl, güclü, qüdrətli dövlətinə, beynəlxalq aləmdə söz sahibinə çevrilib. Seçkilərin gedişində Türkiyə liderinin şəksiz qələbə qazanacağı açıq-aydın bilinirdi. Böyük türk xalqı düzgün seçim edərək seçkilərdə yüksək fəallıq göstərdi, öz sevimli liderinə səs verdi. Bu seçim Türkiyənin qan, can qardaşı olan Azərbaycan xalqının da sevinci, fərəhi, uğurudur. Azərbaycan və Türkiyə ən çətin, ağır, taleyüklü məqamlarda, gözəl, xoş günlərdə həmişə bir-birinin yanında olub. 44 günlük Vətən müharibəsində türk qardaşlarımız bizimlə yumruq kimi birləşərək şanlı qələbəmizə güclü dəstək verdilər. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq getdikcə güclənir. Beynəlxalq siyasətin aparıcı liderlərindən olan R.T.Ərdoğanın qələbəsi masallılıları hədsiz dərəcədə sevindirir. Rayonun ziyalıları, ağsaqqalları, sadə əməkçi insanları əmindirlər ki, ölkələrimiz arasında dostluğun, qardaşlığın, səmimi əməkdaşlığın yeni mərhələsi başlayır. İki güclü, qardaş dövlətin uğurları hələ qabaqdadır. Rakif İbadov, Lənkəran Dövlət Universitetinin tarix və onun tədrisi metodikası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru: - Türkiyədə demokratik, sivil qaydada keçirilən seçkilər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Seçkilərin nəticələri ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrində mühüm rol oynayacaqdır. İki mərhələdə keçən seçkilər xalqın istəyini, seçicilərin iradəsini tam, şəffaf şəkildə əks etdirmiş, müxalifətin seçkilərdə iştirakı, fəallığı təmin olunmuşdur. Tarix bəzən təkrarlanır. Bir əsr əvvəl böyük Atatürk Türkiyə dövlətini zamanın çətin sınaqlarından çıxarıb yüksək inkişaf səviyyəsinə çatdırdı. XXI əsrdə R.T.Ərdoğan Türkiyəni və türk dünyasını bütün dünyaya tanıtdırdı, ölkəsinə və xalqına dünyamiqyaslı rəğbət qazandırdı. Seçkiləri cənub bölgəsinin təhsil işçiləri, ziyalıları çox böyük maraqla, həyəcanla izləyirdi. Türkiyə liderinin qələbəsinə inanırdıq. Bu qələbə təkcə Türkiyənin deyil, bütün türk dünyasının qələbəsidir. Hüseynbala Əliyev, respublikanın qabaqcıl təhsil işçisi, Lerik şəhəri: - Ölkəmizin Müstəqillik Günü kimi Azərbaycan üçün əlamətdar bayram günündə iki qardaş xalqın sevinci yenidən bir-birinə qarışdı. Qələbə sevincini qoşa yaşadıq. Türkiyə bütün sahələrdə Azərbaycana hərtərəfli dəstək göstərir. Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqı Azərbaycanın yanında idi. Ermənistanın arxasında duran dünya gücləri bu dostluğa, dəstəyə görə hər hansı addım atmaqdan çəkinirdilər. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında xalqlarımız birlik, vəhdət nümayiş etdirdilər. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri vardır. Bu qardaşlıq, dostluq əbədi və sarsılmazdır. Dünya türklərinin mübariz, qətiyyətli lideri R.T.Ərdoğanın seçkilərdə qələbəsi yeni, müasir çağırışlara cavab verməklə xalqlarımız arasında qardaşlığın, dostluğun, türk dünyasında birliyin daha da möhkəmləməsinə böyük töhfələr verəcəkdir. Əlisəfa HƏSƏNOV, "Respublika". “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |