Главная > Maraqlı > Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq

Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq


18-03-2024, 22:30. Разместил: admin44

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş katib.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Hörmətli cənab Baş katib, xoş gəlmisiniz, Sizi Azərbaycanda görməyimə çox şadam. Mənim dəvətimi qəbul edib səfərə gəldiyinizə görə təşəkkür edirəm. İki il əvvəl Brüsseldəki son görüşümüzü xoş təəssüratlarla xatırlayıram. Bu gün isə biz dialoqumuzu davam etdiririk.

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.

Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.

Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.

Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.
Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq.
Həmçinin mən cənab Baş katibi bizim yaşıl keçid gündəliyi haqqında məlumatlandırdım. Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun.

Cənab Baş katib, səfərə gəldiyinizə görə təşəkkürümü bildirirəm və Azərbaycanda xoş vaxt keçirməyi arzu edirem.
Sonra NATO-nun Baş katibi bəyanatla çıxış etdi.
Baş katib Yens Stoltenberqin
bəyanatı

- Çox sağ olun, cənab Prezident.
Cənab Prezident Əliyev, Bakıda yenidən olmaq çox xoşdur. Bu, mənim NATO-nun Baş katibi kimi Azərbaycana, Bakıya etdiyim ilk səfərdir. Lakin Bakıya ilk dəfə deyil ki, gəlirəm, çünki mən Norveçin energetika naziri kimi 1990-cı illərdə buraya dəfələrlə gəlmək şərəfinə nail olmuşam. Həmin səfərlər xatirimdədir, çünki ölkənizdə həmin vaxt enerji sektorunun çox inkişaf etdiyini və güclü olduğunu gördüm. Buna görə təhlükəsizliyimiz üçün enerjinin vacibliyini nəzərə alaraq enerji təhlükəsizliyinin müzakirəsi fürsətini əldə etmək məqsədilə buraya yenidən gəlmək çox xoşdur.
Mən Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıram və ölkənizin qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnunam.
Siz böyük potensial haqqında mənə məlumat verdiniz və su elektrik stansiyalarının, eləcə də külək və günəş enerjisi stansiyalarının tikintisi, elektrik enerjisinin Avropa bazarlarına çıxarılması planlarını təsvir etdiniz.
COP29 çox mühüm tədbir olacaq. Vacibdir ki, hamı iqlim dəyişmələrinə qarşı mübarizə aparsın. O, təhlükəsizliyimiz üçün vacibdir, çünki həmin məsələlər özünü aydın büruzə verir. Bu axşam və sabah məni və nümayəndə heyətimi qəbul etdiyinizə görə çox minnətdaram. Görüşləri və müzakirələri səbirsizliklə gözləyirəm.
Çox sağ olun.



Paşayev Teymur,
Masallı rayon E.Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az











шаблоны для dle 11.2
Вернуться назад