Главная > Maraqlı > Yaşıllıqlar ölkəsi Azərbaycan!
Yaşıllıqlar ölkəsi Azərbaycan!6-05-2024, 15:36. Разместил: admin44 |
Yaşıllıqların mühafizəsi, yeni-yeni ağacların əkilməsi, onların qorunması Ümummilli Lider Heydər Əliyevin daim diqqət göstərdiyi sahələrdən biri idi. Ümummilli Lider yaşıllıqlara qənim kəsilənlərə dəfələrlə kəskin surətdə öz sözünü demişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bununla bağlı həmişə qəti mövqeyini bildirir və sistemli surətdə iş aparır. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu da məhz həmin ardıcıl xəttin davamıdır. Qanun yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyənin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini aydın şəkildə müəyyən edir. Qanunun əhatə dairəsi çox genişdir. Bu yazını hazırlayarkən dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı düşdü. Həmin Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Prezident İlham Əliyev qeyd edir ki, bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam edir. Qeyd etdiyim kimi, Azərbaycan vətəndaşları bu gözəl təşəbbüsə çox fəal şəkildə qoşulmuşlar. Qarşıya vəzifə qoyulmuşdu ki, qısa müddət ərzində Bakıda və Abşeron yarımadasında ən azı 3 milyon ağac əkilsin, bütün suvarma işləri təmin edilsin və bu istiqamətdə vacib addımlar atılır. Biz artıq nəticələri görürük. Bakının müxtəlif yerlərində artıq bu çox gözəl mənzərə göz qabağındadır. Əvvəlki illərdə antisanitariya mənbəyi olan aeroport yarmarkası köçürüldü və o boşalan ərazidə böyük meşə zolaqları yaradılır. Yəni, bu istiqamətdə işlər görülür və biz bu gün bu barədə eşidəcəyik... Bir sözlə, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox işlər görülməlidir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin bu işlərin görülməsi üçün ciddi və güclü iradəsi vardır. Konkret fəaliyyət proqramı tərtib edilibdir. Bu gün biz bir daha bütün bu məsələləri təhlil edib, əlavə tədbirlərin görülməsi haqqında qərarlar verəcəyik ki, 2010-cu ildə və ondan sonrakı illərdə bu istiqamətdə ən ciddi addımlar atılsın. Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra görəcəyik ki, Azərbaycan vətəndaşlarının sağlamlığı daha da möhkəmlənib. Çünki insan sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin lazımi səviyyədə olmamasıdır. Hava, su, ətraf mühit - bütün bu amillər insanın sağlamlığına ən böyük təsir edən amillərdir. Əgər biz bu istiqamətdə işlərimizi ən qabaqcıl Avropa ölkələrinin standartlarına uyğunlaşdırsaq, görəcəyik ki, müəyyən müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki qabiliyyəti, həm ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılmışdır. Bu istiqamətdə görülmüş işlər sayəsində xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və Azərbaycan hərtərəfli inkişafını bundan sonra daha da uğurla irəliyə aparacaqdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Müstəqil Azərbaycan ölkəsi hər sahədə olduğu kimi, yaşıl sərvətin geniş miqyaslı mühafizəsi üzrə də yeni yüksəliş yoluna qədəm qoymuşdur. Bu Ulu Öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin müdrik siyasətinin bəhrəsidir. Azərbaycan bu sahədə də hamıya nümunə olmalı, onun bütün sərvəti xalqa xidmət etməlidir. Azərbaycanı yaşıllıqlar diyarına çevirmək, Bakı və Abşeronda, eləcə də respublikamızın bütün bölgələrində ekoloji tarazlığı, ətraf mühitin təhlükəsizliyini təmin etmək və insanların təmiz havaya olan ehtiyacını ödəmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, ətraf mühitin mühafizəsinə xüsusi önəm verən Azərbaycan Prezidenti İlham Əliyev ən yeni tariximizdə - 2010-cu ili də ölkəmizdə “Ekologiya ili” elan etmişdir. Azərbaycanın bütün bölgələrində son illərdə həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissələrindən biri də regionların yaşıllaşdırılmasıdır. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu layihənin reallaşmasında Yeni Azərbaycan Partiyası yaxından iştirak edir. Yeni Azərbaycan Partiyası həmişə ölkəmizdə həyata keçirilən quruculuq-yaşıllaşdırma kampaniyalarında yaxından iştirak etməklə yanaşı, bir sıra hallarda belə tədbirlərin təşəbbüskarı olmuşdur. İbrahim ŞÜKÜROV, Yazı YAP Masallı Rayon Təşkilatının “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində – “Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur. Вернуться назад |