Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
- Bu gün, 16:04
- Maraqlı
- 0
- 6

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib: Biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk. Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir.
Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.
Beynəlxalq hüquq iflic vəziyyətinə düşüb. Bildiyiniz kimi, Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımızı döyüş meydanında bərpa etməli olduq. Lakin beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, - yeri gəlmişkən, ŞƏT çərçivəsindəki qısa çıxışım zamanı bu barədə də danışmışdım, çünki mövzu BMT və beynəlxalq təşkilatlarla bağlı idi, - ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı.
Sadəcə olaraq, beynəlxalq hüquq iflic vəziyyətinə düşmüşdü, lakin bu, öz-özünə baş verməmişdi. Onu həyata keçirməli olan qurum, – BMT Təhlükəsizlik Şurası, – sadəcə olaraq buna qadir olmadı, daha doğrusu, çox güman ki, bunu etmək istəmirdi. İkili standartlar, bəzi ölkələrə verilən üstünlüklər prinsiplərdən üstün olduqda, münaqişələr də məhz belə yaranır.
Buna görə də münaqişələrin qarşısını almaq və ya onlar artıq baş veribsə, onları sülh yolu ilə həll etmək üçün hansı mexanizm mövcuddur? Yalnız beynəlxalq hüquq. Buna görə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində elə bir mexanizm hazırlamaq lazımdır ki, bu mexanizm qətnamələrin həyata keçirilməsinə gətirib çıxarsın. Əks halda, bu, seçici yanaşmadır.
Böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün bu, maraqlı olduqda, qətnamələri bir gün ərzində həyata keçirirlər. Bu, onlar üçün maraqlı olmadıqda və ya bizim vəziyyətimizdə olduğu kimi, bunu özləri üçün əlverişsiz hesab etdikdə isə həmin qətnamələr 30 il ərzində kağız üzərində qaldı. Sonra biz gəlib bizə məxsus olanı geri aldıq.
Ona görə də bu məsələlər daha qlobal xarakter daşıyır. Lakin bir daha demək istəyirəm ki, biz birgə səylərlə təşkilatımızın potensialını o dərəcədə gücləndirməliyik ki, o, ən yüksək tribunlardan təkcə öz mövqeyini bəyan etməsin, həm də onu müdafiə edə bilsin. Bütün bunlar bizim, ölkələrimizin əlindədir. Buna birgə səylərlə nail olacağıq.





























