Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
Masallı rayonunun Həsənli kəndində kənddaxili yol infrastrukturunun yaxşılaşdırılması və ərazinin abadlaşdırılması istiqamətində işlər davam etdirilir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə yerində tanış olub.
Baxış zamanı Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə nümayəndələri, xeyriyyəçilər və kənd sakinləri iştirak ediblər.
Qeyd olunub ki, Xırmandalı bələdiyyəsinin və xeyriyyəçilərin maliyyə dəstəyi ilə Həsənli kəndində şəhid Azər Musayevin adını daşıyan küçəyə 675 metr uzunluğunda asfalt örtüyü çəkilib. Bundan əlavə, Həsənli kənd məscidinin qarşısında 150 kvadratmetr sahədə asfaltlaşdırma işləri aparılıb. Görülən işlərin ümumi dəyəri 41 800 manat təşkil edir.
Rayon rəhbəri görülən işlərlə tanış olaraq, aparılan abadlıq işlərinin keyfiyyətlə həyata keçirilməsinin, eləcə də piyadaların rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Araz Əhmədov yaşayış məntəqələrində abadlıq-quruculuq və infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.
Kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də Həsənli kəndində həyata keçirilən abadlıq və yol infrastrukturu işlərinə görə minnətdarlıqlarını ifadə ediblər.

































