Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexində
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Boradigah qəsəbəsində fəaliyyət göstərən misgərlik sexində olub.
Rayon rəhbəri sexdə hazırlanmış müxtəlif mis əşya və qablarla tanış olub, misgər Taleh Ağayevin əl işlərinə baxış keçirib. Burada qədim sənətkarlıq ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Araz Əhmədov misgərlik sənətinin Azərbaycan xalqının qədim sənətkarlıq ənənələrindən biri olduğunu diqqətə çatdıraraq, bu sənət növünün yaşadılmasının, onun incəliklərinin gənc nəslə öyrədilməsinin və gələcək nəsillərə ötürülməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Rayon rəhbəri misgər Taleh Ağayevə qədim sənəti yaşatdığı, milli sənətkarlıq ənənələrini qoruyub saxladığı və öz əl işləri ilə bu sahənin inkişafına töhfə verdiyi üçün təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, misgərlik Azərbaycanın qədim sənətkarlıq sahələrindən biri olmaqla, xalqımızın zəngin milli-mədəni irsinin mühüm nümunələrindəndir. Misgərlik nümunələri özünəməxsus sənətkarlıq xüsusiyyətləri, hazırlanma texnikası və estetik görünüşü ilə xalq yaradıcılığında xüsusi yer tutur. Bu sənətin qorunaraq yaşadılması milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

































